2026, 27 Noyabr, cümə, Bakı vaxtı 12:24

Qarabağ qaçqınları Ermənistanda yeni pasportlarına etiraz edirlər

Qarabağdan olan etnik ermənilərin 45 minindən çoxu Ermənistan vətəndaşlığı alıb.
Qarabağdan olan etnik ermənilərin 45 minindən çoxu Ermənistan vətəndaşlığı alıb.

Azərbaycanın Qarabağ bölgəsindən olan qaçqınlar Ermənistan hökumətinin onlara verdiyi yeni pasportlarda doğum yeri kimi Azərbaycanın göstərilməsinə etiraz edirlər.

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, dünən – noyabrın 26-da onlarla şəxs Yerevanda hökumətin əsas binası qarşısında etiraz aksiyası keçirib. Onlar hökumətdən pasportlarında yalnız doğulduqları Qarabağın şəhər və kəndlərinin adlarının yazılmasını tələb ediblər. Digər bir təklif isə 1992-ci ildən əvvəl doğulmuş Qarabağ ermənilərinin biometrik pasportlarında "Sovet İttifaqı" göstərilməsidir.

Ermənistanda bu ayın əvvəlindən ölkə vətəndaşlarına biometrik pasportların verilməsinə başlanıb.

Baş nazir Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərlə söhbətində deyib ki, Qarabağda doğulmuş şəxslərin rəsmən Azərbaycanda doğulmuş kimi göstərilməməsi Ermənistanla Azərbaycan arasında yeni müharibəyə yol aça bilər: "Qarabağlı soydaşlarımızın yaşayış yerini göstərərkən (Azərbaycanla) paraflanmış sülh sazişinin müddəalarından çıxış etməliyik ki, Yerablur (Yerevandakı hərbi qəbiristanlıq) genişlənməsin".

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan etirazçılarla bağlı istehza ilə "Qoy onların xristian və çox yaxşı insanlar olduqları da yazılsın" deyib.

Ermənistanın Daxili İşlər Nazirliyi pasportlarda Azərbaycanın adının göstərilməsinin beynəlxalq standartlara uyğun olduğunu bildirib. Daxili işlər naziri Arpine Sarkisyan bu həftə onu da vurğulayıb ki, bu addım Qarabağ ermənilərini xarici səfərləri zamanı problemlərlə üzləşməkdən qoruyacaq.

Qarabağdakı keçmiş separatçı rejimin sabiq baş naziri və ombudsmanı Artak Beqlaryan isə bu iddiaları rədd edib. Onun sözlərinə görə, beynəlxalq standartlar, əksinə, Qarabağdan olan qaçqınların hazırda irəli sürdükləri tələblərə imkan verir. O, qərardan Ermənistan və Avropa məhkəmələrinə şikayət edəcəyini bildirib.

Xatırlatma

Ötən əsrin 80-ci illərinin sonunda gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalara gətirib çıxarıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ilin sentyabrındakı birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini tam bərpa edib. Ruben Vardanyan və separatçı rejimin digər rəhbərləri elə həmin vaxt saxlanılıblar. Paralel olaraq Qarabağdakı erməni əhali də Ermənistana köçüb.

Ötən ilin avqustunda Vaşinqtonda, ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə 30 ildən artıq davam edən münaqişəyə son qoyan sülh sazişi paraflanıb. Həmin sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü rəsmən tanıyır və qarşılıqlı hüquqi iddiaları geri götürməyi öhdələrinə götürürlər.

Qarabağın etnik erməniləri onilliklər boyu Ermənistan pasportları daşıyıblar. Kütləvi köçdən sonra onlardan Ermənistan vətəndaşlığı almaq üçün müraciət etmələri tələb olunub. Ötən aya olan məlumata görə, onların 45 mindən çoxu artıq Ermənistan vətəndaşlığı alıb.

​
XS
SM
MD
LG