"Rusiya sülhməramlı kontingentinin hərbçiləri sutka ərzində müşahidə məntəqələri və Laçın dəhlizi vasitəsilə 400-dən çox avtomobilin Dağlıq Qarabağa və geriyə təhlükəsiz keçidini təmin ediblər".
Rusiya Müdafiə Nazirliyinin informasiya departamentinin dekbarın 18-də yaydığı məlumatda belə deyilir.
“Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrində biz atəşkəs rejiminin saxlanmasına nəzarət edirik və nəzarət-buraxılış məntəqəsi rejimini həyata keçiririk. Hər bir avtomobil yoxlamadan keçir və zərurət yaranarsa, biz sürücüdən avtomobilin salonuna baxış keçirmək üçün maşından düşməsini xahiş edirik”, - Rusiya sülhməramlı kontingentinin sözçüsü İvan Padalka bildirib.
Nazirliyin məlumatında deyilir ki, Rusiya sülhməramlı qüvvələri 27 müşahidə məntəqəsi üzrə vəziyyətin gecə-gündüz monitorinqini və atəşkəs rejiminə riayət olunmasına nəzarəti təmin edir, həmçinin Laçın dəhlizi ilə nəqliyyat vasitələrinin və insanların təhlükəsiz giriş-çıxışını təmin edir.
Xatırlatma
Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var.Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.