«Qardaşım başına gətirilənlərə dözməyib, infarkt keçirib. Onu müəssisədən öncə özəl klinikaya aparıblar. Bir müddət müalicə alandan sonra Kardiologiya İnstitutunda stasionar qaydada müalicəsini davam etdirib. Ancaq iyulun 17-də 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin əməkdaşları qardaşımı Kardiologiya İnstitutundan müəssisəyə gətirib, «kars»a salıblar. Xəstə adamı heç bir şəraiti olmayan otaqda saxlamaqla ona işgəncə verirlər...», - Zeynəb Məmmədova həbsdə olan qardaşı Qalib Məmmədbəyli haqqında danışır.
Q.Məmmədbəyli vaxtilə «Azərbaycan» Nəşriyyatında direktorun müavini, ardınca «Mur-Ay» tikinti şirkətində çalışıb. Bu şirkət Yeni Yasamalda inşa etdiyi binalarda eyni mənzilləri müxtəlif vətəndaşlara satıb. O üzdən həmin şirkətdə çalışan xeyli adam həbs olunub. Aralarında Q.Məmmədbəyli, şirkətin direktoru Elxan Həsənov və başqaları var. Onlara 15 ilədək həbs cəzası kəsilib.
«Yemək verməyiblər, yuyunmağa şərait yaratmayıblar»
Q.Məmmədbəyliyə 9 il 3 ay cəza verilibmiş. Bacısı deyir ki, bunun 8 il 5 ayını çəkib. Ötən ilin dekabrında məhkəmə qərar verib ki, cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Onu 14 saylı müəssisəyə köçürüblər.
Bacısının sözlərinə görə, bu həbsxanada normal şərait olmadığından, məhkumlar orada saxlanılmır. O, qardaşına münasibətin fərqli olduğunu, hər fürsətdə onu cəzalandırmağa çalışıldığını iddia edir. Z.Məmmədova vurğulayır ki, belə münasibət özəlliklə bu ilin mayından başlanıb: «Müəssisənin rəhbərliyi may ayından qardaşıma qarşı qanunsuz hərəkətlərə yol verir, başqa məhbuslarla müqayisədə onu ayrıseçkiliyə məruz qoyur. O həbsxanada 100-dən çox məhbus cəza çəkir. Ancaq qalmağa normal şərait yoxdur, məhbuslara yemək verilmir. Bununla belə, qardaşımı orada saxlayıb, ona yemək verməyiblər, yuyunmağa şərait yaratmayıblar. Qardaşım bütün bunlara dözməyəndə, səhhəti pisləşəndə, onu təcili xəstəxanaya çatdırıblar. Həkimlər infarkt diaqnozu qoyublar. Hazırda da şəraitsizliyə görə o müəssisədə başqa məhkumlar saxlanılmır, amma onlardan fərqli olaraq, qardaşımı buraxmırlar».
Bacısı qardaşının ötən il həbsxanada ağır əməliyyat keçirdiyini və ürəyinə stend qoyulduğunu da sözlərinə əlavə edir.
Z.Məmmədova iddia edir ki, qardaşına bu münasibət Penitensiar Xidmətin rəhbərliyindən qaynaqlanır. O, bugünlərdə ədliyyə naziri Fikrət Məmmədova məktubunda da yazıb ki: «14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin əməkdaşları qardaşıma qarşı qanunsuz hərəkətləri Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun göstərişiylə edildiyini bildirirlər. Bizə deyirlər ki, Qalibin başına gələn oyunların kökündə onun rəhbər vəzifəli məmurlarla qohum olması dayanır. Dolayısı ilə bizdən tələb edirlər ki, həmin vəzifəli şəxslər zəng edib, Qalibin xahişini eləsinlər. Başa düşə bilmirik, qanunlar qardaşımın durumunun yüngülləşməsinə imkan verdiyi halda, niyə kimsə onun xahişini etməlidir?».
Q.Məmmədbəyli Prezidentin ərazi-təşkilati məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyevin və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qohumudur.
Penitensiar Xidmət nə deyir?
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, məhkumun kimliyinin, kimin qohumu olmasının onlar üçün önəmi yoxdur: «Bütün məhkumlarla heç bir ayrıseçkilik qoyulmadan, qanun çərçivəsində davranılır. Bu vətəndaşın nədənsə narazılığı varsa, buyurub müraciət etsin. Onun müraciəti araşdırılar».