Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:46

'75 yaşınacan qayıtmaq istəyirəm'. Erməni əsilli musiqiçi Rusiyadan 50 illiyə çıxarılıb


Qaqo Makiçyan
Qaqo Makiçyan

Erməni əsilli rusiyalı violonçel ifaçısı Qaqo Makiçyan Rusiyanın Ukraynaya irimiqyaslı işğalından sonra belə açıq siyasi fəallıqdan xeyli yayınırdı.

Bununla da qardaşı, eko və siyasi aktivist, eyni zamanda musiqiçi həmkarı Arşak Makiçyandan kəskin fərqlənirdi. Sonuncu prezident Vladimir Putinin 2022-ci ilin fevralında başlatdığı müharibəyə açıq etiraz edib.

“Fəalları dəstəkləyirəm, amma aktivizm mənə görə deyil. Arşakın musiqiçi karyerasını yox, aktivizmi seçmək qərarını başa düşürəm. Və belə bir seçimin onun üçün nə qədər çətin olduğunu anlayıram”, – Qaqo Makiçyan AzadlıqRadiosunun rus xidmətinə bildirib.

Son ana qədər inanmırmış...

Amma iki qardaş arasındakı ziddiyyət müharibəyə qarşı çıxanlara təzyiqləri artıran Rusiya hakimiyyəti üçün böyük fərq deyilmiş. Makiçyan qardaşları və ataları milli təhlükəsizliyə hədə sayılaraq Rusiya vətəndaşlığından məhrum ediliblər. Onların 50 il ərzində ölkəyə girişləri yasaqlanıb.

“Son ana qədər bizdən ölkədən çıxmağı tələb edəcəklərinə inanmırdım. Vətəndaşlığı olmayan şəxs statusu aldıqdan sonra belə Rusiyada yaşamağı planlaşdırırdım. Moskvada anadan olmuşam və Rusiya vətəndaşı ilə ailə həyatı qurmuşam. Heç vaxt müxalif fəaliyyətə qatılmamışam. Əmin idim ki, məni deportasiya edəcək heç nə yoxdur”, – Qaqo AzadlıqRadiosunun rus xidmətinə danışıb.

Makiçyanlar məhkəmənin qərarını ləğvinə nail olmayıblar. Məhkəmə qərarını 15 il öncə vətəndaşlıq sənədlərinin guya saxtalaşdırılması ilə əsaslandırıb.

AzadlıqRadiosunun nəzərdən keçirdiyi sənədlərə görə, Federal Təhlükəsizlik Xidməti (FSB) 25-yaşlı Qaqo və atasının milli təhlükəsizliyə hədə olduğunu müəyyənləşdirdikdən sonra onlar fevralda, Rusiyanı tərk etməyə məcbur olublar və 50 il müddətinə geri qayıtmaqlarına qadağa qoyulub.

“Aydındır ki, qardaşımın fəallığına görə qovulmuşuq. Bu qərarın başqa izahını görə bilmirəm”, – Qaqo deyib.

‘Bizdən nəzakətlə Rusiyadan tez çıxmağı xahiş etdilər’

İsveçli ekoloji fəal Qreta Tunberqin (Greta Thunberg) əsasını qoyduğu “Gələcək üçün beynəlxalq cümə günləri” ekoloji hərəkatının aktivisti, 29-yaşlı Arşak Makiçyan Rusiyada icazəsiz ekoloji mitinqlərə görə dəfələrlə həbs edilib. 2022-ci ilin fevralında Putinin genişmiqyaslı işğalından az sonra o, Ukraynadakı müharibəyə açıq etiraza başlayıb.

2022-ci ilin oktyabrında Arşak Rusiyadan Almaniyaya gedib. Bundan sonra Rusiya məhkəməsi onun, atasının və qardaşının vətəndaşlığını ləğv edib.

“Mən rusiyalı erməniyəm, faşist deyiləm. Ona görə də məni Rusiya vətəndaşlığımdan məhrum edirlər. Gəlin, təkcə həbsxanada olmalı olan qaniçən qatillərə deyil, hamımıza yer olacaq bir ölkə uğrunda birlikdə mübarizə aparaq”, – Arşak qərardan sonra Facebook-da yazıb.

Onu izləyiblər

Moskva Dövlət Konservatoriyasının məzunu Qaqonun dediyinə görə, fevralın 25-i mühafizəçilər onu və atasını Moskvada saxlayıb. Onların 50 il müddətinə Rusiyaya girişinə qadağa qoyulduğunu bildiriblər.

“Məndən çox nəzakətlə Rusiyanı dərhal tərk etməyim istənildi. Fürsətdən istifadə edib elə həmin gün ölkədən çıxdım”, – Qaqo AzadlıqRadiosunun rus xidmətinə bildirib.

Bir neçə gün sonra Teleqram-da, Kremlə sadiq bir təbliğat kanalında Arşak haqqında videoreportaj yayımlandı. Həmin videoda Rusiya təhlükəsizlik qüvvələrinin Qaqonun bir ay öncə Moskvadakı toy mərasimini izlədiyi görünürdü. Bu, Makiçyanların on il qabaqkı iddia edilən pasport pozuntularına görə deyil, Arşakın siyasi fəaliyyətinə görə hədəfə alınmalarına sübutları artırıb.

“Belə çıxır ki, məni izləyiblər. Bunu Arşakla bağlı videoya baxanda öyrəndim. Videoda bu ilin yanvarında qonaq belə dəvət etmədiyim toyumun görüntüləri var idi”, – Qaqo bildirib.

Arşak Makiçyan
Arşak Makiçyan

Rusiyaya qayıtmaq istəyir

Qaqo Makiçyan 6 yaşından violonçel ifa edir. Onun sözlərinə görə, solo layihələr, o cümlədən albom üzərində işləyirdi. Amma Rusiyadan qovulması ilə işləri yarımçıq qalıb.

O, ötən həftə Facebookda paylaşdığı yazıda, deportasiya edildikdən sonra birbaşa Ermənistana uçduğunu, orada Almaniyaya humanitar viza və Berlində məskunlaşmasına icazə verən səyahət sənədi aldığını bildirib.

Məcburi deportasiyadan sonra qardaşı ilə münasibətinin dəyişib-dəyişmədiyini soruşduqda, Qaqo qardaşı ilə “adətən bir-birilərinə yetərincə vaxt ayırmadıqlarını” deyib. “Amma münasibətimiz yaxşıdır, hər zaman bir-birimizi dəstəkləmişik. Deportasiyadan və yaşadıqlarımızdan sonra daha da yaxınlaşmışıq”, – Qaqo bildirib.

Qaqo onu vətəndaşlıqdan məhrum edən və 50 il geri qayıtmağı yasaqlayan ölkəsinə qarşı pis heç nə hiss etmədiyini bildirib. “Mənimlə bu cür rəftar edən Rusiya deyildi, dövlət sisteminin kiçik strukturu idi. Bu o demək deyil ki, Rusiyaya münasibətim pis olacaq”, – Qaqo AzadlıqRadiosunun rus Xidmətinə bildirib

“Fürsət tapan kimi ora qayıtmaq istəyirəm. Ümid edirəm ki, bu, 75 yaşımdan əvvəl baş verəcək”, – o əlavə edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG