Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:25

Qarabağda müharibə olacaqmı?


Qarabağda erməni əsgərlər
Qarabağda erməni əsgərlər

Beynəlxalq Böhran Qrupunun (ICG) Dağlıq Qarabağ münaqişəsi zonasındakı durumla bağlı son hesabatı həm region dövlətlərində, həm də təhlilçilər arasında böyük maraqla qarşılanıb.

Erməni politoloq Mikael Zolyan «Exo Kavkaza» saytına deyir ki, belə hesabatlar prinsipcə ermənilər və ya azərbaycanlılara ünvanlanmır.

«Onların oxucuları Bakıda, Yerevanda və ya Xankəndində deyil, Brüssel, Moskva, yaxud Vaşinqtondadır. Hesabatda aprel hadisələrinə istinad təbiidir. Çünki nə qədər olmasa, 25 il ərzində belə bir şey baş verməyib», – o deyir.

Politoloqun sözlərinə görə, aprel müharibəsindən sonra durum müəyyən qədər tarazlaşıb.

«HAKİMİYYƏTDƏ SİYASƏTÇİLƏR OTURUB»

Hesabatda tərəflərin müharibəyə indiki qədər yaxın olmadığı deyilir. M.Zolyan bu fikirlə razılaşmır. O hesab edir ki, 2016-cı ilin aprelinədək tərəflər müharibəyə daha yaxın idilər.

«Zerkalo» qəzetinin şərhçisi, hazırda İsveçrədə mühacirətdə olan jurnalist Rauf Mirqədirov hesab edir ki, tərəflər iki halda problemləri öz aralarında həll edirlər: birincisi, Vaşinqtonun, Moskvanın və s. razılığını alanda və ikincisi, region başlı-başına buraxılanda, heç kəs müdaxilə etməyəndə.

«Yerevanda və Bakıda intiharçılar yox, özlərinə görə praqmatik siyasətçilər oturub. Onlar bu qədər vaxt hakimiyyətdə qalıblar... Məncə, Beynəlxalq Böhran Qrupu tərəflərin müharibəyə yaxınlığının səbəblərini göstərə bilmədiyinə və ya göstərmək istəmədiyinə görə daim aprelə istinad edir və aprellə qorxudur», – o deyir.

Rauf Mirqədirov
Rauf Mirqədirov

«Düşünürəm ki, bu gün Rusiya region üzərində nəzarəti tam təmin etmək,... regionu tutmaq və ya onu öz iradəsinə tabe etdirməkdən ötrü addımlar ata bilər. Son zamanlar, 2008-ci ildən bəri görürük ki, bunun ən asan yolu mövcud münaqişələrdən istifadə etmək və dondurulmuş münaqişələri yenidən işə salmaqdır. Xüsusən də, İran, Yaxın Şərq və s. ətrafındakı durumu nəzərə alsaq, bu, çox mühüm amilə çevrilə bilər. Azərbaycan yarımasılı vəziyyətdədir, Gürcüstan düşməndir, Ermənistan təcrid olunub...», – R.Mirqədirov deyir.

RUSİYAYA SƏRFƏLİ VARİANT

Mikael Zolyan hesab edir ki, Rusiyanın özünün belə hansısa prosesləri qızışdırmağa hazır olub-olmaması sual altındadır. Çünki belə təxribatlar vəziyyətin nəzarətdən çıxmasına yol aça bilər. Bu isə Rusiyanın maraqlarına ziddir.

Mikael Zolyan
Mikael Zolyan

«Dağlıq Qarabağda tammiqyaslı münaqişə Rusiyaya narahatlıq yaradacaq. Çünki bu halda Moskva Ermənistanla Azərbaycan arasında seçim etməli olacaq, o isə belə bir seçimi etmək istəmir. Eyni zamanda, düşünmürəm ki, Qarabağ məsələsi Rusiya üçün prioritetdir. Düşünürəm ki, Rusiya bu problemin həllinə ciddi resurslar sərf etməyə hazır deyil. Ona görə də, məncə, geniş götürəndə, mövcud vəziyyətin saxlanılması Rusiyaya sərf edir», – politoloq deyir.

Hesabatda münaqişə qızışarsa, Türkiyənin Bakıyla razılaşmaları çərçivəsində vəziyyətə müdaxilə edəcəyi ehtimalı da irəli sürülür.

Rauf Mirqədirov hesab edir ki, Türkiyə, ən azı, yaxın perspektivdə heç vaxt Rusiyayla birbaşa münaqişəyə cürət etməz. Bu halda Türkiyə Rusiya ilə Azərbaycan arasında seçim etməlidir.

«Azərbaycana görə Rusiyayla qarşıdurmaya dəyərmi? Düşünmürəm ki, Erdoğan Türkiyəsi buna hazırdır. Heç əvvəlki Türkiyə də buna hazır deyildi. Erdoğan-ı nədə istəsəniz ittiham etmək olar, ancaq o, intiharçı deyil... Nə qədər ki, Ermənistan Rusiyanın himayəsi altındadır, onun Türkiyə ilə ciddi problemi olmayacaq. Azərbaycan ərazisində, ən azı, hərbi bazalar yaratmaq imkanları olub. Ancaq buna heç kim mane olmasa da, Türkiyə bu addımı atmayıb», – o deyir.

Bu il aprelin əvvəlində Dağlıq Qarabağda cəbhə xəttində dördgünlük əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Azərbaycan və Ermənistan hakimiyyəti bir-birini münaqişəni qızışdırmaqda ittiham edir. Azərbaycan prezidenti İlham Əliyev 2 min hektar ərazinin işğaldan azad olunduğunu bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG