Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:38

İmişli sakinin işini və sağlamlığını itirməsinin tarixçəsi...


Qardaşəli Bəşirov-Azərbaycan İmişli rayon sakini
Qardaşəli Bəşirov-Azərbaycan İmişli rayon sakini

33 yaşlı, 4 uşaq atası İmişli şəhər sakini Qardaşəli Tahir oğlu Bəşirov həm iş yerini, həm də sağlamlığını itirib.

O deyir ki, 2017-ci ilin avqustun 31-də Dövlət Enerji Nəzarət İdarəsinin İmişli regional bölməsində baş verən hadisə ailəsinin faciəsinə səbəb olub.
Onda elektrik vurmaya məruz qaldığını bildirən bu şəxs “günvurma” ilə xəstəxanaya aparıldığını deyir. Təqdim etdiyi tibbi sənədlərdən məlum olur ki, o, əvvəlcə “arterial hipotoniya”, “astenonevrotik vəziyyət, hipertermiya, təkrarlanan qıcolma tutmaları”, ardınca isə “isterik tipli şəxsiyyət pozuntusu” diaqnozları ilə müalicələrə cəlb edilib. Deməsinə görə, hazırda sağ ətrafı iflic olub, damarlarında tutulma var, vaxtaşırı bədənində müxtəlif şişlər əmələ gəlir. O, həmçinin, əsəblərinin pozulduğunu, kəskin baş ağrılarından əziyyət çəkdiyini söyləyir. İmişli sakini sağlamlığının iş yerində pozulduğunun təsdiqləndiyini, lakin hələ də bunun səbəbinə aydınlıq gətirilmədiyini bildirir.

İşıq idarəsində toyuq-cücə saxlanılıb?

Qardaşəli Bəşirov Dövlət Enerji Nəzarət İdarəsinin İmişli regional bölməsinə 2015-ci ildə işə götürüldüyünü deyir:

“Evim idarənin yaxınlığında yerləşdiyindən burada işləməyim sərfəli idi. Günaşırı gecə növbəsində gözətçilik edirdim. İdarənin həyəti geniş, çoxsaylı yardımçı tikililəri olduğundan müdir burada toyuq-cücə də saxlatdırırdı. Əlavə gördüyüm işlərə görə, mənə qeyri-rəsmi qaydada haqq verirdi. Həmin hadisə də iş saatımda olmayıb. İcra başçısının obyektə gələcəyi gözlənilirdi. Müdir tapşırmışdı ki, həyətdəki gül kollarının ətrafındakı alaq otlarını təmizləyim...”

“Məni Psixiatrik Xəstəxanaya göndəriblər.”

Q. Bəşirovun deməsinə görə, təmizlik işi görərkən qəfil bədəni lərzəyə gəlib:

“Yaşıllıq sahəsi təzəcə suvarılmışdı. Demə yerüstü quraşdırılan gecə işıqlandırma lampalarına çəkilən elektrik kabelləri də üzdə imiş. Həm də görünür yaxşı izolyasiya olunmayıbmış. Birdən qəfil barmaqlarımın ucundan ta başımadək giziltili bir dalğa yayıldı. Yerimdən sıçrayaraq kənara atıldım, başımı tutub güclə özümü inzibati binaya saldım.”

Q. Bəşirov bir neçə dəqiqədən sonra huşunu itirdiyini deyir. Onun sözlərinə görə, sonra baş verənləri yaxınlarından eşidib, şahidlərin izahatlarından oxuyub. O, iddia edir ki, idarə rəhbəri məsuliyyətdən yaxa qurtarmaqdan ötrü hadisənin əsil səbəbini gizlədib:

“İdarəyə təcili yardım çağırılıb. Hətta belə vəziyyətdə də məni xəstəxanaya aparmayıblar. Feldşer təzyiqimi ölçüb, onun aşağı düşdüyünü görərərək iynə vurub gedib. Yarım saat sonra vəziyyətim lap pisləşəndə, təcili yardımı təkrar olaraq yenə idarəyə gətirdiblər. Xəstəxanaya “günvurma” diaqnozu ilə qəbul edilmişəm. Bədənimə axan elektrik cərəyanının yaratdığı psixoloji fəsadları görəndə iz azdırmaq üçün məni Psixiatrik Xəstəxanaya göndəriblər.”

“Müdir açıqca bildirdi ki,...”

Q. Bəşirov bildirir ki, ağrıları şiddət verdiyi günlərdə idarə rəisi onunla maraqlanmayıb, müalicəsinə heç bir köməklik etməyib. Deməsinə görə, bu etinasızlığa görə özünə qəsd edib:

“Müdir mənə açıqca bildirdi ki, sənə görə maşınımı satıb güclə özümü qurtarmışam. Onun bu sözündən sonra müalicəm üçün alınmış dərmanların hamısını birdəfəyə uddum. Bu dəfə məni xəstəxanaya “kimyəvi zəhərlənmə” diaqnozu ilə qəbul etdilər. Polisə müraciət də bundan sonra olub. İdarədən ölümcül vəziyyətdə təcili yardımla xəstəxanaya aparılarkən bunu etməmişdilər. Anam şikayət edərək elektrik cərəyanı vurma məsələsini də qaldırdı.”

İdarə rəisi izahatında nə yazıb?

Dövlət Enerji Nəzarəti İdarəsi ləğv edildiyindən (https://president.az/articles/26514) qurumun İmişli regional bölməsinin rəhbəri olmuş Vüqar Mustafayevlə əlaqə saxlaya bilmədik. Buna görə də onun İmişli rayon Prokurorluğuna verdiyi izahatına (bu izahat müstəntiqin qəbul etdiyi qərarda əks olunub) istinad edəcəyik.

İmişli rayon Prokurorluğunun müstəntiqi cinayət işi açılmasına əsas görməyib və qərarının sürətini də rəsmi qaydada şikayətçiyə təqdim edib.

Orada qeyd edildiyinə görə, V. Mustafayev izahatında hadisənin sözügedən idarədə baş verməyini təsdiqləyib. O, təcili yardımın həqiqətən idarəyə dəvət edildiyini və Q. Bəşirova ilkin tibbi yardım göstərildiyini deyib. İdarə rəisi habelə qeyd edib ki, xəstənin vəziyyəti daha da ağırlaşandan sonra təkrar olaraq təcili yardım çağırılıb və bundan sonra o, xəstəxanaya çatdırılıb.

İdarə rəisi iş saatı olmayan vaxtda Q. Bəşirovun öz istəyilə idarəyə gəldiyini bildirib. O, həmçinin yazıb ki, idarənin inzibati binasının dəhlizində Qardaşəli Bəşirovun halının pisləşməyini müşahidə kamerasının videoqeydlərini xidməti otağında monitordan izləyərkən görüb. Rəis onun həyətdə iş görməyinin şahidi olmadığını bildirib.

V. Mustafayev vurğulayıb ki, gündüz həyətdəki naqil şəbəkəyə qoşulmur və bu səbəbdən də həmin vaxt Qardaşəli Bəşirovu elektrik cərəyanı vura bilməzdi.

Məhkəmə eksperti: “Konkret fikir söyləmək mümkün deyil”

Müstəntiqin qərarında qeyd olunur ki, izahatı alınan həm təcili yardım feldşeri, həm də həkimlər Q. Bəşirovun bədəninin gözlə görünən hissələrində elektrik cərəyanı vurmaya xarakterik nişanələri görmədiklərini deyiblər. İmişli Rayon Mərkəzi Xəstəxanasının psixiatrı isə Q. Bəşirovun 1 saylı Psixiatriya Xəstəxanasına göndərişi xəstəni nəinki müayinə etmədən, hətta üzünü belə görmədən verdiyini, göndəriş vərəqinə onu elektrik cərəyanı vurmağı barədə qeydi də anasının verdiyi məlumat əsasında yazdığını bildirib.

“Uzun müddət keçdiyindən və həm müayinə zamanı, həm də tibbi sənədlərdə elektrik vurmaya xas əlamətlər aşkar edilməməsi səbəbindən xəstəliyin elektrik vurma nəticəsində baş verməsi barədə konkret fikir söyləmək mümkün deyil”- məhkəmə-tibbi eksperti isə belə rəy verib.

Prokurorluq: “...Elektrik cərəyanı vurması faktı təsdiqini tapmamışdır”

Ailə üzvləri demələrinə görə, Q. Bəşirovda qəfil narahatlıq yaranması ilə bağlı idarənin müşahidə kameralarında qeydə alınan epizodu əldə edərək, CD diskinə yazdırıb və araşdırma məqsədi ilə prokurorluğa təqdim ediblər. Qərarda yazılıb ki, ona baxış keçirilib, lakin “videogörüntüdə Q. Bəşirovu elektrik cərəyanı vurub-vurmamasını dəqiq müəyyən etmək mümkün olmamışdır”.

Qardaşəli Bəşirovun ailəsi
Qardaşəli Bəşirovun ailəsi

Bütün bunları əldə əsas tutan müstəntiq “Q. Bəşirovun iş yerində işləyərkən onu elektrik cərəyanı vurması faktı təsdiqini tapmamışdır” qənaətinə gəlib və cinayət işi başlanılmasının rədd olunması barədə qərar çıxarıb.

“Məni nə vurub?”

Q. Bəşirov bu qərardan narazıdır. O, İmişli rayon Prokurorluğunun həqiqətin üstünü ört-basdır etdiyini iddia edir:

“Bu qərarda mənim qəfil halımın pisləşməyinin səbəbi, həmin gündən düçar olduğum xəstəliyin nədən yaranmağı barədə sualın cavabı yoxdur. Toplanılan bütün saxta sübutlar “elektrik cərəyanı vurma” faktının təkzibi üzərində qurulub. İdarənin müşahidə kamerasının videoqeydindən aydın şəkildə görünür ki, iş görərkən məni nəsə vurur. Sağlamlığımın məhz o andan pozulduğu inkar olunmur. Məni elektrik cərəyanı deyilsə, onda nə vurub? İstənilən səbəbdən bu hadisə iş yerimdə, xidməti fəaliyyətimlə bağlı olub. Rəis cücə saxlamağımı öz istəyimlə gördüyümü deyir. Gecə yatmayıb gözətçilik edən adam gündüz gəlib bu qara işləri öz istəyi ilə, həm də müftə görərmi?..”

Adı işdə saxlanılıb, amma maaş verilməyib

Q. Bəşirov həmçinin bildirir ki, hadisədən sonra adı formal olaraq işdə saxlanılsa da, ona bu müddətdə əmək haqqı hesablanmayıb:

“Hadisə 31 avqust 2017-ci ildə baş verib. Bundan sonra müalicələrdə olmuşam və işə gedə bilməmişəm. Amma məni 23 yanvar 2018-ci ildə işdən çıxarıblar. 5 aylıq əmək haqqım verilməyib, mənimlə son hesablaşma aparılmayıb. İşdən azad edilməyimin səbəbi olaraq müəssisənin ləğvi göstərilib.

Bəşirovun işdən çıxarılması səbəbi
Bəşirovun işdən çıxarılması səbəbi

Belə halda mənə bir neçə aylıq kompensasiya ödənilməliydi ki, bunu da etməyiblər. İndi mənə nə iş yerimi, nə də əmək qabiliyyətimi itirməyə görə pul verilir. Müalicəm yolunda həyat yoldaşımın zinət əşyaları da daxil bütün qiymətli nəyimiz vardısa, satılıb, xeyli borcumz yaranıb. Artıq evimizi də satışa çıxarmışıq.”

Q. Bəşirovun istintaqdan narazi qalmasi ilə bağlı dediklərinə İmişli rayon Prokurorlugundan münasibət almaq mümkün olmayıb.

Qardaşəli Bəşirovun evi
Qardaşəli Bəşirovun evi

İş yerində bədbəxt hadisə baş verəndə...

“Hüquq və inkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov bildirir ki, iş yerində baş verən istənilən bədbəxt hadisə ciddi araşdırılmalı və onun nəticələri ilə bağlı operativ qərarlar qəbul edilməlidir:

“İlkin olaraq bədbəxt hadisə dərhal aktlaşdırılmalıdır. Hadisənin necə, hansı şəraitdə baş verməyi araşdırılmalı, müəssisədə əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına əməl etmə vəziyyəti yoxlanılmalıdır. İşçinin əmək müqaviləsində nəzərdə tutulmayan vaxtda işdə olması, onun vəzifə funksiyalarına daxil olmayan işlərlə məşğul olması, sağıamlığının pozulması və s. məsələlərə görə işəgötürınin təqsiri müəyyənləşdirilməlidir.”

Hüquq müdafiəçisi həmçinin bildirir ki, əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə dəyən zərərə görə işəgötürənin maddi məsuliyyəti də var:

“İşəgötürən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə onun itirdiyi qazanca uyğun məbləğdə ödənc verməlidir. Həmin şəxsə təyin edilən əlilliyə görə pensiya, müavinət və başqa ödənişlər bu ödəncin dayandırılmasına və ya onun məbləğinin azaldılmasına səbəb olmur. İşdə sağlamlığı pozulmuş şəxsin sonrakı vaxtlarda müalicəyə, əlavə qidalanmaya, protezləşdirməyə, başqasının qulluğundan istifadəyə, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, hətta başqa peşəyə hazırlanmasına çəkdiyi xərclərin də əvəzi ödənilməlidir.”

H. Həsənov Q. Bəşirovun hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanlarının tükənmədiyini deyir:

“Zərərçəkən şəxs məhkəmədə iddia qaldıra bilər. Eyni zamanda, əmək hüquqları ilə bağlı Dövlət Əmək Müfəttişliyinə üz tuta bilər.Habelə, iş yerində baş verən hadisənin, həmçinin özünü öldürmə həddinə çatdırma ilə bağlı iddiasının obyektiv araşdırılmamasından yuxarı prokurora şikayiət edə bilər.”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG