Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:14

İraqda Qətər hakim ailəsinin üzvləri oğurlanıb


Xəbərlərdə deyilir ki, silahlılar, hakim ailənin üzvləri də daxil Qətərdən gələn azı 26 quş ovçusunu onların Samava əyalətindəki düşərgəsindən oğurlayıblar.

Mediada yayılan xəbərlərə görə İraqın cənubundakı səhra ərazidə Qətər monarx ailəsinin ov edən üzvləri silahlılar tərəfindən oğurlanıb.

Xəbərlərdə deyilir ki, silahlılar, hakim ailənin üzvləri də daxil Qətərdən gələn azı 26 quş ovçusunu onların Samava əyalətindəki düşərgəsindən oğurlayıblar.

Əyalətin qubernatoru Faleh al-Zayadi bildirib ki, 100-dək basqınçı, üzərində pulemyot quraşdırılmış 50-dək ciplə səhər saatlarında hücum edib.

Hadisə İraqın cənubundakı səhra ərazidə Səudiyyə sərhədi yaxınlığında baş verib.

Girovçular kimdir?

Bu hadisə üçün məsuliyyəti üzərinə heç bir qrup götürməyib, lakin qubernator deyib ki, onların “siyasi və media məqsədləri” ola bilər.

Xəbər verilir ki, ovçuları müşayiət edən iki İraq təhlükəsizlik zabiti də əvvəlcə girov götürülsə də, sonradan azad edilib.

Qətərin Xarici İşlər Nazirliyi İraqdan girovların azad olunması istiqamətində cəld hərəkət etməsini xahiş edib.

Ovçular İraq ərazisinə İraq Daxili İşlər Nazirliyinin icazəsi ilə gəlmişdilər.

Zəngin sünni ərəb ölkələrindən alıcı quşlarla ov edənlər tez-tez başqa ölkələrə, o cümlədən Pakistan, Əfqanıstan, İraq və Azərbaycana səfərlər edirlər.

Azərbaycan da şeyxlər üçün ovlaqdır

Yerli media elə bu ayın əvvəllərində Qətərin energetika və sənaye naziri Məhəmməd bin Saleh əs-Sada-nın Azərbaycana ova gəldiyindən yazmışdı. Monarx ailələrindən olan ərəblərin Azərbaycana əsasən bəzgək ovuna gəldikləri məlumdur.

Qərb mediasının yazdığına görə, ərəb şeyxlərin bəzgək həvəsi o qədər güclüdür ki, bu ilin ortalarında Pakistan Ali Məhkəməsi bu quşun ovuna tam qadağan qoyub.

Britaniya mətbuatı yazır ki, xarici ölkələrdə onlara ov üçün yerli ovçulardan daha geniş və sərbəst kvota verilir.

Media təhlillərində deyilir ki, zəngin sünnilərin dəbdəbəli ov səfərləri yerli şiə icmalarını qıcıqlandırır.

Qətər Suriya münaqişəsində prezident Bashar al-Assad-ın devrilməsinə çalışdığına görə, İraqın şiə cənubunda xüsusilə mənfi emosiyalar yaradır.

Bundan üç ay əvvəl Bağdadda 18 Türkiyə vətəndaşı girov götürülmüş, lakin sonradan azad edilmişdi.

Türkiyə də Qətər kimi anti-Assad qüvvələrinə dəstək verir.

O vaxt türklər Kərbəlaya gedən yolda azad edilmişdilər.

İraq təhlükəsizlik qüvvələri oğurlanmış türkləri axtararkən qüdrətli Ketaeb Hizbullah təşkilatının silahlıları ilə toqquşmalı olmuşdu.

XS
SM
MD
LG