Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:59

Qarpız niyə 50 qəpiyə satılır – fermerlər danışır


Yayın isti və quraq keçməyinə, ən mühümü isə, su qıtlığına görə bostanların çoxu erkən yanıb.
Yayın isti və quraq keçməyinə, ən mühümü isə, su qıtlığına görə bostanların çoxu erkən yanıb.

Bulaqlı Sabirabadın bostançılıq ənənəsi olan kəndlərindən biridir. Burada çox az ailə tapılar ki, şəxsi təsərrüfatında qarpız, yemiş yetişdirməsin. Bəziləri bu məqsədlə hətta qonşu kəndlərin torpağından da istifadə edirlər.

Amma ötən il zərər etmələri bəzi bostançıların gözünü qorxudub. Ona görə bu il kənddə həm bostanların sayı, həm də oxşar təyinatlı əkin sahələrinin həcmi azalıb. Yayın isti və quraq keçməyinə, ən mühümü isə, su qıtlığına görə bostanların çoxu erkən yanıb. Sahələrdə solmuş tağlar, xarab olmuş tonlarla məhsul gözə dəyir. Tək-tək bostançılar isə əkinlərini xilas etməkdən ötrü hələ də mücadilə aparırlar.

Dostların şərikli bostanı

Bulaqlı sakini Gülağa Nəbiyev dostlarından biri ilə şərikli bostan əkdiyini deyir. Hələ məhsul yığımı başa çatmasa da, indidən ili uğursuz hesab edir: «Altı ildir ki, bostançılıqla məşğulam. İndiyədək belə uğursuzluq olmamışdı. Aylardır ki, nə gecəmiz var, nə də gündüzümüz. Hektar yarım yerdən cəmi 4 ton məhsul götürmüşük. Bu, heç işlətdiyimiz fəhlələrin pulunu ödəmir».

Gənc bostançı saqqal buraxdığından hüznlü görkəm alıb. Əkinə başlayandan bəri 12 kilo çəki itirdiyini söyləyir. Bu il isti keçən yayı yanan tağları, gün döydüyündən partlayan qarpızları kimi canında hiss etdiyini deyir: «Elə ki, məhsul yetişmə dövrünə gəlib çatdı, bizə su vermədilər. Bu il su azdır, onu da, əsasən, pambıq əkinlərinə yönəldirlər. Çox sonradan üç ədəd motor aldıq. Gecikmə olubsa da, tağlar tam yanmayıb, üstündə meyvəsi olanlar var. Bilmirəm axırı necə olacaq...».

Qarpız körpə uşaq kimi bəslənilir...

Demə, bostanın, Məşədi İbad demiş, bir anbar xərci varmış. Əvvəl uyğun torpaq sahəsi tapılmalıdır. Yemiş, qarpız münbit, yaxud qumsal torpaqlarda və şirin su mənbələrinə yaxın yerdə yetişdirilir. G.Nəbiyev deyir ki, hazırda Sabirabadda belə torpaqların illik icarə haqqı 500-1000 manat arasında dəyişir.

Yerin əkinə hazırlanması işlərinin çoxu texnika ilə görülür. Torpaq iki dəfə şumlanır, ləklərarası arx və yol çəkilir, becərmə vaxtı isə iki dəfə də kultivasiya işi görülür.

Qarpız bir neçə üsulla yetişdirilə bilər. Bulaqlı sakininin dediyinə görə, son vaxtlar Muğanda daha çox «sərmə-duqa» üsulundan istifadə edilir:

G.Nəbiyev
G.Nəbiyev

«Tum fevralda istixana şəraitində dibçəklərdə cücərdilir. Cücərti bir qarış boy atandan və üç-dörd yarpaq açandan sonra torpağa əkilir və üstünə polietilen örtük çəkilir. 1 hektar yerə təqribən 100 manatlıq tum, 200 manatlıq polietilen və bir o qədər sim (məftil) işlənir. Güclü külək polietilen örtüyü cırarsa və şitilləri zədələyərsə, onları yeniləmək lazım gəlir».

Müsahibimiz deyir ki, bostançılara tez-tez işçi qüvvəsi gərəkir. Axı, becərmə dövründə kolların dibi tez-tez yumşaldılmalıdır. Bitki meyvə verəndə, daş-kəsək arasında qalıb sıxılmasın deyə, onları yerin düz olan səthi üzərinə çıxarırlar.

«Gündən qorumaq üçün üstünü ot-əncərlə basdırırıq. Beləcə, qarpız körpə uşaq kimi bəslənilir. Dərilənə qədər neçə əldən çıxır. Məhsul yetişən vaxtlarda isə ona gecə də keşik çəkirik», – deyən bostançı onu da vurğulayır ki, məhsuldarlıq təkcə əl əməyindən deyil, suvarma, gübrələmə, zərərvericilərlə mübarizə tədbirlərinin də vaxtında aparılmağından asılıdır. Onun sözlərinə görə, 1 hektar sahədə bütün bu işlərə ümumilikdə 3 min manat xərc çıxır. Şəxsi vəsaiti ilə bostan əkənlər bir az rahatdır. Amma Gülağa deyir ki, onlar hətta tumu da nisyə alıblar: «İndi nə qədər dükana, adama borcluyuq. Hər şey nisyə edilib, axı. Zəng zəngin dalınca gəlir. Tağlar tam yanmayıb, üstündə bar var deyə, hələ «gözləyin» deyə bilirik. Bir azdan çökəcəklər boğazımıza. Altı ay bel çiyindən, kətmən əldən düşməsin, əl qabar olsun, gecə-gündüz bostana qarovul çək, qarpızı sağsağandan, kirpidən, porsuqdan, çaqqaldan qoru, axırda da susuzluqdan yandır. Belə də zülm olar?!».

«Gedər bostan urası, qalar üzün qarası...»

«Bu elə bir əkindir ki, satıb əlinə pul almayınca, məhsul sənin deyil. Əkinə başlayandan yığıma qədər min bir zülm çəkirsən. Fikirdən, dərddən adamın gözünə yuxu getmir. Bostanı yananlardan intihar edən də olub. Çünki məhsul batandan sonra borclara görə cavab vermək lazımdır».

Bunu isə Bulaqlının başqa sakini Mətləb Əliyev deyir. O bildirir ki, ötən il bostanının yanması əlində olanları da aparıb: «Keçən il 5 hektarlıq bostanım yandı. Borcları bağlamaq üçün 11 ton buğda, 4 ton arpa, 3 hektar sahədən biçdiyim yoncanı, hətta qapıdakı quzuları satdım, yenə ödəmədi. Su verməyib çox adamı belə yandırdılar».

M.Əliyev
M.Əliyev

«Belə getsə, qarpız əkən olmayacaq»

Mətləb kişi deyir ki, zərər edənlərin çoxu bu il bostan əkməyib: «Əvvəla, camaatın gözü qorxdu. İkincisi, borclu olduğuna görə kimsə onlara nisyə mal vermədi. Qiymətin bahalığının əsas səbəbi az məhsul yetişdirilməyidir. Elə illər olub ki, bol olduğundan məhsula müştəri tapa bilmirdik, qarpızı bostandan 3-5 qəpiyə satmağa məcbur olurduq. İndi Sabirabadın hətta özündə belə başqa yerlərin qarpızı satılır. İnanmıram ki, təkrar zərər edənlər növbəti dəfə bostan əksin. Belə getsə, ümumiyyətlə, qarpız əkən olmayacaq».

Təcrübəli əkinçi bu ilə ümid bəsləyirmiş. Dediyinə görə, bu ümidi onda hökumətin kənd təsərrüfatına diqqət ayırmağı yaradıbmış. İki hektar yarım sahədə bostan əkməklə yanaşı, on hektar sahədə də pambıq əkib. Fikirləşib ki, pambıq əkməklə rəsmilərin yanında hörmətli, sözükeçərli olar. Amma bunun da faydası olmayıb: «Yenə də su verməyib bizi yandırdılar. İstilər düşəndə gördüm tağlar solub gedir, nasosla şor kollektordan su çəkib vurdum əkinə. Bu yolla birtəhər xərclərimi çıxara biləcək qədər məhsul götürə bildim. Amma aylardan bəri çəkdiyim zəhmət batdı. Baxın, sahədə bəlkə 30 ton xarab məhsul var. Bu, indiki qiymətlə 10 min manat edir».

M.Əliyev hesab edir ki, hökumət kənd təsərrüfatında həqiqi inkişafa nail olmaq üçün əkinlərin su ilə təminat məsələsini həll etməlidir: «Suyu bizdən azdırıblar, ayrı-ayrı imkanlı şəxslərin təsərrüfatlarına axıdırlar. Qalan su da gəlib əkinimizə çatmır, onun da çoxu itkiyə gedir. Çünki bizdə hələ də sosializm dövründən qalma infrastrukturdur. Arxlar qazılmır, təmizlənmir, istismar müddəti ötmüş şlüzlər yenisi ilə əvəzlənmir. Şor kollektorları lil, qamış basıb, qrunt suları kənara çıxarılmır deyə, torpaqlarımızın münbitliyi itir. Belə yerdə, nə əksən də, xeyri yoxdur».

Bostançı bildirir ki, qarpızla bağlı sabirabadlılar yalnız keçmiş uğurları ilə öyünə bilərlər: «Vaxtilə bu torpaqda 45 kiloqramlıq qarpız yetişib. Onu kənd təsərrüfatı sərgilərində nümayiş etdiriblər. Bu gün isə Sabirabadda 2-3, 5 kiloqramlıq qarpızlar yetişdirilir».

«Sahədə bəlkə 30 ton xarab məhsul var. Bu, indiki qiymətlə 10 min manat edir»
«Sahədə bəlkə 30 ton xarab məhsul var. Bu, indiki qiymətlə 10 min manat edir»

Əkin azalıb, qiymət artıb

Dövlət Statistika Komitəsinin məlumatından görünür ki, 2011-ci ildən başlayaraq ölkədə qarpız əkini azalmaqdadır. Əgər 2011-ci ildə 23 min 146 hektar sahədə qarpız əkilibsə, 2016-cı ildə bu göstərici 18 min 665 hektar olub. Eyni dövrdə azalma Sabirabadda özünü daha qabarıq göstərib: qarpız əkini 2011-ci ildə 4 min 825 hektar, 2016-cı ildə isə 3 min 254 hektar sahədə aparılıb (32 %-dən də çox azalma).

Amma Sabirabad Rayon Statistika İdarəsindən bildirilir ki, 2017-18-ci illərdə rayon üzrə bostan məhsullarının əkinində, qismən də olsa, artım var.

Qalağayın Sudan İstifadəçilər Birliyinin sədri Məhərrəm Babayev xidmət etdikləri ərazidə əkin aparmış bostançıların suvarma suyu ilə təminatının pis təşkil olunmağı barədə dedikləri ilə razılaşmır: «İstismar olunan kanallar vaxtlı-vaxtında təmizlənir, su də həmişə olub. O adamlar aqrotexniki qaydalara düzgün əməl etmədiklərindən bostanlarını yandırıblar, indi suyu bəhanə edirlər».

Kənd Təsərrüfatı Nazirliyindən qarpızın qiymətinin ötən ilin uyğun dövrü ilə müqayisədə iki dəfədən çox bahalandığını təsdiqlədilər. Amma bunu doğuran səbəblərə aydınlıq gətirilmədi.

Qeyd edək ki, hazırda qarpızın qiyməti Azərbaycanın kənd rayonlarında 40-50, Bakı və digər iri şəhərlərdə isə 50-70 qəpik arasında dəyişir.

«Qarpıza tələbat idxal hesabına ödənilə bilər»

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov hesab edir ki, yaxın gələcəkdə ölkənin qarpıza tələbatı idxal hesabına ödəniləcək. Ekspert son zamanlaradək Azərbaycanda ildə təqribən 400 min ton qarpız yetişdirildiyini, ancaq məhsulun ilbəil azaldığını vurğulayır. Elə hazırda qarpızın qiymətinin kəskin yüksəlməyi istehsalın xeyli azalmağından xəbər verir: «Bunun başlıca səbəbi ölkədə pambıq əkininin genişlənməyi ilə bağlıdır. Pambığın suya tələbatı yüksəkdir. Aran bölgəsində əkilməyi burada vəziyyəti daha da mürəkkəbləşdirib. Onsuz da, bu bölgənin su çatışmazlığı problemi var idi. İndi digər məhsul istehsalçıları əkinlərini suvarmaqda əziyyət çəkirlər. Pambıq əkini zamanı kimyəvi preparatlardan, pestisidlərdən aşırı dozada istifadə kənd təsərrüfatı torpaqlarının deqradasiyasına səbəb ola bilər. Bir neçə il sonra həmin torpaqlarda nəinki pambıq, ümumiyyətlə, heç nə əkmək mümkün olmayacaq. Belə olduqda, hazırda bostan bitkiləri yetişdirilən torpaqlara da əl qoyulacaq. Bu da qarpızın get-gedə az əkilməyinə gətirib çıxaracaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG