Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Qarabağ mitinqinin səbəbləri: 'Xalq evinə getmək istəyir', yoxsa?..


Mitinq
Mitinq

Uzun illərdən sonra şənbə günü – sentyabrın 29-da Bakıda Azərbaycanın işğal edilmiş əraziləri – Qarabağla bağlı mitinq keçirilməlidir. Ancaq aksiyaya yanaşmalar haçalanıb. Bunu «hakimiyyətin sifarişi» sayanlar da var, «xalqın etirazı» adlandıranlar da. Təşkilatçıları tələskənlikdə qınayan da var, hazırlıqlara çağırıb daha izdihamlı mitinq keçirməyi təklif edən də.

«Qarabağ mitinqi ən azı yüz min nəfərlik olmalıdır! 3-5 minlik mitinq Azərbaycanın əleyhinə işləyəcək!», – Facebook sosial şəbəkəsində Qadir İbrahimli yazır.

Sosial mediada buna bənzər fikirlərə tez-tez rastlamaq olar. Əlbəttə, mitinqi coşğunluqla qarşılayan, fasiləsiz mitinqlərə çağıranlar da, şübhəsini, əndişəsini gizlətməyənlər də az deyil.

Səxavət Məmməd adlı istifadəçinın yazdıqlarından bir hissə: ««Məhsul» stadionu, özünü öldürsə, tutsun 13-15 min adam. Qarabağ mitinqi üçün belə bir yer nə qədər doğru seçimdir? 1 milyon qaçqın və məcburi köçkünün qarşılığında bu yer gülməli deyilmi? Rayonlarda çoxlu sayda qaçqın və məcburi köçkünlər üçün qəsəbələr salınıb. Onların hansına gedilib və bu qərar müzakirə edilib? Qəsəbələrin çoxusu ilə əlaqə saxlamışam, belə bir hərəkət olmayıb. Qarabağ üçün hər şeyə hazıram. Amma və lakin haradan bilək ki, bu, sabah üçün qrant mənbəyi deyil?..».

Z.Əlizadə
Z.Əlizadə

«Əliyev göstərmək istəyir ki…»

«Bu, Prezident Aparatından verilmiş göstərişdir. Görüntü yaradırlar, guya Azərbaycanda Qarabağla maraqlananlar var. Qarabağ Azadlıq Təşkilatının (mitinqin təşkilatçılarından biridir – A.R.) Qarabağ haqqında heç bir təsəvvürü yoxdur, Prezident Aparatından göstəriş alır və onu icra edir», – siyasi şərhçi Zərdüşt Əlizadə belə düşünür. Bəs, belə mitinqin keçirilməsi iqtidara niyə lazımdır? Əlizadə cavab verir: «Sadəcə, Əliyev göstərmək istəyir ki, o hədələrin arxasında xalqın tələbi durur, vəssalam».

«Xalq evinə getmək istəyir»

«Bunu sifariş kimi dəyərləndirənlərin özləri sifarişlə işləyir. Paşinyan BMT tribunasından, orda-burda ağzına gələni danışır, Azərbaycanı müharibəylə hədələyir. Xalq da buna etirazını bildirir, burda qeyri-adi heç nə yoxdur», – deputat Aqil Abbas deyir.

A.Abbas
A.Abbas

Onun qənaətincə, belə bir mitinq sadəcə, xalqın sifarişidir: «Bundan əvvəl Ağdam sakini Camal Əhmədov, QAT sədri Akif Nağı, bir neçə başqa adam cəbhə xəttinə getmişdilər. Onlar təmas xəttini keçib işğal edilmiş torpaqlara, evlərinə getmək istəyirdilər. İqtidarın adamları gəldilər onlarla oturdular çay içdilər, söhbət apardılar ki, lazım deyil, təmas xəttini keçməyin, hələ görək nə danışırlar. Xalq evinə getmək istəyir...».

Mitinqlə bağlı verilən suallardan biri də budur – nə baş verdi, nə dəyişdi ki, Dağlıq Qarabağ münaqişəsi gündəmə gəldi, Qarabağ tələbi ilə mitinq keçirilməsi aktuallaşdı?

«Qarabağ elə bir mövzudur, ictimai düşüncəni hərəkətə gətirən elə bir hadisədir ki, onunla bağlı mitinqin keçirilməsi heç vaxt gözlənilməz olmamalıdır», – Bakı Dövlət Universitetinin professoru, jurnalist Qulu Məhərrəmli deyir. Amma bununla belə o da razılaşır ki, «necə gəldi, tələm-tələsik, hazırlıqsız» mitinq keçirmək olmaz.

