Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:48

Yeni baş nazir Qarabağ danışıqlarına yeni nəsə gətirəcəkmi?


Paşinyan Şuşada: Qarabağ danışıqlarını nə gözləyir?
Gözlə

No media source currently available

0:00 0:15:45 0:00

Paşinyan Şuşada: Qarabağ danışıqlarını nə gözləyir?

Mayın 8-də Ermənistanın baş naziri kürsüsünə keçər-keçməz müxalifət lideri Nikol Paşinyan rusiyalı həmkarı - Dmitri Medvedevə təbrik məktubu yollayıb. Medvedevin özü də elə həmin gün yenidən baş nazir vəzifəsinə təsdiq edilib.

Məktubunda Paşinyan yazır ki, Ermənistanın yeni hökuməti bütün sahələrdə ikitərəfli münasibətlərin, o cümlədən Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsində maraqlıdır.

Nikol Paşinyan hələ baş nazir seçilməzdən öncə, ölkədə müxalifətin aksiyaları kütləvi hal alanda, xalqın qərbyönümlü siyasətçini dəstəkləməsi artıq Rusiya mediasında geniş tənqid olunurdu.

Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski özünə məxsus tünd ifadələrlə deyib ki, ABŞ Ermənistandan İrana həmlə üçün hərbi baza rolunda istifadə edəcək.

Dünən - mayın 8-də isə Rusiyanın "Komsomolskaya pravda" radiosunun efirində “Rosneft” şirkətinin vitse-prezidenti Mixail Leontyev Ermənistanı nankorluqda ittiham edib, deyib ki, bu ölkə mövcudluğuna görə Rusiyaya borcludur, amma qərbpərəst siyasətçinin dalınca gedir.

Həqiqətən də Rusiya ilə Ermənistan arasında bir soyuqluq yarana bilərmi? Son dəyişikliklərdən sonra Rusiya Qafqazdakı siyasətini dəyişəcəkmi? Bu durumda Azərbaycan üçün hansı imkanlar açılır?

Rusiyada Mədəniyyətlərarası dialoq institutunun elmi araşdırmalar rəhbəri, politoloq Aleksey Malaşenko deyir ki, Rusiyanın Qafqazda siyasəti dəyişə bilməz, çünki rəsmi Moskva Qafqazda vasitəçi rolunu oynayır və bundan sonra da bunda maraqlıdır. Malaşenko Paşinyandan da istər Rusiyaya, istərsə də Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ciddi dəyişiklik gözləmir:

"Baş nazir postuna yeni adamın gəlməsi və hazırki vəziyyət yalnız ona gətirib çıxardı ki, Dağlıq Qarabağ münaqişəsi məsələsinə Ermənistan tərəfdən ciddi təsir gücünə malik qruplaşmanın təsir imkanları azaldı. Bu durumdan Paşinyan istifadə edəcəkmi və Madrid sxemi üzrə hər hansı güzəştə gedəcəkmi - bunu demək çox çətindir. Amma birmənalı şəkildə bəllidir ki, bundan başlamayacaq. Buna kimi ona öz yerini möhkəmləndirmək, müəyyən islahatlar həyata keçirmək, artıq baş nazir kimi xalqın güvənini qazanmaq gərəkdir. Yalnız bundan sonra o, Qarabağla bağlı addımlar ata bilər. Qarabağdan başlamaq, həm də nəyisə dəyişməklə başlamaq çox ciddi riskdir".

Azərbaycandan olan politoloq, Atlas araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu düşünür ki, Rusiya bundan sonra da Ermənistana dəstək verməkdə davam edəcək və iki ölkə arasındakı münasibətlərdə ciddi dəyişiklik gözləməyə dəyməz:

"İstənilən siyasətçi Ermənistanda hakimiyyətə gəlsə, Rusiya ilə hesablaşmağa məcburdur. Rusiya tamamən Ermənistana hakimdir, Ermənistan faktiki Rusiyanın quberniyasıdır, sərhədlərini Rusiya ordusu qoruyur, fabric-zavodları Rusiyanın əlindədir, qazı da Rusiyadan alır və gözləyirəm ki, Paşinyan da ilk xarici səfərini Rusiyaya edəcək. Ona görə deməzdim ki, Paşinyan qərbpərəst siyasətə üstünlük verəcək".

O ki qaldı bu durumun Azərbaycana nə vəd etməsinə Elxan Şahinoğlu düşünür ki, indi Azərbaycanın fəal diplomatiya yürütməsi üçün yaxşı şərait yaranıb, rəsmi Bakı yeni hakimiyyətə Qarabağ siyasətini dəyişməsi ilə bağlı mesajlar yollamalıdır.

Nikol Paşinyan parlamentdə baş nazir kimi ilk çıxışında elə Dağlıq Qarabağ məsələsinə toxunub. O mayın 8-dəki çıxışında deyib ki, “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə” prinsipi əsasında sülh danışıqlarına hazırdır.

Paşinyana görə, Azərbaycan rəhbərliyi ilə danışıqlar Qarabağdakı separatçı rejimin iştirakı olmadan səmərəli və hərtərəfli sayıla bilməz. Paşinyan bu cür fikirləri mayın 9-da Xankəndinə səfərində də səsləndirib.

Hələlik Bakıdan Paşinyanın bu fikirlərinə rəsmi reaksiya yoxdur. Amma Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü bir neçə gün əvvəl bildirmişdi ki, Ermənistanda sağlam qüvvələrlə Qarabağa dair danışıqlar aparıla bilər.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovsa Paşinyanın yeni bəyənatlarını populist çıxış sayır və deyir ki, o bu yolla reytinq qazanmağa çalışır:

"Mən bu bəyanatın xarici siyasətə aid olduğunu düşünmürəm, daxili siyasətdə xarici siyasətdən bir silah kimi istifadə edilir".

AzadlqıRadiosu Bakı küçələrində adamlarla Paşinyanın hakimiyyətə gəlməsi ilə Qarabağda nəyin dəyişə biləcəyi barədə söhbət edib:

Sizcə, Paşinyanın baş nazir seçilməsinin Qarabağ probleminin həllinə nə təsiri olacaq?
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Rəsmi Yerevanın separatçı rejimi yenidən danışıqlar masasına gətirəcəyini azərbaycanlı deputat Rasim Musabəyov da qeyri-mümkün sayır. Millət vəkilinə görə, rəsmi Bakının buna yalnız bir halda razılaşması mümkündür, o da əgər Ermənistan işğal edilmiş ərazilərdən öz silahlı qüvvələrini çıxararsa.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG