Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Pashinian-ın Qarabağ çıxışına Azərbaycandan reaksiyalar


Hikmət Hacızadə: Hazırda Nikol Pashinian-a elə gəlir ki, Qarabağı da, Araratı da ( Ağrı dağı ) alacaq, Rusiyanı yerində oturdacaq.

Rasim Musabəyov: “Pashinian boş yerə danışır”

“Danışıqlar prosesində Qarabağ separatçılarının iştirakının vacibliyi ilə bağlı Nikol Pashinian-ın sözlərində yeni heç nə yoxdur, köhnə bayatıdır”.

Milli Məclisin deputatı Rasim Musabəyov Ermənistanın yeni seçilmiş baş naziri Nikol Pashinian-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı açıqlamalarını “Turan“ agentliyinə şərh edərkən belə deyib.

Rasim Musabəyov
Rasim Musabəyov

Rasim Musabəyov bildirib ki, Nikol Pashinian-ın sözlərinin heç bir əhəmiyyəti yoxdur:

"O, boş yerə danışır. Onun xarici siyasətlə məşğul olacaq komandası, adamı yoxdur. Ermənistanda hələ 2-3 ay keçid hökuməti olacaq və Qarabağ nizamlanması üzrə danışıqlarda Ermənistanı təmsil etməyi bacaran məsuliyyətli siyasətçilər olmayacaq. Digər tərəfdən, Ermənistanda xaos davam edəcək, Rusiya ilə ziddiyyətlər dərinləşəcək. Azərbaycan vəziyyətin inkişafına hazır olmalıdır”.

Rasim Musabəyov vurğulayıb ki, indiki şəraitdə rəsmi Bakı separatçıların danışıqlar masasına qayıtmasına heç vaxt razı olmayacaq. Onun fikrincə, Ermənistan Silahlı Qüvvələri işğal edilmiş ərazilərdən çıxandan sonra Bakı Qarabağ separatçıları ilə onların statusuna dair dialoqa gedə bilər.

Hikmət Hacızadə
Hikmət Hacızadə

Politoloq Hikmət Hacızadə də hesab edir ki, Nikol Pashinian Qarabağ nizamlanmasına real yanaşma nümayiş etdirmir:

“İndi o, populist çıxışlar edərək, nə istəyir, danışa bilər. Hazırda ona elə gəlir ki, Qarabağı da alacaq, Araratı da (Ağrı dağı) Türkiyədən alacaq, Rusiyanı yerində oturdacaq. Ancaq tezliklə hansı labirintə düşdüyünü anlayacaq. Hələ qarşıda onu Rusiya ilə münasibətləri aydınlaşdırmaq, oliqarxlarla məsələni həll etmək gözləyir”.

Xatırlatma

Ermənistan müxalifətinin lideri Nikol Pashinian mayın 8-də baş nazir seçilib. Parlamentdə keçirilən səsvermədə 59 deputat onun lehinə, 42 deputat isə əleyhinə səs verib.

Parlamentdəki Yelk fraksiyasını təmsil edən Pashinian-a əsasən, “Yelk” fraksiyası, “Tsarukyan bloku”, “Daşnaksutyun” partiyası və keçmiş hakim “Respublika” partiyasının bir sıra deputatları səs veriblər.

Baş nazir seçilməsindən sonrakı çıxışında o, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionundakı münaqişənin həlli məsələsindən danışıb. Pashinian deyib ki, “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə” prinsipi əsasında sülh danışıqlarına hazırdır.

Onun sözlərinə görə, separatçı regionun müstəqilliyinin “beynəlxalq miqyasda tanınmasına yeni təkan verilməlidir və erməni icmasının bunda böyük rolu var”.

Pashinian onu da vurğulayıb ki, Azərbaycan rəhbərliyi ilə danışıqlar separatçı əraziyə nəzarət edən etnik ermənilərin “iştirakı olmadan səmərəli və hərtərəfli sayıla bilməz”.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG