Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:32

Ukraynanın Hərbi Dəniz Donanması yoxdur. Ancaq bu, Qara dənizdə Rusiyanın işini asanlaşdırmır


Ukrayna dəniz dronu Rusiya döyüş gəmisini vurur.
Ukrayna dəniz dronu Rusiya döyüş gəmisini vurur.

Ağ-qara videoda sürət qayığı təsiri bağışlayan bir şey sürətlə yepyekə hərbi gəmiyə yaxınlaşır. Ardınca gəmi partlayır.

Sürət qayığı əslində Ukraynanın istehsal etdiyi "MAGURA-V" adlı insansız dəniz dronudur. Partlayıcı maddə ilə dolu dronun yaxınlaşdığı hərbi gəmi də Rusiyanın Qara Dəniz Donanmasının az sayda ağırtonnajlı gəmisindən "Sezar Kunikov" gəmisidir. AzadlıqRadiosunun əməkdaşı Mayk Ekelin (Mike Eckel) yazdığı məqalədə Krımın güney sahilində batan gəminin 70 nəfərə yaxın heyətinin olduğu bildirilir.

Partlayışdan bir gün sonra Qara Dəniz Donanmasına cavabdeh admiral Viktor Sokolov vəzifəsindən azad edilib.

"Sezar Kunikov" Rusiyanın 2022-ci ilin fevralında tammiqyaslı müdaxiləyə başlayandan bəri Ukraynanın ciddi zədələdiyi, ya da batırdığı 20-dən çox gəmidən biridir.

74 gəminin üçdə biri batırılıb

Gəminin batırılmazdan öncə Rusiya və Ukraynanın təsdiqlənmiş hərbi texnika itkilərini hesablayan "Oryx" adlı holland saytı 21 hərbi gəmi və bir sualtı qayığın batırıldığını göstərirdi. Ukrayna Ordusu Baş Qərargahının rəqəmi bundan bir qədər yüksəkdir: 24 rus gəmisi və bir sualtı qayıq.

Bu, toplam 74 gəmisi olan donanmanın təxminən üçdə biri deməkdir. Sahil patrul qayıqları və yardımçı gəmilər kimi nisbətən kiçikölçülü texnika bu saya daxil deyil.

Batan gəmilər hər necə sayılsa da, söhbət indi heç bir donanması olmayan ölkənin vurduğu çox böyük ziyandan gedir. Bu, dünyanın hərbi dəniz və savaş bilicilərinin gözündən qaçmır.

"Ukraynanın bu il Qara dənizdə əldə etdiyi uğurlar bizim çoxumuzdan ötrü sürpriz oldu. Ukraynalılar dənizdə texnoloji və taktik baxımdan özlərini ruslardan xeyli daha yenilikçi göstərirlər", - Rod-Aylend ştatının Nyuport şəhərində yerləşən ABŞ Hərbi Dəniz Müharibə Kollecinin Rusiya Dəniz Araşdırmaları İnstitutunun direktoru Maykl Petersen (Michael Petersen) belə deyir.

"Nəzarət aparmağa qadir olmayan Rusiya"

"Ukrayna önəmli dərəcədə daha güclü düşmənə qarşı klassik asimmetrik kampaniya aparır… Rusiya, ən azı, kağız üzərində Qara dənizdə danılmaz dəniz gücü olsa da, dənizin şərq hissəsinə çəkilmiş və bölgəyə dəniz nəzarətini gerçəkləşdirməyə qadir olmayan [oyunçuya] çevrilib", - "Janes" hərbi kəşfiyyat araşdırma şirkətinin hərbi dəniz platformaları üzrə baş təhlilçisi Mayk Plankettin (Mike Plunkett) sözləridir.

2022-ci ilin fevralından öncə Ukraynanın hərbi donanması, əsasən, sovet dönəmindən qalma suüstü gəmilərdən və bəlli sahil infrastrukturundan ibarət idi. 1990-cı illərdə - Kiyevlə Moskva SSRİ-nin Qara Dəniz Donanmasını bölüşdürəndən sonra Ukraynaya belə bir pay miras qalmışdı.

Ukrayna sahil mühafizəsinin hərbi qulluqçusu Qara dənizdə yük gəmisi keçərkən patrul gəmisində.
Ukrayna sahil mühafizəsinin hərbi qulluqçusu Qara dənizdə yük gəmisi keçərkən patrul gəmisində.

İki ölkənin donanması Krımda bir-birinin yaxınlığında yerləşirdi. Hər iki donanmanın bir bölümü yarımadanın tarixi əsas limanı olan Sevastopolda lövbər salmışdı.

Di gəl, Ukraynanın büdcə problemləri, eləcə də hərbi və mülki sahələrdəki korrupsiya donanmanın, o cümlədən döyüş və yardım gəmilərinin güclə ayaqda qalmasına səbəb olmuşdu.

2014-cü ildə Rusiya Krımı ələ keçirəndən sonra Ukrayna öz donanmasının işəyararlı bölümünü, o sıradan dörd korvet və "Hetman Sahaydaçni" adlı flaqman gəmisini qərbə - Odessa limanına çəkmişdi.

Azov dənizini Qara dənizə bağlayan tək yol

Rusiya hücumunun ilk aylarında Ukrayna özünün digər əsas limanlarını – Azov dənizindəki Berdyansk və Mariupol limanlarına çıxışı da itirməyə başladı. Rusiya Krım körpüsündən yararlanaraq Kerç boğazını bağladı və Azov dənizini blokadaya aldı. Bilindiyi kimi, Kerç boğazı Azov dənizini Qara dənizə bağlayan tək yoldur. Qara dənizə çıxan gəmilər buradan Bosfor boğazı vasitəsilə dünyanın digər yerlərinə gedə bilir.

Hücum başlanan zaman Ukrayna öz flaqmanı "Hetman Sahaydaçni" gəmisini Cənubi Buq çayı üzərindəki Nikolayev limanına çəkdi. Ukraynanın 10-dan çox gəmisi ya zədələndi, ya da Qara dənizdə batdı.

Son nəticədə Rusiyanın suüstü gəmiləri xarici yük gəmilərinin Ukrayna taxılını yükləyib daşımasına imkan verməyərək Ukrayna limanlarını, o cümlədən hələ də Ukraynanın nəzarətindəki Odessanı blokada durumunda saxlamağa başladı. Dünya taxıl bazarında gərginlik yarandı. BMT rəsmiləri Aralıq dənizi hövzəsi və Afrikanın Ukrayna taxılından çox asılı olan bəzi ölkələrində aclığın başlaya biləcəyi barədə xəbərdarlıq etdilər.

Dənizdəki minalar bərkidildikləri yerlərdən qoparaq üzüb getməyə başlayanda istər Ukrayna, istərsə digər Qara dəniz dövlətləri üçün blokada ağırlaşmağa başladı. Kiyevlə Moskva bir-birini minaların üzüb getməsinə imkan verməkdə suçladılar.

Rusiya Qara dənizdəki suüstü və sualtı donanmasından (Ukraynanın hesablamalarına görə, onların toplam sayı 80-ə yaxındır) yararlanaraq Ukrayna şəhər və kəndlərini raket atəşinə tutdu və əhalini terrorizə etdi.

Rus donanmasının flaqmanı, "Moskva" raket kreyseri İlan adasına dəniz hücumlarında əsas rolu oynayırdı. Odessadan 140 kilometr güneydə yerləşən strateji mövqeli bu adanı Ukrayna sərhəd qvardiyaçılarının balaca bir qarnizonu qorusa da, Rusiyanın tammiqyaslı müdaxiləsinin ilk günündən bəri bu qarnizon rus donanmasının hədəfində idi.

Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı "Moskva" Sevastopolda. 1999
Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı "Moskva" Sevastopolda. 1999

"Moskva" batırıldı

Təxminən iki ay sonra, aprelin 13-də "Moskva" kreyseri İlan adası istiqamətində hərəkət edərkən qurudan atılan gəmi əleyhinə iki "Neptun" raketi ilə vurulmuşdu. Üstündən bir gün keçmədən kreyser batmış, azı, 18 rus dənizçisi ölmüşdü. Düzdür, müstəqil hesablamalara görə, canlı qüvvə itkisi bundan xeyli çox olmuşdu.

"Moskva" kreyseri İkinci Dünya müharibəsindən bəri batan ən böyük Rusiya və ya sovet gəmisi idi.

"Sadəcə düşməninizin yaxşı donanması olmadığına görə dənizdə tam hərəkət azadlığına sahib olduğunuzu düşünməyin", - Plankett belə deyir.

Bir çox ekspertin fikrincə, Ukraynanın "Moskva"nı batırması onun məharətini və riskə getməyə hazırlığını göstərir.

XS
SM
MD
LG