Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:55

2018 Qarabağ üçün nələrlə yadda qalır


T.Zülfüqarov
T.Zülfüqarov

Başa çatmaqda olan 2018-ci il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş nöqtəsi olmasa da, uzun zamandan sonra müəyyən tərpəniş hiss olunmağa başladı. Xüsusən də Ermənistanda baş verən siyasi dəyişikliklərdən, qərbyönümlü siyasətçi kimi təqdim edilən Nikol Paşinyanın baş nazir seçilməsindən sonra zəif də olsa, ümidlər yarandı. Nazirlər və dövlət başçıları görüşləri davam etdirdilər və...

AzadlıqRadiosu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibədə bu ilin Qarabağ danışıqlarında nələrlə yadda qalmasına cavab axtarıb.

- Bu il istənilən nəticə əldə olunmadı, ərazilər işğaldan azad edilmədi. Amma bununla belə, situasiya dəyişib, Ermənistanda baş verən hadisələr göstərir ki, vəziyyət indiki konfiqurasiyada qala bilməz. Ermənistanda ciddi böhran var və bunun nəticəsində geopolitik vəziyyət tam dəyişə bilər. Bu durumda mən inanıram ki, gələn il Azərbaycan üçün hansısa imkanlar açıla bilər.

- «İmkanlar açıla bilər» deyəndə nəyi nəzərdə tutursunuz? Münaqişənin həllində real addımların atılmasını, tutalım, bir neçə rayonun geri qaytarılmasını, yoxsa danışıqların daha da intensivləşməsini?

- Ermənistan rəhbərliyi bəyan edib ki, qərbyönümlü siyasət aparacaq və bunun nəticəsində ölkənin inkişafına gərəkli investisiyalar gələcək. Amma, eyni zamanda, Yerevan istəyir ki, Rusiyanın təhlükəsizlik qarantiyası qalsın və məhz bunun nəticəsində işğalçı siyasəti davam etdirsinlər. Bu, bir-birinə zidd istiqamətlərdir. Mən inanmıram ki, Ermənistan rəhbərliyi bu siyasəti tətbiq edə bilsin. İndi biz bu ölkədə siyasi böhranın olduğunu görürük. Hesab edirəm ki, gələn il bu siyasi böhran daha da dərinləşəcək, hətta bunun nəticəsində geopolitik dəyişikliklər baş verə bilər. Prezident İlham Əliyev deyib ki, Azərbaycan ordusu münaqişənin həllində başlıca amil olacaq. Təbii ki, biz bundan hansısa nəticələrə gələ bilərik. Bilmirəm yekun olaraq bir rayon azad olunacaq, ya iki, bunu söyləmək çətindir, amma hər halda mən gələcəyə daha optimist baxmaq istəyirəm.

- Bu il Belarus prezidenti Lukaşenko Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəzi açıqlamalar verdi. O, Ermənistanın keçmiş prezidentinə 5 rayonun qaytarılmasını təklif etdiyini, Azərbaycan müharibəyə başlayarsa, Rusiya və Belarus ordusunun yardıma gələcəyi barədə təminat verdiyini bildirib. Bakı Rusiya və Belarus ordusunun Azərbaycan ərazisinə girməsinə razı ola bilərdimi? İkincisi də, bu açıqlamanı bir müddət öncə 5 rayonun qaytarılması ilə bağlı planların olması haqda deyilənlərin təsdiqi saymaq olarmı?

- Birincisi, bu, təzə məlumat deyil. Bir də, bu təklif səslənibsə o demək deyil ki, Azərbaycan ona razılıq verib. Azərbaycanın mövqeyi həmişə belə olub ki, Dağlıq Qarabağın ətrafındakı ərazilər boşaldılmalıdır. Mən istisna etmirəm ki, hansısa mərhələdə konfliktin nizamlanmasında mərhələli həll planının təmin edilməsi naminə biz hansısa sxemləri daha diqqətlə müzakirə edirik. İkincisi, danışıqlar məxfi gedir və bu cür məlumatların açıqlanmasını vacib hesab edirəm. Həm ictimaiyyət, həm də Azərbaycanın mövqeyi baxımından önəmlidir. Bu açıqlamalar onu göstərir ki, artıq beynəlxalq ictimaiyyət, neytral ölkələr, o cümlədən Belarus prezidenti artıq Ermənistanın mövqeyini açıq tənqid edirlər. Bu, Azərbaycanın xeyrinə olan addımdır. Mən şübhə etmirəm ki, bu, indiki Ermənistan rəhbərliyinə təzyiqdir.

N.Paşinyan və A.Lukaşenko
N.Paşinyan və A.Lukaşenko

- Bəs Rusiya və ya Belarus ordusunun bura gəlmək ehtimalı haqda nə düşünürsünüz?

- Mən burda qoşunların göndərilib-göndərilməməsini əsas götürməzdim. Burda sadəcə siyasi iradə nümayiş etdirilir, yəni Ermənistana mesaj verilir ki, o, torpaqları boşaltmaqdan qorxmamalıdır, bu, real təhlükə yarada bilməz, Belarus və Rusiya buna təminat verir. Mən istisna etmirəm ki, əsas məqsəd qoşun yerləşdirmək yox, siyasi iradə nümayiş etdirməkdir. Lukaşenko bu açıqlamayla demək istəyir ki, münaqişə ilə bağlı Ermənistanın mövqeyi qeyri-konstruktivdir. Hər halda mən belə düşünürəm. Danışıqlar prosesi çox mürəkkəbdir. Birincisi, 5 rayonun qaytarılması sxemdir, onun üstünə başqa razılaşmalar da gəlməliydi. Yəni sülhməramlı qoşunların tərkibi, onların funksiyası, təmas xəttində konfiqurasiya və s. Burda məsələ daha çoxdur. Ancaq sxem kimi təbii ki, hesab edirəm bu məsələlər müzakirə edilə bilərdi. Bunu istisna etmirəm. Hər bir halda bu, yeni sxem deyil və çoxdan belə sxemlər təklif olunurdu.

- Bəs niyə Lukaşenko indi açıqlayır bunu?

- Kollektiv Təhlükəsizlik Müqaviləsində Rusiya ilə Ermənistan dominant rol oynayıb. Azərbaycanın bu sahədə aktivləşməsi, hətta özü olmadan mövqeyinin səslənməsi, qurumun Ermənistana ciddi təzyiq göstərməsi müsbət haldır. Ən azı ona görə ki, ictimai rəyin Azərbaycanın xeyrinə formalaşması müsbət hal kimi qəbul olunmalıdır.

- Bu il danışıqlarda azacıq da olsa, tərpəniş hiss edildi, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri, dövlət başçıları görüşdülər. Sizcə, bu görüntü naminə edilir, yoxsa nəsə baş verir, tərəflər masada konkret nələrisə müzakirə etməyə hazırlaşırlar?

- Prezident deyib ki, konfliktin həllinin perspektivlərini daha müsbət görürəm. Bu o deməkdir ki, danışıqların perspektivi daha yaxşı olacaq. Amma mən hesab etmirəm ki, danışılar yolu ilə dönüşə nail olmaq mümkündür. Prezidentin ordu ilə bağlı axırıncı bəyanatını da xatırlayaq, o dedi ki, Azərbaycan ordusu konfliktin həllində əsas amildir.

Azərbaycan ordusu təlimlərdə
Azərbaycan ordusu təlimlərdə

- Siyasi şərhçi Şahin Hacıyev yazır ki, Qazax-Ağstafa bölgəsində Silahlı Qüvvələr geri çəkilir və ora Sərhəd Qoşunları yerləşdirilir. Bunun həm Bakı-Tbilisi-Ceyhan, həm də sərhəd rayonları üçün təhlükəli olduğunu qeyd edir. Bu addımın atılması mümkündürmü və hansı təhlükələrə yol aça bilər?

- Bu məsələ, yəni ordunun yerinə Sərhəd Qoşunlarının yerləşdirilməsi indi müxtəlif səviyyələrdə müzakirə edilir. Sülh şəraitində hüdudda yerləşən Sərhəd Qoşunları olmalıdır, əlbəttə. Amma təhlükə baxımından hərbi hissələrin də orda yerləşdirilməsi planı var. Bu, bir növ siqnaldır. Siqnal da ondan ibarətdir ki, Azərbaycan beynəlxalq sərhədlərə hörmət edən dövlətdir, bu sərhədlərə qarşı hansısa hərbi və ya başqa bir addım atmaq niyyətində deyil. Bu, siyasi siqnaldır. Amma, eyni zamanda, bizim başlıca məqsədimiz ondan ibarətdir ki, konfliktin həlli nəticəsində öz sərhədlərimizi, ərazi bütövlüyümüzü bərpa etmək istəyirik. Hərbi konfiqurasiyanın çox ciddi dəyişəcəyinə inanmıram. Nə olar, ilk xətdə sərhədçilər duracaq, ondan 50-100 metr sonra hərbçilər. Mən burda müdafiə baxımından böyük problem görmürəm.

- 2018-ci il münaqişənin həllində dönüş ili olmasa da, ümidlərin yarandığını deməyə çalışırsınız. Nə qədər realdır bu ümidləri doğuran səbəblər?

- Bizim region böyük geopolitik dəyişikliklər ərəfəsindədir. Ermənistanda baş verən proseslər də onu göstərir. Mən hesab edirəm, Rusiya Ermənistan arasında yaranan problemlər daha da dərinləşəcək və istisna etmirəm ki, Moskva Ermənistandan hərbi, siyasi baxımdan çəkiləcək, uçurum daha da dərinləşəcək. Bu baxımdan həmin prosesin əvvəli 2018-ci ildə baş verib. Növbəti ildə də davam edəcək. Təbii ki, bizim üçün hansısa imkanlar prosesi açılacaq.

- 2018-ci ildə bir məqam – Ermənistandakı siyasi dəyişikliklər xüsusi olaraq yadda qalır. Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu bu günlərdə sosial mediada yazmışdı ki, ilk dəfədir ölkəyə bu qədər məyus qayıdır. O, son bir neçə ayda Ermənistanda baş verənlərdən sonra ölkənin imicinin dəyişdiyini, beynəlxalq qurumların, qərbyönümlü dairələrin ona böyük rəğbətlə yanaşdığını qeyd edir və «Elə bil Qarabağı yenidən itirdim» deyə vurğulayır. Sizcə, Azərbaycanda siyasi-iqtisadi islahatların baş verməməsi, ölkənin imicini dəyişməməsi konfliktin həllində Bakının əleyhinə işləyirmi?

- Bu proseslərə mənim münasibətim çox sadə və praktikdir. Biz Ermənistanla müharibədəyik. Uğurlu müharibədə bizə güclü idarəetmə, nüfuzlu strukturlar lazımdır. Ermənistanda isə hakimiyyət desentralizasiya prosesi yaşayır. Müxtəlif güc mərkəzləri yaranaraq bir-bir ilə konfliktə girirlər. Kim istəyir onu «demokratiya» adlandırsın, kim də istəyir başqa ad qoysun, öz işidir. Amma müharibə üçün bizim struktur daha əlverişlidir. Bu, birmənalı bizim xeyrimizə olacaq. Müharibə ərəfəsində, müharibə şəraitində – onun bərpasını reallıqdan uzaq saymıram – idarəetmə sabit olmalıdır. Bu, mənim fikrimdir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs elan olunana qədər Dağlıq Qarabağ və ətrafdakı 7 rayon, o cümlədən bir neçə kənd işğal olunub.

Münaqişənin nizamlanması ilə ATƏT-in Minsk qrupunun həmsədrləri məşğuldur. Həmsədr dövlətlər ABŞ, Rusiya, Fransadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG