Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:55

Atəşkəsdən yaranan yorğunluq


Rauf Mirqədirov

Son günlər Azərbaycanla Ermənistan arasında gərginlik artmaqda, atəşkəs intensiv pozulmaqda, tərəflər bir-birini təxribatda ittiham etməkdədir. Cəbhə xəttində nə baş verir? Gərginliyin səbəbi nədir?

Siyasi şərhçi Rauf Mirqədirov bununla bağlı AzadlıqRadiosunun suallarını cavablandırır:

- Gərginliyin bir neçə səbəbi ola bilər. Ənənəvi səbəb budur ki, münaqişə uzun zamandır davam edir. Bu da atəşkəsdən yaranan yorğunluğa səbəb olub, daha doğrusu, uzun zamandır münaqişənin həll edilməməsi tərəflərdə, xüsusən də məğlub tərəfdə yorğunluq yaradıb. Elə Ermənistanda da vəziyyət gərgindir, illərdir davam edən münaqişə onun inteqrasiyasına mane olur, ölkə iqtisadi cəhətdən çətinlik yaşayır və s. Qısaca desək, tərəflər uzun illərdir davam edən atəşkəsdən beziblər. Cəbhə xəttində gərginliyin artmasının ikinci səbəbi də var. Bu səbəb elə birincidən doğur. Tərəflərdən biri status-kvonun dəyişməsini, digəri dəyişməməsini, olduğu kimi qalmasını istəyir. Aprel hadisələri zamanı Azərbaycan status-kvonu dəyişdirməyə çalışdığını göstərdi. Bundan sonra danışıqlarda canlanma yarandı. Yüksək səviyyədə görüşlər təşkil edildi. Ancaq iki görüşdən sonra ümidlər puça çıxdı, nəinki prezidentlər, hətta xarici işlər nazirləri səviyyəsində dialoqun təşkili baş tutmadı. Bu şəraitdə atəşkəs mütəmadi pozulmağa başladı. Yəni, tərəflərdən biri status-kvonu qorumağa, o biri dəyişməyə cəhd edir.

- Rauf bəy, indi cəbhədə baş verənlər, sadəcə, bununla bağlıdır, ya başqa səbəblər də axtarmaq lazımdır?

- Məncə, üçüncü səbəb də var və ən təhlükəli səbəb də budur! Bu da beynəlxalq aləmdə gələcəyin qeyri-müəyyənliyi ilə bağlıdır. Heç kim ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın regiondakı siyasətinin nədən ibarət olacağını bilmir. Bir sıra amillər vəziyyəti daha da gərginləşdirə bilər.

Qarabağda erməni artilleriyası.
Qarabağda erməni artilleriyası.

- Söhbət hansı amillərdən gedir?

- Məsələn, İran amili. Trump İrana qarşı kəskin çıxışlar edir, onunla bağlanmış nüvə sazişini pozacağını, bu ölkəyə təzyiqlərin artırılacağını istisna etmir. Hərçənd İranla münasibətlərin gərginləşməsi Rusiya ilə yaxınlaşma ehtimalını azalda bilər. Trump-ın enerjidaşıyıcılarla bağlı da strategiyası var. O, beynəlxalq bazarda enerjidaşıyıcıların qiymətinin ucuzlaşmasına çalışacaq və Qafqaz, Orta Asiya da hədəfdə olacaq. Rusiya isə onun nəzarətindən kənar neft-qaz borularının dünya bazarlarına çıxmasını istəmir. Ümumiyyətlə, Trump-ın Yaxın Şərq siyasəti də regiona təsirsiz ötüşməyəcək. Suriya məsələsində gördük ki, bir ölkədə baş verənlər bütün region dövlətlərinə hansısa mənada təsirini göstərir. Bütün bunlar regionda problemlər yarada bilər. Görünür, bunları nəzərə alan Moskva prosesləri önləmək məqsədilə bəzi addımlar atmaq istəyir.

- Rusiya bu durumu necə önləyə bilər?

- Rusiya bölgədə təkcə iqtisadi-siyasi güc sahibi deyil, həm də hərbi gücə sahibdir. Bu da onun əlində çox ciddi alətə çevrilə bilər. Bu, mütləq nəzərə alınmalıdır. Biz bunun nümunələrini 2008-ci ilin avqustunda Gürcüstanda, sonradan Krımda gördük. Düzdür, hər dəfə bunu «istisna» kimi qələmə verirdilər. Odur ki, növbəti istisnaların olacağı da mümkündür.

- Demək istəyirsiniz ki, Rusiya Gürcüstanda və Ukraynada olduğu kimi, Dağlıq Qarabağ münaqişəsini bəhanə edərək Azərbaycana girə bilər?

- Mən Rusiyadan xeyirli bir addım gözləmirəm, özü də nəinki Azərbaycanın, eləcə də Ermənistanın xeyrinə.

S.Sarkisian, V.Putin və İ.Əliyev
S.Sarkisian, V.Putin və İ.Əliyev

- Bu durumda Azərbaycan nə etməlidir?

- Təəssüf ki, 1990-cı illərdən, hətta 2000-ci illərdən fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında həll olunmur. Tərəflərin bu münaqişənin həllinə təsiri sıfıra yaxınlaşmaqdadır. Dediyim dövrdə tərəflərdən çox şey asılı idi, məsələnin həllində ixtiyar sahibiydilər. İndi elə deyil. İndi münaqişə beynəlxalq güclərin maraqları müstəvisində həll olunur. Amma düşünürəm, beynəlxalq aləmdəki bu qeyri-müəyyənlik yaxın 1-2 ildə davam edəcək. Dövlətlər, xüsusən də kiçik dövlətlər yaxın 1-2 ildə özlərini havadan asılı hiss edəcəklər.

- Bəs sonra? Sular durulacaq?

- Adətən, ABŞ-da hər yeni gələnprezident özündən əvvəlkini pisləyir, deyir ki, o axmaq idi, Rusiyayla dil tapa bilmədi və s. Bundan sonra gözləntilər yaranır. Barack Obama da hakimiyyətə yeni gələndə Gürcüstan hadisələri oldu və bundan sonra yenidən yükləmə siyasətinə start verildi, Moskva ilə münasibətlərdə yumşalma yarandı. Ancaq az sonra gözləntilər puça çıxdığından məyusluq yaşandı. Bu da kəskin qarşıdurmalara, Obama hakimiyyətinin Rusiyaya sanksiyalar tətbiq etməsinə gətirdi.

- Dağlıq Qarabağla bağlı gözlənti nə olmalıdır?

- Ciddi addımlar gözləmirəm. Amma durum gərginləşərsə, Rusiya daha bir respublikada «vəziyyətin nəzarətdən çıxmaması üçün» müdaxiləyə əl ata bilər. Ancaq Vaşinqtonla dialoqda bu, ciddi problemlər də yarada bilər. Düzü, növbəti il Rusiyada prezident seçkiləridir. Buna görə də Vladimir Putin seçicilərinə növbəti qələbə bəxş etmək fikrinə düşə bilər. O, «ərazilərin dağıdıcısı» imici qazanan Yeltsin, Gorbachev-dən fərqli olaraq, postsovet məkanında ərazilərə nəzarəti geri qaytaran çar obrazı yaratmağa çalışır. Bu halda, münaqişələrin həlli ona bir bəhanə ola bilər, sadəcə. O cümlədən də Dağlıq Qarabağ münaqişəsi...

XS
SM
MD
LG