Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:40

Qarğıdalı tarlasına endirilmiş təyyarə haqda 'əla film çıxar'


Rusiyada sərnişin təyyarəsi qarğıdalı tarlasına enməli oldu
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Rusiyada sərnişin təyyarəsi qarğıdalı tarlasına enməli oldu

Rusiyalı kinorejissor Nikita Mixalkov TASS informasiya agentliyinə müsahibəsində deyib ki, Moskva ətrafında təcili eniş etmiş A231 təyyarəsinin hekayəsi əsasında çox gözəl bir film çəkmək olar.

«Film çəkilişi üçün struktur var, əla film çıxar – 200 nəfəri xilas etmək üçün layneri qarğıdalı sahəsinə endirmək - əsl qəhrəmandır», — rejissor deyib. Mixalkov bildirib ki, özü belə bir filmin çəkilişi ilə məşğul olmağı planlaşdırmır, çünki onun TRITE kinostudiyası artıq oxşar məzmunlu «Ekipaj» filmini çəkib.

Mixalkovun fikrincə, A321 haqda çəkilən filmdə hekayə, sevgi və «insani mənalarla dolğunluq» olmalıdır.

«Özümü qəhrəman saymıram»

«Ural Hava Yolları»na məxsus «Airbus A321» təyyarəsi bu il avqustun 15-də Moskvanın Jukovski hava limanından Rusiyanın ilhaq etdiyi Krımın mərkəzi sayılan Simferopol şəhərinə uçurdu. Havaya qalxan zaman laynerin mühərriklərinə qağayı sürüsü daxil olub. Nəticədə mühərriklərdən biri dayanıb, ikincisi isə çətinliklə işləməyə başlayıb. Ekipaj komandiri Damir Yusupov və ikinci pilot Georgi Murzin təcili eniş etmək haqqında qərar qəbul ediblər. Layner Moskva ətrafındakı Ramenski rayonunun ərazisində bir qarğıdalı sahəsinə endirilib. Təyyarədə 226 sərnişin, 7 heyət üzvü olub. Pilotların peşəkarlığı sayəsində yanğının qarşısını almaq mümkün olub. Heç kim həyatını itirməyib, 76 nəfər tibbi yardıma müraciət edib. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, onlardan 23-ü xəstəxanaya aparılıb. Zədə alanların 19-nun uşaq olduğu bildirilirdi.

D.Yusupov
D.Yusupov

Avqustun 16-da Rusiya prezidenti Vladimir Putin Yusupov və Murzinə Rusiya Qəhrəmanı adının verilməsi barədə sərəncam imzalayıb. Təyyarə heyətinin qalan hissəsi isə «Rəşadət» ordenləri ilə təltif edilib.

D.Yusupov hadisədən bir gün sonra jurnalistlərə müsahibəsində təyyarənin hər iki mühərrikində problem yaranan zaman qorxmadığını, daha doğrusu, qorxmağa vaxtının olmadığını demişdi.

«Qorxmadım, etməli olduğumu etdim... Təyyarəni, sərnişinləri və heyəti xilas etdim. Məncə, bu, mövcud olan yeganə qərar idi. Özümü qəhrəman saymıram», –o bildirmişdi.

Yusupov kimdir

Yusupov və rəhbərlik etdiyi heyətin digər 6 üzvünün qəza təhlükəsi qarşısında özlərini itirmədən verdiyi cəsarətli qərarı 2009-cu ildə Nyu-Yorkda baş vermiş «Hudzon möcüzəsi» ilə müqayisə edirlər. O zaman «US Airways» şirkətinə məxsus təyyarənin kapitanı Çesli Sallenberqer təyyarəni ustalıqla Hudzon çayına endirmiş, bütün sərnişinləri və heyəti xilas etmişdi. Bu hadisəyə də quşların (Kanada qazlarının) mühərrikə girməsi səbəb olmuşdu.

«Ural Hava Yolları» şirkəti D.Yusupovun 3000 saatlıq uçuş təcrübəsinə malik, hazırlıqlı bir pilot olduğunu bildirib.

Tatar əsilli Yusupovun atası helikopter pilotu olub. Ancaq Yusupov əvvəlcə hüquq təhsili alaraq bu sahədə çalışıb. Yalnız 32 yaşında aviasiya məktəbinə daxil olaraq, atasının yolunu davam etdirmək qərarına gəlib. 33 yaşında Buquruslan yay mülki aviasiya məktəbini, 2013-cü ildə isə Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetini fərqlənmə diplomu ilə bitirib. Ancaq o, bununla kifayətlənməyib və sonradan Ulyanovsk Mülki Aviasiya İnstitutunda avianaviqasiya ixtisası üzrə təhsil alıb.

D.Yusupov baş verən hadisənin həyəcanından sonra bir müddət istirahət edəcəyini, pilot fəaliyyəti ilə məşğul olmayacağını bildirib.

«Hazırda məzuniyyətdəyəm və qəza ilə bağlı araşdırma bitənədək dincələcəyəm», – o deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG