Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:53

Qatardan qaçan dustaq işi: 'Fədayə dedi ki, qəfəs açılacaq'


F.Laçın
F.Laçın

2017-ci il oktyabrın 22-dən 23-nə keçən gecə qatardan qaçan dustaqlar pəncərəni açmaq üçün xüsusi açardan istifadə etmişdilər. Həmin açar da müğənni Fədayə Məmmədovanın (Laçın) bacısı Telli Ağayeva vasitəsilə əldə olunub. Ona görə T.Ağayeva avqustun 29-da dustaqların qaçmasına görə həbs olunan 13 nəfərin məhkəməsində dindirilib.

Qatar bələdçisi olan, məlum hadisədən sonra isə işdən çıxarıldığını deyən T.Ağayevanın sözlərinə görə, sözügedən açar nömrəli deyil, açıq satışda da olur. Qaz, su idarəsində çalışanlar da ondan istifadə edir. Qatar bələdçiləri isə ondan bir vaqondan digərinə keçəndə qapıları açmaq məqsədilə istifadə edir: «Mən onu Ukraynadan almışdım. Bacım məndən açarı istədi. Soruşdum ki, nəyə lazımdır? Dedi ki, tanışının həyətində qəfəs var, onu açmaq üçün. Həmin gün mən işdə idim, Tbilisiyə gedirdim deyə, iş yoldaşımdan xahiş elədim, gəlib ondan götürsünlər. Fədayə özü xəstə olub, başqa bir tanışı gəlib götürüb».

Qatardan qaçan, sonradan tutulması üçün keçirilən əməliyyat zamanı öldürülən «Qoca» ləqəbli Etibar Məmmədovun həyat yoldaşı Mahizər Almazova da məhkəmədə dindirilib. O, həyat yoldaşının qaçmasına yardımda suçlanaraq həbs olunan şəxslərdən Aqil Nəcəfov, Tərlan Zeynalov vasitəsilə ona pul, paltar göndərməsindən danışıb. Bildirib ki, E.Məmmədov ağır xəstə idi: «Ağciyəri xəstə idi, qan qusurdu. Ona həbsxanada pul lazım olurdu. Dərmanın biri azı 50 manat idi. Mənə aldığı qızılları satdım, hissə-hissə ona pul göndərirdim ki, bir müddət dolana bilsin. «Qoca»nın heç kimi yox idi...».

M.Almazova həyat yoldaşının müğənni Fədayə Laçınla münasibətləri haqda sualı da cavablandırıb. Bildirib ki, Fədayə «Qoca»nın ad günündə evlərində təşkil olunan məclisdə müğənni kimi iştirak edib: «Onu həmin məclisdən tanımışam. Fədayə xanımla dalaşmamışam, amma ondan ürəyimdə incimişəm».

Məhkəmə sentyabrın 3-də davam edəcək.

Xatırlatma

Bu cinayət işi üzrə 13 nəfər həbs olunub. Onların arasında Penitensiar Xidmətin Konvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri, müğənni F.Laçın da var.

B.Abdullayevə CM-in 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə), digər təqsirləndirilənlərə isə 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib.

İş üzrə daha bir nəfər axtarışdadır.

Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Əli AğamiEtibar Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar.

29 yaşlı Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanılıb. E.Məmmədovsa 10 gün sonra əməliyyat nəticəsində ölüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG