ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) iyunun 29-da birgə bəyanat yayıblar.
Bəyanatda qeyd edilir ki, vasitəçilər iyunun 27-28-də Vyana və Bratislavada olublar, ATƏT-in baş katibi Tomas Qremingerə və qurumun fəaliyyətdə olan sədri Miroslav Layçaka regiona son səfərləri, bu yaxınlarda Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin məsləhətləşmələri barədə məlumat veriblər.
Həmsədrlər həmçinin, ATƏT Yüksək Səviyyəli Planlama Qrupunun rəhbəri, polkovnik Vladimir Minariklə də görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib.
İyunun 28-də münaqişə tərəflərinin eyni vaxtda girovları qarşılıqlı olaraq azad etmələrini alqışlayan həmsədrlər belə bir müsbət addıma sövq edən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin səylərini də yüksək qiymətləndiriblər.
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin son görüşü iyunun 20-də Vaşinqtonda olub.Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
Dünən, iyunun 28-də isə Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan girovların dəyişdirilməsi prosesini həyata keçiriblər.
Bununla 2019-cu il martın 16-da Ermənistanda saxlanan Azərbaycan vətəndaşı Elvin İbrahimov iyunun 28-də Azərbaycana qaytarılıb.
Azərbaycan tərəfi də 2017-ci il iyunun 20-də saxlanmış Ermənistan vətəndaşı Zaven Karapetyanı onlara təhvil verib.
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhə bölgəsində tez-tez atəş rejimi pozulur.Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.