AzadlıqRadiosu Erməni xidmətinin Azatutyun saytında Tatevik Lazaryan yazır ki, “Dağlıq Qarabağın müdafiə nazirliyi” təxribatların davam edəcəyi təqdirdə Azərbaycana “qeyri-mütənasib və ağrılı” cavab verəcəyini bəyan edib.
Separatçı bölgənin “müdafiə nazirliyi” bildirib ki, Azərbaycan Silahlı Qüvvələri bu yaxınlarda Cenevrədə Ermənistan və Azərbaycan prezidentlərinin görüşündə ATƏT-in Mİnsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə əldə olunmuş razılaşmanı pozub.
Dağlıq Qarabağ liderlərinin yaydığı məlumatda deyilir ki, “şimal istiqamətində Qarabağ və Azərbaycan qoşunlarının (Mardakert-Matagis) təmas xəttində Azərbaycan tərəfi erməni mövqelərinə tank əleyhinə Spayk tipli raket və 5 minaatan mərmisi ilə atəş açıb.
Xəbərdə deyilir ki, “erməni tərəfi beynəlxalq birliyin Qarabağ münaqişəsini dinc tənzimləmə prosesini həyata keçirə bilməsi məqsədilə cavab atəşi açmayıb”.
Bəyanatda daha sonra deyilir: “Lakin bu heç də o demək deyildir ki, hadisələrin eyni məntiqlə inkişafı təqdirində düşmənin hücum hərəkətləri cavabsız qalacaq”.
Dağlıq Qarbağın hərbi liderləri bildirirlər ki, onların belə hücumlara cavabı “qeyri-mütənasib və ağrılı” olacaq.
Azatutyun yazır ki, siyasi şərhçi Akop Badalyanın fikrincə Azərbaycanın son hərəkəti xüsusilə də Cenevrə görüşündən sonra suallar doğurur.
Politoloq bildirir ki, ola bilsin Cenevrə görüşü tamamilə əks-effekt verir.
Badalyan təəccübləndiyini bildirib ki, hətta Cenevrə görüşündən sonra da təmas xəttində erməni tərəfinin itki verməsi Yerevandan lazımı sərt reaksiya ilə qarşılanmayıb.
Badalayan deyib: “Yalnız belə bir bəyanat səslənib ki, Yerevan hətta qurban verilsə də, dinc tənzimləməyə sadiq qalacaq...Bu mənada Artsaxın, cavabın ağrılı olacağına dair bəyanatı tamamilə adekvatdır”.
Dağlıq Qarabağ müdafiə nazirliyinin internet saytında Azərbaycan tərəfinin atəş açmasını göstərdiyi iddia edilən video qoyulub:
Kavkazski Uzel saytı yazır ki, Azərbaycan Müdafiə Nazirliyi bu bəyanatla əlaqədar hələlik heç bir şərh verməyib. Nazirliyin saytında da iddia olunan bu hadisə ilə bağlı heç bir məlumat yoxdur.
Lakin Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 23-də yayılmış məlumatında deyilir ki, Ermənistan silahlı qüvvələri oktyabrın 22-dən 23-nə keçən gecə atəşkəs rejimini ağır çaplı pulemyotlardan 132 dəfə pozub.
Habelə nazirliyin oktyabrın 22-də verdiyi məlumata görə erməni tərəfinin atəş açması nəticəsində bir Azərbaycan əsgəri həlak olub.