Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:30

Pul istəmirlər, ancaq 'səhiyyə xidməti də göstərmirlər'


Cəmşid Rzaquliyev
Cəmşid Rzaquliyev

«Pul vermirəm deyə, təcili yardım çağıranda gəlmir. Xəstəxanalarda da üzümə baxan yoxdur. Necə pul verim bunlara? Qarabağ döyüşçüsü olmuşam, bədənimdə 32 qəlpə gəzdirirəm, 47 manat pensiya alıram...».

Cəmşid Rzaquliyev Qarabağ döyüşçüsüdür. Deyir, uzun müddətdir ki, səhhətində yaranan ciddi problemlərə görə müalicə ala bilmir. Son iki ildə vəziyyəti daha da ağırlaşıb.

«CANIMDAN BEZDİRİBLƏR»

Xəstəliklərini sadaladıqca tükənmir:

«Sinir sistemim tamamilə pozulub, beyin qabığında quruma gedir, bronxial-astmadan əziyyət çəkirəm, mədə, qaraciyər, prostat vəzi, bağırsaqda genişlənmə... Sidiyə, nəcisə çıxa bilmirəm, hansı xəstəxanaya müraciət edirəmsə, bir-az çığır-bağır salandan sonra 5-10 gün sistem qoyub yola salırlar. Mənə kompleks müalicə lazımdır. Bu günədək dövlətdən heç nə istəməmişəm, indi isə tələb edirəm – məni müalicə etsin. Mənə bir həkim ayırsın, götürüm xəstəlik kağızlarımla, reseptlərlə dolu qovluğu, gedim yanına, ya məni diriltsin, ya da öldürsün, canım qurtarsın. İki ildir əziyyət çəkirəm, ağrılara dözə bilmirəm, o qədər çığır-bağır salmışam ki, artıq məndən pul da istəmirlər, sadəcə, üzümə baxmırlar, səhiyyə xidməti göstərmirlər. Vəziyyətim gündən günə ağırlaşır. Boynuma bir plakat asıb gedib Səhiyyə Nazirliyinin qabağında yorğan-döşək atıb, ölüm aclığına başlayacam. Məni buna məcbur etməsinlər. Canımdan bezdiriblər».

«MÜRACİƏT ETSİN, ARAŞDIRAQ»

C.Rzaquliyev deyir, Qarabağ döyüşçüsü kimi yaralandığını təsdiqləyən sənədləri olsa da, indiyədək ona əlillik dərəcəsi təyin edilməyib. 47 manat məbləğində müavinəti isə xəstəliyə görə alır. Səhhətindəki problemlər onun əmək fəaliyyəti ilə məşğul olmasına da əngəl yaradıb.

Deyir, bəxti bircə onda gətirib ki, ailəsi, külfəti yoxdur, yoxsa onun da dərdi üstünə gəlsəydi, çoxdan qubar bağlamışdı.

Səhiyyə Nazirliyindən «Qaynar xətt»ə bildirilib ki, vətəndaş hansısa səhiyyə ocağında neqativ halla rastlaşıbsa, müalicəsində problem yaranıbsa, qurumun «qaynar xətt»inə müraciət edə bilər:

«Birbaşa nazirliyə də rəsmi müraciət etsin, qurumun imkanları daxilində araşdırılıb tədbir görüləcək. Ancaq bu başdan görünür ki, vətəndaşın dediklərində çoxlu şişirtmələr var. Hər halda, müraciət etsin, araşdıraq».

C.Rzaquliyev müalicə olunarsa, işsizlik problemini də həll edəcəyinə inanır.

«Əsas can sağlığıdır», – deyir.

XS
SM
MD
LG