Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:41

Bu il tarixdə ilk dəfə qara dəliyi görə bilərik


Qara dəlik
Qara dəlik

Astrofiziklər 2018-ci ildə tarixdə ilk dəfə qara dəliyin görüntüsünü təqdim etməyi planlaşdırırlar. Bunun Olay Üfüqü Teleskopu (Event Horizons Telescope) layihəsinə daxil olan qlobal radioteleskoplar şəbəkəsindən toplanmış məlumatların köməyi ilə ediləcəyi bildirilir.

Alimlərin yaxın 12 ay ərzində gerçəkləşdirməyə ümid etdikləri bu misilsiz layihə Kainat haqda təsəvvürlərə güclü təsir göstərə bilər. Qara dəlik fəzada qravitasiya qüvvəsi son dərəcə güclü olan nöqtədir. Onun cazibə qüvvəsi o qədər güclüdür ki, heç işıq belə ondan yan keçə bilmir. Albert Einstein ümumi nisbilik nəzəriyyəsində qara dəliyin mövcudluğunu proqnozlaşdırmışdı. Ancaq elm dünyasında heç də hamı qara dəliklərin mövcudluğuna inanmırdı. Bugünədək onların mövcudluğunu sübut edən dəlillər də ortaya qoyulmayıb. «Event Horizon Telescope» (EHT) layihəsi bu vəziyyəti dəyişə bilər.

«Yer boyda virtual teleskop»

EHT-yə daxil olan qlobal teleskoplar şəbəkəsi harmoniya halında çalışaraq qara dəliyin görüntüsünü tamamlamağa gərəkən bütün komponentləri çəkməyə qadirdir.

«İlk növbədə Nyu-Yorkda oturduğunuz halda Los-Ancelesdəki qolf topunun üzərindəki çökükləri saymağa imkan verəcək qədər güclü, ultrayüksək böyütməyə ehtiyac var. İkincisi, Süd Yolundakı qaza və qara dəliyin özünü əhatələyən isti qazlara rəğmən, hər şeyi görmək imkanına ehtiyac var. Bunun üçün Yer kürəsi boyda teleskop lazımdır. EHT də məhz burada köməyimizə gəlir», – EHT-nin direktoru Sheperd Doeleman «Futurism» saytına deyib.

Həyat ola bilən 7 planet tapıldı
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Doeleman-ın sözlərinə görə, EHT komandası bütün planetin səthinə səpələnmiş radio boşqab teleskopları şəbəkəsinin köməyi ilə «Yer boyda virtual teleskop» yaradıb. Teleskoplar elə sinxronizə olunub ki, eyni zaman kəsiyində fəzanın eyni nöqtəsini müşahidə edərək, qeydə aldıqlarını sərt diskə yaza bilsinlər. Məqsəd toplanan bu məlumatı birləşdirərək hipotetik vahid Yer boyda teleskopun çəkə biləcəyi görüntünü əldə etməkdir.

2017-ci ilin aprelində EHT heyəti öz teleskoplar şəbəkəsini ilk dəfə sınaqdan keçirib. Beş gecə ərzində planetin hər yerinə səpələnmiş səkkiz teleskop Oxatan bürcündəki Sagittarius A* (Sgr A*) nöqtəsinə yönəldilib. Alimlər Süd Yolunun (Bizim Qalaktikanın) mərkəzindəki bu nöqtədə supernəhəng qara dəliyin olduğu qənaətindədirlər.

Kainata baxış bucağı dəyişəcək

Cənub qütbündəki teleskopun (South Pole Telescope) ötürdüyü məlumat Massaçusets Texnologiya İnstitutunun Bostonun şimal-qərbindəki Heystək rəsədxanasına (MIT Haystack Observatory) yalnız dekabrın ortası gəlib çatıb. Səbəbsə həmin regiondan yükdaşıyan təyyarələrin az uçması olub. İndi artıq səkkiz teleskopun səkkizinin də qeydə aldığı məlumat toplandığından, alimlər qara dəliyin dolğun görüntüsünü yaratmaq üzərində çalışa bilərlər.

Qara dəliyin görüntüsü təkcə onun mövcudluğunu sübut etməyəcək, həm də Kainata baxış bucağını dəyişdirəcək.

«Qara dəliklərin Kainata təsiri nəhəngdir. Hazırda alimlər hesab edirlər ki, qalaktikalarla onların mərkəzində yerləşən supernəhəng qara dəliklər kosmik zaman ərzində birlikdə inkişaf edir. Buna görə də, olay üfüqü yaxınlığında baş verənləri müşahidə etmək bizə Kainatı daha geniş kontekstdə anlamağa imkan verəcək», – Doeleman deyir.

Qeyd edək ki, ümumi nisbilik nəzəriyyəsinə görə, olay üfüqü zaman-məkan daxilindəki elə bir sərhəddir ki, onun digər tərəfində hadisələr müşahidəçiyə hər hansı formada təsir edə bilmir. Başqa sözlə, bu sərhədin digər tərəfində baş verən olayları müşahidə etmək qeyri-mümkündür.

«Gələcəkdə alimlər bir dəfəyə bütöv bir qara dəliyin görüntüsünü qeyd edə biləcəklər. Bu, onlara Einstein-ın ümumi nisbilik nəzəriyyəsində qara dəlik və olay üfüqü haqda deyilənlərin doğru olub-olmadığını deməyə, habelə qara dəliklərin necə böyüdüyünü və maddəni necə udduğunu öyrənməyə imkan verəcək», – Doeleman deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG