Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:17

'Yanan tankdan çıxıb başqa oda düşdüm'


Tank. Foto illüstrasiya
Tank. Foto illüstrasiya

«Sənədlərim əlimdə, illərdir ki, qapı-qapı gəzirəm, nə sənədlərimə, nə də üzümə baxan var».

Bəxtiyar Ağayev 1993-cü ildə Qarabağ döyüşlərində yaralanıb. Uzun illərdir ki, müharibə əlili kimi qeydiyyata alınmır, bu səbəbdən də müavinət ala bilmir.

Deyir, getdiyi dövlət qurumlarında özü kimi onlarla keçmiş döyüşçü görür. İllərdir ki, hökumət bu adamların müavinətini verməməkdən ötrü min bir bəhanə gətirir.

«ƏLƏ SALIRLAR»

Bəxtiyar Ağayev döyüşlərdən birində erməni hərbçiləri tərəfindən vurulmuş tankdan canını zar-zor qurtara bilib. Yanıq xəsarətləri və kəllə-beyin travması (kontuziya zədəsi) alıb. 23 ildir «kontuziya»dan əziyyət çəkir. Dəfələrlə Prezident Administrasiyasında olub. Heydər Əliyev Fondunun xətti ilə müalicəyə göndərilib. Ancaq bu müalicələrin nəticəsi olmayıb:

«O vaxt cavan idim, bəlkə də bu günümü düşünmədən özümü oda atıb şikəst eləmişəm. Yaşa dolduqca vaxtilə aldığım zədələr özünü daha qabarıq büruzə verir. Hara yazıramsa, cavab gəlir ki, «məktubunuz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) göndərilib». Halbuki, mən elə həmin Komissiya tərəfindən incidilməyimdən şikayətlənirəm».

Bəxtiyar Ağayev Qarabağ veteranı kimi müavinət alır, ancaq əlilliyini təsdiqlədə bilmir: «23 ildir ki, iş qabiliyyətimi itirmişəm. Müharibə veteranı kimi aldığım cüzi pensiya ilə dolanıram. İllərdir, başağrısından qovruluram. Məni qapıdan qaytaran məmur tank görməyib, od-alov görməyib. 23 ildir gedirəm əlilliyimi təsdiqlətdirməyə, deyirlər, «get, müalicə al, gəl». Halbuki, özləri də yaxşı bilir ki, dəfələrlə aldığım müalicələr nəticəsiz qalıb. Bir sözlə, ələ salırlar».

«NAZİRLİYƏ MÜRACİƏT ETSİN»

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən «Qaynar xətt»ə bildirilib ki, ilkin əlilliyin təyin edilməsi qaydaları dəyişib. Bəxtiyar Ağayev əlavə bilgi üçün nazirliyə müraciət edə bilər.

Nazirliyin rəsmi saytında göstərilir ki, yeni, avtomatlaşdırılmış idarəetmə modeli tətbiq olunanadək ilkin əlillik təyinatlarını zona TSEK-ləri deyil, nazirlikdə yaradılmış, tibbi-sosial ekspertiza mütəxəssislərindən ibarət səyyar komissiyalar verir. Komissiyalar müəyyən olunmuş vaxtlarda və müddətlərdə zona TSEK-lərdə olaraq, ilkin əlillik dərəcəsi almaq üçün müraciət etmiş vətəndaşların müayinəsini aparırlar. Səyyar komissiyalar müayinələrin nəticələrinə uyğun olaraq, əlillik dərəcəsinin təyin olunub-olunmaması barədə yerindəcə qərar qəbul edir, vətəndaşa müayinənin nəticəsi barədə dərhal rəsmi bilgi təqdim olunur.

XS
SM
MD
LG