Son günlər Laçın dəhlizi ətrafında vəziyyət gərginləşib. Ermənistan media orqanları dekabrın 3-də Azərbaycan tərəfinin Laçın dəhlizini bağlamasından, bu məsələyə Rusiya sülhməramlılarının qarışmasından yazıblar. Həmin məlumatlarda yolun az sonra açıldığı da vurğulanıb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə "faydalı qazıntıların qanunsuz istismarı" ilə bağlı monitorinq aparılması üçün Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə komissiya göndərildiyini açıqlamışdı.
Azərbaycanla Ermənistan arasında ötən ilin dekabrından Brüsseldə Avropa İttifaqı vasitəsilə sülh danışıqları aparılır. ABŞ-da bu prosesi dəstəkləyir. Amma Rusiya da istər bir müddət əvvəl üç ölkə liderlərinin Soçi görüşü, istərsə də birbaşa təmaslarla əlavə olaraq Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda öz xətti ilə iştirak edir.
"Əldə edilmiş razılaşmaların dondurulması"
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a deyib ki, bugünlərdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı xoşagəlməz tendensiya yaşanmaqdadır: "30 il ərzində deyirdilər ki, bu münaqişə dondurulmuş vəziyyətdə qalsın və buna da nail olmuşdular. İndi isə, nə qədər qəribə səslənsə də, yenə oxşar proses getməkdədir. İndi də Azərbaycan-Ermənistan münasibətlərin normallaşması ilə bağlı əldə edilmiş razılaşmaların dondurulması prosesi gedir".
Deputatın fikrincə, burada ən azı beş oyunçunun adını çəkmək olar ki, bu tənzimlənmə prosesində iştirakçı və ya favorit olmaq istəyindədirlər: "Eyni zamanda, Ermənistan tərəfi ilin sonuna qədər sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirdi, amma həm də elə bir bəyanatla çıxış etdi ki, bu, nəticə etibarilə bütün o deyilənlərin üstündən xətt çəkdi. Dekabrın 7-də Brüsseldə Azərbaycan və Ermənistan dövlət liderlərinin görüşü olmalı idi, amma Paşinyan israrla tələb etdi ki, orada Emmanuel Makron iştirak etməlidir. O Makron ki, gecə-gündüz özü və hökuməti Azərbaycana qarşı fəaliyyət göstərir, separatizmi dəstəkləyir. Məqsəd elə o idi ki, bu danışıqlar olmasın".
"Rusiya sülhməramlı qüvvələrinin götürdüyü missiyanı…"
Komitə üzvünün sözlərinə görə, bu reallıqlar fonunda həm də məlum olub ki, İrandan 14 nəfər Laçın dəhlizindən Azərbaycan ərazisinə keçməklə Xankəndiyə qədər səfər ediblər: "Bu da Azərbaycanın daxili işlərinə qarışmaqdır və sərhədlərin pozulmasıdır. Laçın dəhlizində biz Rusiya sülhməramlı qüvvələrinin öz üzərinə götürdüyü missiyanı yerinə yetirmədiyinə şahidlik edirik. Faktiki onların gözü qarşısında, bir çox hallarda isə onların birbaşa və ya dolayısı iştirakı ilə Laçın dəhlizindən qeyri-qanuni istifadə halları baş verməkdədir".
"Aşağı-yuxarı hər iki tərəf plana uyğun hərəkət edir"
Siyasi şərhçi Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Rusiyanın 44 günlük müharibəsindən sonra Azərbaycan tərəfinə hər hansı təzyiqini görmür: "Hesab edirəm ki, 44 günlük müharibədən əvvəl Vladimir Putin ilə İlham Əliyevin arasında nə danışılmışdısa, aşağı-yuxarı hər iki tərəf plana uyğun hərəkət edir".
Ekspertin fikrincə, Laçın dəhlizi ətrafında olan son gərginlik yenə də Rusiya tərəfindən Əliyevin vasitəsilə Paşinyan hakimiyyətinə təzyiqdir: "İstər İlham Əliyevin (Ermənistanın Sünik bölgəsindən keçməli olan) Zəngəzur dəhlizi, istər statusla bağlı çıxışları, indi isə Laçın dəhlizinin, guya, bağlanması, - halbuki belə bir şey yoxdur, - bütün bunlar eyni məqsədə xidmət edir".
"Lazım olacaq xəritələr Rusiyadadır"
A.Qasımlınin sözlərinə görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrov son açıqlamalarının birində deyib ki, onlar mütləq nizamlanma prosesində iştirak etməlidir, delimitasiya və demarkasiyası prosesi üçün lazım olacaq xəritələr Rusiyadadır: "Bunu deməklə o, açıq şəkildə ifadə etdi ki, Rusiya istəməsə, bu bölgədə sülh olmayacaq və Qarabağda Rusiyanın hərbi kontingenti o vaxta qədər qalmalıdır ki, orada yaşayan ermənilərə hansısa bir statusun verilməsi təmin olunacaq. Onu da deyib ki, bu məsələni gələcək nəsillər həll etməlidir. Sözündən belə çıxır ki, gələcək nəsillərə qədər Rusiya burada qalmalıdır. Rusiyanın planı budur".
Bu fikirlərə, hələlik, Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma bu ölkənin rəsmiləri, bir qayda olaraq, bildirirlər ki, onlar bölgədə sülhün bərqərar olmasında maraqlıdırlar.
Ermənistan rəsmiləri isə Azərbaycan hakimiyyətini Laçın dəhlizini bağlamaq istəməkdə günahlandırır. Baş nazir N.Paşinyan qeyd edib ki, Azərbaycan hakimiyyəti Ermənistanı öhdəliklərini yerinə yetirməməkdə günahlandırmaqla "Laçın dəhlizini bağlamaq, Artsax (Qarabağ) ermənilərini mühasirəyə almaq, onların soyqırımını gerçəkləşdirmək üçün saxta zəmin hazırlayır".
Buna cavab olaraq Azərbaycan da Ermənistanı soyqırımında ittiham edib.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.