Bu gün, noyabrın 22-də səhər saatlarında Qarabağ döyüşlərində əlil olduğunu bildirən Salman Xudaverdyev adlı şəxs Bakı şəhəri İcra Hakimiyyəti (BŞİH) qarşısında avtomobilini yandırmağa cəhd edib.
O, avtomobilinin üzərinə benzin töksə də, polislər onu saxlayıblar. Salman Xudaverdiyev sual edib: «Qarabağ əlillərini niyə incidirsiniz? Bizi niyə prezidentin üzərinə qaldırırsınız?».
Onunla polislər arasında əvvəlcə gərginlik yaşansa da, sonradan sakitlik yaranıb. Polislər ondan səbirli olmasını istəyiblər. Onu Bakı şəhəri İcra Hakimiyyətinin binasına aparıblar.
S.Xudaverdiyev bundan əvvəl deyib ki, bu addımı atmasına səbəb bütün qanuni sənədləri olan torpağının əlindən alınmasıdır. O, bununla üzləşdiyi haqsızlığa etiraz etdiyini bildirib.
Baş verənlərə, Salman Xudaverdiyevin açıqlamasına, hələlik, Bakı şəhəri İcra Hakimiyyəti və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.