Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Qarabağın erməni liderləri ‘güzəşt söhbəti’ barədə mübahisə edirlər


Ermənistanın keçmiş prezidenti Serj Sarkisian Dağlıq Qarabağa 2016-cı ilin yayında səfər etmişdi
Ermənistanın keçmiş prezidenti Serj Sarkisian Dağlıq Qarabağa 2016-cı ilin yayında səfər etmişdi

Son günlər əslən Dağlıq Qarabağdan olan erməni siyasətçilər arasında mübahisələr səngimək bilmir.

AzadlıqRadiosu Erməni xidmətinin fevralın 7-də verdiyi xəbərə görə Dağlıq Qarabağdakı separatçı rejim “Qarabağın keçmiş müdafiə naziri” Samvel Babayanın bəyanatına reaksiya verib.

Azatutyun radiosuna müsahibəsində Babayan bildirmişdi ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisian 2017-ci ildə “bütün Qarabağ elitasını zala yığmış və onlara ərazi güzəştlərindən danışmışdı”.

Babayanın sözlərinə görə o vaxt “elita” ərazi güzəştləri ilə bağlı Sarkisianın dediklərinə etiraz etməmişdi.

Samvel Babayan
Samvel Babayan

Qarabağ ermənilərinin başqa bir rəsmi nümayəndəsi – Ashot Gulyan özünün Facebook səhifəsində yazır ki, o “nizamlanma kontekstində nə vaxtsa Qarabağ hakimiyyəti ilə məcburetmə dilində danışıldığını xatırlamır”.

Beləliklə, Gulyan faktiki olaraq Babayanın dediklərini tam təkzib etməyib.

Separatçı rejimin keçmiş spikeri Gulyan habelə “bu cür təhrif olunmuş faktların ictimai dövriyyəyə buraxılmasının səbəbini başa düşmədiyini” deyib.

Babayanın bəyanatı ilə bağlı Qarabağ ermənilərinin başqa bir keçmiş rəsmisi, Araik Arutyunian da reaksiya verib.

O bildirib ki, sözü gedən görüş 2017-ci ildə yox, 2016-cı ildə baş verib.

Azatutyun yazır ki, “Qarabağ prezidentinin mətbuat katibi” David Babayan bir neçə belə görüşlərdə iştirak etdiyini, lakin orada güzəşt məsələsinin müzakirə olunmadığını bildirib.

David Babayanın sözlərinə görə söhbəti gedən görüşdə “münaqişəyə ümumi baxış, Azərbaycan tərəfinin hansı təklifləri olduğuna dair məsələlərdən” danışılıb.

David Babayan
David Babayan

Mətbuat katibi Serj Sarkisianın “güzəştlər” məsələsini qoyub-qoymadığı barədə suala da birbaşa təkziblə cavab verməyib:

“Mən “güzəştlər” barədə heç nə eşitməmişəm, çünki “güzəştlər” anlayışının özü düzgün deyil. Burada qarşılıqlı, bərabər addımlar olmalıdır. Əgər biz sərhədlərdən danışırıqsa, tərəflər sərhədlər barədə danışmalı və öz baxışlarını təqdim etməlidirlər”.

Fevralın 8-də Dağlıq Qarabağdan olan başqa bir siyasətçi – Vahan Badasyan bəyan edib ki, keçmiş müdafiə naziri Samvel Babayanın dedikləri tamamilə həqiqətdir.

O AzadlıqRadiosunun Erməni xidmətinə müsahibəsində Serj Sarkisianın Dağlıq Qarabağda keçirdiyi iclasın dəqiq tarixini də xatırlayıb: 16 iyul 2016-cı il.

Badasyan deyib ki, həmin gün Serj Sarkisian Xankəndində 20-dək məmur və onunla yaxın münasibətləri olan hərəkat fəallarını yığıb və onlarla ərazi güzəştləri məsələsini müzakirə edib.

Badasyanın sözlərinə görə Sarkisian cəmiyyəti bu güzəştlərə hazırlamağa səy göstərirdi.

Badasyan bunu da xatırladır ki, elə həmin görüşün ertəsi günü iyulun 17-də Yerevanda polis bölməsinə silahlı basqın və girov götürülməsi hadisəsi baş verib.

Vahan Badasyan
Vahan Badasyan

Badasyan deyib: “Görüşüblər və ərazi güzəştlərini müzakirə ediblər. Bəli orada çox rüsvayçı rəylər səslənib, bundan xəbərim var, indi adlar çəkmək istəmirəm, amma söhbət ərazi güzəştlərindən gedirdi”.

AzadlıqRadiosunun “Sarkisian konkret güzəştlərdənmi danışırdı” sualına Badasyan cavab verib ki, “mənim məlumatıma görə söhbət konkret güzəştlərdən gedirdi” cavabını verib:

“Söhbət Madrid prinsiplərinin reallaşdırılmasından gedirdi. Bu belə olub, ya yox, indi söhbət bundan getmir. Məsələ burasındadır ki, Madrid prinsipləri imzalanıb və onlar bunun həyata keçirilməsi üçün hər şeyi edirdilər. Amma Artsax (Dağlıq Qarabağ – red.) hakimiyyəti sükutla razılaşırdı, heç kim etiraz etmirdi. İndi mötərizələri açıb adları deyə bilərəm, amma artıq gecdir. Bu bizim xalqımız üçün rüsvayçılıq idi, məğlubiyyət idi. Orada (Madrid prinsiplərində - red) göstərilməyib ki, Azərbaycan tərəfi güzəştə gedir. Orda birmənalı şəkildə yazılıb bu, erməni tərəfindən birtərəfli güzəşt olmalıdır”.

Daha sonra AzadlıqRadiosunun müxbiri belə bir sual verib: “Siz həqiqətən də inanırsınızmı ki, Qarabağ hərəkatının əsasını qoyanlardan biri kimi Serj Sarkisian güzəştlərə getməyə hazır idi? O bunu nəyin naminə etməliydi?”.

Badasyan deyib ki, “sənədi o imzalamışdı və o da cəmiyyəti buna hazırlamaq istəyirdi”.

“Bəs qarabağlılar belə güzəştləri qəbul edərdilərmi” sualına cavabda Badasyan deyib: “Birmənalı şəkildə yox. Ona görə də onlar bunu nüfuzlu adamlar vasitəsilə etmək istəyirdilər”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG