Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə həlak olan bəzi insanların ailə üzvlərinin birdəfəlik müavinət-sığorta pulu ala bilməmələri iddialarına Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") cavab verib.
Şirkətin bu gün, oktyabrın 18-də yayılmış açıqlamasında birdəfəlik müavinət-sığorta pulu tələb edənlərin iddiasının doğru olmadığı ifadə olunur.
Açıqlamada yazılır ki, 1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə ödəniş daha əvvəl edilib. Şirkətin məlumatına görə, həmin dövrdə “Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında” qanununa əsasən, varislərə 50.000 – 200.000 manat məbləğində sığorta ödənişi həyata keçrilib
“Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, ...sığorta ödənişi məbləğləri hərbi qulluqçuların varislərinin adlarına Əmanət Bankında olan hesablarına köçürülüb. Neftcala, Kəlbəcər, Suraxanı, Nərimanov və digər rayon filiallarında şikayətçi vətəndaşlara sığorta ödənişi məbləğlərinin ödənilməsi faktı öz təsdiqini tapıb”.
Açıqlamada birdəfəlik müavinətdən ötrü müraciət edən bəzi vətəndaşların adları da çəkilir. Qeyd edilir ki, həmin vətəndaşlara sığorta ödənişi məbləğlərinin ödənilməsi Dövlət Sığorta Şirkətində sübuta yetirilib.
Qurum birdəfəlik müavinətlərlə bağlı şikayətlərin olduğunu, onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət etdiyini qeyd edir.
“Nazirlik ... öz növbəsində araşdırma aparıb və şikayətçi vətəndaşların sığorta ödənişi almaları barədə Respublika Baş Notarial kontorunun arxivində həmin şəhid ailələrinin varislərinə verilmiş vərəsəlik şəhadətnamələrini aşkar edib”, şirkət daha əvvəl müavinət almış, ancaq yenidən müraciət etmiş vətəndaşların adlarını da açıqlayıb.
Ekspertlər nə deyir?
Ancaq bəzi ekspertlər birdəfəlik müavinət alanların sırasının müəyyən edilməsi, müavinətlərin ödənilməsinə məsul olan qurumların mövqeyini bölüşmür. Onlar vurğulayırlar ki, Dövlət Sığorta Kommersiya Şirkətinin əvvəllər verdiyi dediyi pul - manatın indiki kursu ilə çox kiçik məbləğ edir. Prezidentin bu il verdiyi fərmanda isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan insanların ailələrinə 11 min manat verilməsi nəzərdə tutulur. Həmin ekspertlər deyirlər ki, ən pis halda verilən məbləğın çıxılması şərti ilə yerdə qalan pul ödənilə bilər.
Xatırlatma
Azərbaycan prezidenti 2018-ci il aprelin 19-da 1997-ci il avqustun 2-nə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmə həyata keçirilməsi barədə fərman imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.
Oktyabrın 16-da Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan insanların ailə üzvlərindən bir qrupu Bakıda Şəhidlər Xiyabanına toplaşıblar. Onlar həlak olan yaxınlarına görə birdəfəlik müavinət-sığorta pulu ala bilmədiklərindən şikayətləniblər.
Şikayətçilər bildiriblər ki, Dövlət Sığorta Kommersiya Şirkəti və bir sıra dövlət qurumlarının təqdim etdiyi siyahılar əsasında 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilir.
Amma onlar, demələrinə görə, həlak olan yaxınlarının soyadını, adını və atasının adını daxil edəndə sığorta ödənişinin həyata keçirildiyi barədə informasiya ilə qarşılaşırlar. Bəzilərinin qeyd etməsinə görə, isə eyni cavabı sığorta şirkətinin yerli filiallarında alıblar.
Şikayətçiləri Milli Məclisin bir neçə deputatı da qəbul etmişdi.
Oktyabrın 16-da məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də açıqlama vermişdi. Həmin açıqlamada isə bildirilirdi ki, şikayətçilərin bəzilərinə sığorta pulu verilib. Bəzi şikayətlərlə bağlı isə araşdırmalar davam edir.