Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:16

Qeydiyyatsız dərmanlar apteklərə necə yol tapır?


Dərman qaçaqmalçılığı və ölkədə qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunan səkkiz nəfərin işi üzrə məhkəmə təhqiqatına başlanıb.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi, general Fikrət Qədiməliyevin də olduğu qrup gömrükdən kənar dərmanların ölkəyə gətirilməsi, Səhiyyə Nazirliyində qeydiyyatdan keçirilmədən apteklərdə satışı kimi əməllərdə ittiham edilir.

Təqsirləndirilən şəxslərdən 6-sı həbsdədir, azadlıqda olan iki nəfərdən biri də general Fikrət Qədiməliyevdir. Onların işini Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

Fevralın 25-də prokuror ittihamı elan edib. Fikrət Qədiməliyev, Elnur Məmmədov, Fərman Məmmədli, Vasif Xıdırov və Cəmil Mehdiyev özlərini təqsirli bilməyiblər. Anar Məmmədov və Türkiyə vətəndaşı Ateş Atanur ittihamı qismən qəbul ediblər. Əlamət Quliyev isə özünü təqsirli sayır.

Ancaq təqsirləndirilən şəxslərin əksəriyyəti indiki mərhələdə ifadə verməkdən imtina edib. Anar Məmmədov isə razılaşıb. O deyib ki, digər 7 nəfərdən ancaq Ateş Atanuru tanıyır:

“Ateş Atanuru oğlumu məktəbə qoyanda tanıdım. Direktorun tanışı idi. Sonradan bildim ki, Ateş Atanur Bakıya dərman gətirir və birinci əl onda olur. Mən də ondan alıb satırdım. Alınan malın qeydiyyatı mənlik deyildi. Axırıncı dəfə də DTX əməkdaşları bizi saxladı. İlk dəfə idi ki, dərmanı evə gətirirdim. Elə həyətdə bizi tutdular. Həmin gün dərman çox idi. Çünki 6 ay idi ki, mal gəlmirdi...”

“Ucuz olduğu üçün ondan alırdım”

Anar Məmmədov özü də aptek açdığını, dərmanları əsasən “Zeytun” və “Avromed” şirkətlərindən aldığını söyləyir. Dediyinə görə, vergi ödəyib, rəsmi qaydada işləyib. O, dərmanları Ateş Atanurdan almasının səbəbini isə belə izah edib:

“Birinci əl idi, ucuz olduğu üçün ondan alırdım. Amma niyə ucuz olduğunu bilmirdim”.

Ateş Atanurdan aldığı dərmanların Səhiyyə Nazirliyində qeydiyyatdan keçib-keçməməsindən xəbərsiz olduğunu söyləyən Anar Məmmədovun sözlərinə görə, başqa firmalardan aldığı dərmanlar da eyni qaydada gəlirdi: “Fərqi yox idi. Qeydiyyatdan keçib-keçmədiyini bilmirdim. Heç maraqlanmırdım”.

Təqsirləndirilən Elnur Məmmədov da ifadə verib. O, gömrük xidmətindən öncə Dövlət Yol Polisində inspektor işləyib. Gömrükdə leytenant rütbəsi ilə xidmət edib. Elnur Məmmədovun sözlərinə görə, o, dərmanların qeydiyyata alınması, sənədləşməsi işinə baxmayıb:

“Mən sadəcə malların gömrükdən çıxışına baxmışam. Skanlaşdırma şöbəsində işləyirdim və gələn malları möhürlərə uyğun buraxırdıq. Gömrükdən çıxarılan malların sənədlərində iki möhür olurdu. Gömrükdən buraxılış möhürü də var idisə, biz malın çıxışına icazə verirdik”.

Elnur Məmmədov təsdiqləyir ki, mal gətirdiyi müddətdə gömrükdə heç bir problem yaşamayan şirkətlərə müəyyən güzəştlər edilib. Güzəşt isə həmin şirkətlərin malının çıxarılması prosesinin tezləşdirilməsi olurdu.

Amma o, etiraf edib ki, malları monitordan keçirərkən səhlənkarlığa yol verib, bütün yüklərə bir-bir baxmayıblar:

“Özümü qismən təqsirli bilmişəm ona görə ki, monitordan keçən malları tam yoxlamırdıq. Bir neçəsinə baxırdıq və sonra keçirirdik. Bu da qeyri-qanuni deyildi. Seçmə üsulu idi və problemsiz şirkətlərə tətbiq edilirdi”.

Prokuror ondan soruşub ki, “Gömrük Hospitalına gətirilən dərmanlara güzəşt edilirdimi?”

Elnur Məmmədov suala konkret cavab verməyib:

“Sadəcə gömrüklə problemi olmayan şirkətlərə güzəşt edilirdi. Gömrük Hospitalı da bizim çalışdığımız müəssisəyə daxil idi və daxili inam var idi”.

Məhkəmə prosesi martın 1-də davam edəcək.

Xatırlatma

İttihamda yazılıb ki, hava limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında dərmanları çıxarıb, təqsirləndirilən şəxslərdən Anar Məmmədovun evinə daşıyıblar. Dərmanlar dövlət qeydiyyatından keçməyib. Evdə ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 109 min manata yaxın müxtəlif dərmanların tapıldığı iddia edilir.

Cinayət işinin materiallarında iddia olunur ki, Səhiyyə Nazirliyinin əməkdaşları A. Məmmədova məxsus, Yasamal rayonunda yerləşən «Zeytun» aptekinə baxış keçirərkən dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar ediblər.

Daha sonra Yasamal rayonu ərazisindəki «İrem», «Qlükoza», «Avas», «Fatimə», Nəsimi rayonu ərazisindəki «Zeytun», «Medical City», «Elit», «Vahid», «Dokta Elite», Nərimanov rayonu ərazisindəki «Şəfa», «Şəfa Zeytun 426», «Təbib» apteklərinə satılmış, dövlət qeydiyyatından keçməmiş dərmanlar aşkar edilərək dövriyyədən çıxarılıb.

Bundan sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov vəzifədən azad edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG