Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 04:51

Prezident: 2019 Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər


“Biz 2019-cu ilə qədəm qoyuruq və ümid edirik ki, bu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər”

Bunu bu gün, dekabrın 24-də prezident İlham Əliyev Abşeron rayonunda 1000 məcburi köçkün ailəsindən ötrü tikilmiş yeni yaşayış kompleksinin açılış mərasimində deyib.

President.az saytının xəbərinə görə, dövlət başçısı daha sonra əlavə edib ki, amma vəziyyətin inkşafına baxılacaq:

“Amma baxacağıq ki, vəziyyət necə inkişaf edir. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır, bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır...”

Dövlət başçısı daha sonra əlavə edib ki, bu il ikitərəfli təmaslar əsasında bir çox ölkələrin dövlət, hökumət başçıları ilə aparılan danışıqlarda, imzalanmış sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət göstərilib və münaqişənin bu prinsiplər əsasında həll olunması tələb edilib:

“Eyni zamanda, Avropa İttifaqı ilə imzalanmış sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox ciddi bəyanatlar var. Yəni, həm tarixi, həm hüquqi əsaslar bizim mövqeyimizi dəstəkləyir”

İlham Əliyevin deməsinə görə, indi Ermənistan və Azərbaycan iqtisadi və hərbi cəhətdən fərqli kateqoriyalarda olan ölkələrdir:

“Eyni zamanda, bölgədə gedən proseslər, bizim qonşu ölkələrlə münasibətlərimizin möhkəmləndirilməsi regionda vəziyyəti bizim xeyrimizə dəyişdirir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, 2019-cu ildə münaqişə ilə bağlı müəyyən addımlar atılacaq. Hələki, bir şey demək tezdir, ancaq bir şey tam aydındır: biz prinsipial mövqeyimizdən çəkilməyəcəyik, öz ərazi bütövlüyümüzün istənilən yolla bərpası bizim suveren hüququmuzdur. Dağlıq Qarabağ və onun ətrafında yerləşən digər işğal edilmiş torpaqlar bizim əzəli, tarixi torpaqlarımızdır və bu, bu gün belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində o vaxt Azərbaycanda hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Biz bütün imkanlardan istifadə edirik ki, bu məsələ öz həllini tapsın”

Xatırlatma

Ancaq 1992-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə olan siyasi qüvvələrin (AXC-Müsavat.Həmin vaxt prezident Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy idi) təmsilçiləri onlarla bağlı belə tənqidi fikiri qəbul etmirlər.

Onlar deyirlər ki, Azərbaycanın 5 rayonu ( Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan) hazırkı prezident İlham Əliyevin atası Heydər Əliyevin hakimiyyətdə olduğu vaxt işğal edilib.

Üstəlik, onlar vurğulayırlar ki, Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində yalnız Kəlbəcər rayonu işğal edilib, bunun əvəzində isə bir sıra ərazilər işğaldan azad olunub.

Həmin qüvvələrin fikrincə, prezidentliyə varis planı (prezident Heydər Əliyevin ölümündən bir qədər öncə oğlu İlham Əliyevi baş nazir vəzifəsinə təqdim etməsi nəzərdə tutulur) ilə gələn İlham Əliyevin onları hakimiyyəti zəbt eləməkdə ittiham etməsinin heç bir əsası yoxdur.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG