Keçid linkləri

2026, 06 Sentyabr, bazar, Bakı vaxtı 23:35

XİN: 2020-ci il müharibəsindən sonra 436 nəfər mina qurbanı olub

Qarabağ minalardan nə dərəcədə keyfiyyətli təmizlənir
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Qarabağ minalardan nə dərəcədə keyfiyyətli təmizlənir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) son günlər ölkədə iki mina partlayışının baş verdiyini və nəticədə üç mülki şəxsin yaralandığını bildirib.

Avqustun 13-də XİN-in X sosial şəbəkəsindəki paylaşımında qeyd olunub ki, 2020-ci il müharibəsindən sonra Azərbaycanda 436 nəfər mina qurbanı olub.

"Ardıcıl iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb", - paylaşımda deyilir.

Nazirlik bildirib ki, mina partlayışları münaqişənin "ölümcül irsinin" insan həyatını təhlükə altında qoymağa, yenidənqurma işlərinə mane olmağa və məcburi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törətməyə davam etdiyini göstərir.

Avqustun 12-də Xocavənd rayonunda, avqustun 13-də isə Kəlbəcər rayonunda mina partlayışları baş verib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində baş verən partlayış səbəbi ilə avqustun 14-də saat 03:30 radələrində 1953-cü il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

"Sağ topuq nahiyəsinin amputasiyası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib", - məlumatda qeyd edilir.

Onun mal-qara otararkən minaya düşdüyü bildirilir.

Avqustun 12-də isə Xocavənd rayonunda bulduzerin minaya düşməsi nəticəsində iki nəfərin xəsarət aldığı açıqlanmışdı. Hələlik baş verənlərə xəsarət alan şəxslər və ya onların yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, 10 noyabr 2020-ci il tarixli atəşkəs bəyanatından sonra ölkənin 70-dən çox vətəndaşı minaya düşərək həlak olub, 360-dan çox şəxs isə müxtəlif xəsarətlər alıb. Onların bir qisminin hərbi qulluqçu olduğu bildirilir.

Rəsmi qurumlar bundan əvvəlki illərdə vurğulayırdılar ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritələrini verməkdən imtina edir. Sonradan Azərbaycanda saxlanılan erməni hərbçilərinin bir hissəsinin geri təhvil verilməsi əvəzində bir sıra rayonların mina xəritələrinin alındığı bildirilib. Bununla belə, Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğulayıblar. Buna cavab olaraq Ermənistanın baş naziri də bəyan edib ki, əllərində olan bütün xəritələr Azərbaycana verilib.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi ( Xocavənd daxil)və ətrafdakı yeddi rayonu (o cümlədən Kəlbəcər) işğal edilib.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Elə bundan sonra Qarabağdan erməni əhali köç edib.

Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanmış mətndə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.

XS
SM
MD
LG