Q.Məhərrəmli
Q.Məhərrəmli

«Bu, birinci növbədə yaxın qonşulara, dünyaya, Azərbaycan ictimaiyyətinə, bu işi başlayanlara, bu işin həllini uzadanlara ciddi bir mesajdır. Ona görə yaxşı hazırlanmalıdır, səviyyəni, düşüncəni, mütəşəkkilliyi göstərməlidir. Əlbəttə, bunun üçün bir balaca, darısqal stadion azdır», – bu sözlərlə Məhərrəmli fikrini yekunlaşdırır.

«Gözləmək olmaz!»

Mitinq təşkilatçıları nə düşünür? Onlardan biri Pənah Hüseyn deyir ki, mitinqin təşəbbüskarları Qarabağ döyüşçüləri, məcburi köçkünlər, ictimai-siyasi fəallardır, ancaq son məlumata görə, 15 partiya və təşkilat da mitinq ideyasını dəstəkləyir. O, mitinqə dəstək verməyən müxalifətin və ya iqtidarın da əks təbliğat aparmadıqlarını vurğulayır.

P.Hüseyn
P.Hüseyn

Mitinqin təşkilat komitəsinin üzvlərindən olan P.Hüseynin sözlərinə görə, 29 sentyabr mitinqi sadəcə başlanğıcdır. O da mitinqdə çox sayda adamın iştirakının arzu edilən, say amilinin mühüm olduğunu vurğulayır, amma bunu da əlavə edir ki, gözləmək də olmaz. Bəs nəyi gözləmək olmaz?

«Ermənistanın baş naziri Paşinyan Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistan torpağı kimi tanınması, beynəlxalq aləmdə legitimləşdirilməsi məqsədilə geniş kampaniya başladıb. Belə bir təhlükə var. Düzdür, regiondakı dəyişikliklər Qarabağın azad olunmasına da müəyyən şanslar yaradır. O baxımdan da Azərbaycan cəmiyyətində Qarabağla bağlı ciddi addımların atılması tələbiylə fikirlər səslənir və narahatlıqlar, həyəcan yaşanır. Ona görə də həm Azərbaycan iqtidarından öz konstitusion vəzifəsini yerinə yetirməsi, ölkənin ərazi bütövlüyünün bərpası yönündə real addımlar atması, həm də beynəlxalq aləmin bu problemə diqqətini çəkmək, Qarabağ münaqişəsini ciddi bir şəkildə gündəmə gətirmək, əhalinin Qarabağ ideyası ətrafında səfərbər olunması üçün belə bir mitinq keçirilir», – P.Hüseyn mitinqin keçirilmə səbəbini izah edir.

Paşinyandan Qarabağ məsələsinin həllində nə gözləmək olar?
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Onun iddiasına görə, Azərbaycan iqtidarı özü münaqişənin həllində təhdid faktoruna çevrilib. Siyasətçinin fikrincə, ölkədə fundamental islahatların, korrupsiyaya qarşı mübarizənin aparılması, milli birlik naminə siyasi məhbusların azad edilməsi Qarabağ münaqişəsinin həlli istiqamətində atılacaq addımlardan olmalıdır: «İndiki Ermənistan hakimiyyəti inqilabi dəyişikliklərdən sonra korrupsiyaya qarşı mübarizə aparmasını, kriminal, cinayətkar qruplaşmanın hakimiyyətdən uzaqlaşmasını, əhalinin rəyini azad, ədalətli ifadə etməsini və s. kimi məsələləri Qarabağ münaqişəsində istifadə etməyə çalışır. Qarabağın Ermənistana birləşdirilməsindən danışılır, işğal olunmuş torpaqlarda Ermənistanın da iştirak etdiyi hərbi təlimlər keçirilir və s. Bu münaqişənin nizamlanmasında Azərbaycan hakimiyyətinin avtoritar və antidemokratik mahiyyəti bir əngəl, bir bəhanə kimi durur».

Bununla belə, mitinq təşkilatçıları, o cümlədən P.Hüseyn Qarabağ amilindən daxili siyasi mübarizədə istifadənin əleyhinə olduqlarını, mitinqdə iqtidarın istefası kimi şüarların səsləndirilməyəcəyini söyləyir.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. Müharibə zamanı Dağlıq Qarabağ bölgəsi, ətraf 7 rayon, bir neçə kənd işğal olunub.

1994-cü ildə atəşkəs imzalanıb. Münaqişənin nizamlanması ilə ATƏT-in Minsk Qrupu məşğuldur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG