Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Xarici ölkə vətəndaşı olan ermənilərə cinayət işi açılıb


Xarici ölkə vətəndaşı olan, sentyabrın 27-dən noyabrın 9-na qədər Qarabağ döyüşlərində vuruşduğu bildirilən ermənilərdən bir neçəsi Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən mənbə konkret olaraq İspaniya vətəndaşı Samuel Badalyan, İran vətəndaşı Harmik Hovsepyanın adlarını çəkir.

Maddələr

“Bu işi Dövlət Təhlükəsizliyi Xidməti araşdırır. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 214.2.1 və 214.2.3 (odlu silahdan istifadə etməklə cinayətkar qrup tərəfindən terrorçuluq), 228.3 (mütəşəkkil dəstə tərəfindən silah-sursat saxlama), 279.2 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yaratma) və 318 (dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittiham irəli sürülüb. Həm Badalyan, həm də Hovsepyan təqsirləndirilən şəxs qismində tanınıb. Həbs qətimkan tədbiri seçilməsi üçün istintaqa nəzarət edən prokuror məhkəməyə təqdimat verib”, - hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Səbail rayon Məhkəməsindəki başqa bir mənbə də xəbəri təsdiqləyərək, dekabrın 25-də adları çəkilən şəxslər haqqında məhkəməyə təqdimat daxil olduğunu söyləyib:

“İş hakim Şəhla Süleymanovanın icraatındadır. Hakim təqdimata baxıb, həbs-qətimkan tədbiri seçilib-seçilməməsi haqda qərar verməlidir”.

İspaniya və İran vətəndaşları

63 yaşlı Samuel Badalyan İspaniyanın Jirona vilayətinin Lloret de Mar şəhərində yaşayıb.

İnternetdə onun Erməni mədəniyyəti təşkilatı qurması, xüsusi mühafizə xidmətinin rəhbəri olması barədə məlumatlar var.

İranın Rəşt şəhərindən olan 59 yaşlı Harmik Hovsepyanın isə “Daşnaksütyun” partiyasının üzvü olduğu bildirilir.

Adları çəkilən təqsirləndirilən şəxslərin və ya vəkillərinin ittihamlara münasibəti məlum deyil.

Xatırlatma

Bu il noyabrın 10-da Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunub. Azərbaycan 44 günlük müharibə ilə, noyabrın 9-dək tutduğu mövqelərdə qalıb.

Ermənistanın 1994-cü ilədək işğal etdiyi yeddi rayona nəzarət Azərbaycan ordusuna keçsə də, təmas xəttinə 2 minədək Rusiya sülhməramlısı yerləşdirilib. Qarabağın bəzi hissələrinə erməni və rus qüvvələri nəzarət edir.

Müharibə dövründə hər iki tərəf bir-birinə döyüşlərdə əcnəbi muzdlulardan istifadə etməklə bağlı iddialar səsləndirib.

Azərbaycan tərəf bu iddiaları təkzib edib, Prezident İlham Əliyev iddialara dəlil istəyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG