Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:37

Korgözlülər deyir, abidə tikiblər, dövlət qorumur


Abidə
Abidə

«Vaxtilə şəhidlərimizə ehtiram əlaməti olaraq qəsəbəmizdə kiçik bir abidə tikdik, ancaq indi qoruya bilmirik. Şəhid ailələrində elə bir maddi vəsait yoxdur ki, abidəni vaxtı-vaxtında təmir etdirsin. Yerli bələdiyyə və icra hakimiyyəti isə abidənin yanından sanki gözünü yumub keçir. Hər gün bir az da dağılan abidəyə tərəf baxan yoxdur. Axı bu abidə bizim yaxın, qanlı tariximizdir, onu qorumaq təkcə vətəndaşın, şəhid ailələrinin yox, həm də dövlətin borcudur».

Bunu AzadlıqRadiosuna Qaradağın Korgöz qəsəbəsinin sakini Əli Əliyev deyir.

ABİDƏNİN BAŞQA YERƏ KÖÇÜRÜLMƏSİNİ İSTƏYİRLƏR

Korgözlülər uzun illər yerli bələdiyyəyə və icra hakimiyyətinə qəsəbənin Qarabağ müharibəsində həlak olmuş gənclərinin xatirəsinə abidə tikmək üçün müraciət ediblər. Ancaq hər dəfə «pul yoxdur» cavabı alıblar. Nəhayət, həmin ailələr vəsaitlərini bir yerə qoymalı olublar. Onlar qəsəbənin müharibədə həlak olmuş gənclərinin xatirəsini elə qəsəbənin girişindəcə kiçik bir abidə inşa etməklə əbədiləşdirə biliblər. Ancaq abidənin daşları qopmaq üzrədir, döşəmə daşları isə artıq qopub.

***Buna da bax-Keçmiş döyüşçünün ailəsi icra hakimiyyətindən şikayətçidir

Əli Əliyev:

«3-4 il əvvəl özümüz tökülən daşları yeniləri ilə əvəzlədik, abidədə bəzi təmir işləri apardıq. Ancaq istəyirik ki, bu abidə dövlət səviyyəsində qurulsun, gələcək nəsillər üçün qorunub saxlansın».

«TARİXİ ABİDƏ MƏMURLARA GƏLİR GƏTİRMİR»

Abidənin yaxınlığından qaz kəməri keçir. Ərazi baxımsız vəziyyətdədir. Sakinlər abidənin qəsəbənin başqa hissəsinə köçürülməsini istəyirlər. Onların deməsinə görə, təxminən 10 il əvvəl abidəyə yer ayrılması üçün müraciət edərkən, onlara məhz bu ərazi təklif olunub. Onlar da məcbur olub abidəni burada – qəsəbəyə gedən qaz kəmərinin beş addımlığında tikiblər.

Qəsəbə sakini Firudin Musayev deyir, yerli hökumət qurumlarından olsa, abidəni bir günün içərisində söküb yerə qoyarlar:

***Buna da bax-Göytəpədəki abidənin ətrafı zibilliyə çevrilib

«Qaradağda rüşvətdən verib restoran, şadlıq evləri, ticarət obyektləri, gözəllik salonları, TOPAZ, çayxana açsınlar, «gözün üstə qaşın var» deyən olmaz. Gəl ki, tariximizi əbədiləşdirən bir abidə üçün bir parça yer istə, az qala, tutub atsınlar səni içəri... Çünki tarixi abidə məmurlara gəlir gətirmir».

«YÜNGÜL TƏMİR İŞLƏRİ APARILMALIDIR»

Qaradağ Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Qarabağ müharibəsində həlak olanların xatirəsinə qoyulmuş abidənin abadlaşdırılması ilə qəsəbə bələdiyyəsi məşğul olmalıdır:

«Əvvəla, həmin tikili qaz kəmərlərinin mühafizə zolağına düşür. Nə vaxtsa o abidənin oradan götürülməsi tələb olunacaq. Vaxtilə sakinlərə bildirildi ki, bir qədər səbir etsinlər, abidənin tikintisi üçün daha uyğun yer ayrılsın, gözləmədilər. Ancaq abad olmasına gəlincə, orda elə də böyük maddi vəsaitə ehtiyac yoxdur. Daş plitələri dəyişdirilməli, yüngül təmir işləri aparılmalıdır».

Qurumdan bildirilib ki, abidədə müəyyən təmir işləri aparılması üçün qəsəbə bələdiyyəsinə müraciət olunacaq.

XS
SM
MD
LG