Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:17

'Hökumət başa düşür ki, Venesiya Komissiyasına müraciət etsə, neqativ rəy alacaq'


Hansı ölkənin siyasi partiyalar haqqında qanunu daha demokratikdir?
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

Hansı ölkənin siyasi partiyalar haqqında qanunu daha demokratikdir?

Azərbaycanda artıq media və siyasi partiyalarla bağlı qanunvericilik Avropa Şurası Venesiya Komissiyası ilə müzakirələr aparılmadan qəbul edilməkdədir. Hazırda Milli Məclisdə müzakirə olunan "Siyasi partiyalar haqqında" Qanun layihəsi Venesiya Komissiyasına göndərilməyib. Ötən ilin sonunda qəbul olunmuş "Media haqqında" Qanun da müzakirə vaxtı həmin quruma göndərilməmişdi. Hərçənd, sonra Venesiya Komissiyası rəyində bildirdi ki, sənədin çox müddəaları ifadə və media azadlığı ilə bağlı Avropa standartlarına uyğun gəlmir. Komissiya yazırdı ki, sənəd mediaya "ictimai nəzarətçi" rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir.

H.Babaoğlu
H.Babaoğlu

"Venesiya Komissiyasının təcrübələrini əks etdirmişdik"

Hökumət rəsmiləri və Azərbaycan parlamentinin üzvləri isə bu tənqidləri qəbul etmirlər. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu "Turan"a deyib ki, Azərbaycan insan hüquqları ilə bağlı qanunvericilik fəaliyyəti zamanı yerli qanunvericiliyi qoşulduğu beynəlxalq müqavilələrə uyğunlaşdırır və rəyə göndərir: "Göndərilməsə belə, Venesiya Komissiyasının müvafiq sahə üzrə qanunvericiliklə bağlı tövsiyələri nəzərə alınır. Biz bu yaxınlarda "Siyasi partiyalar haqqında" Qanunu müzakirə edən zaman Venesiya Komissiyasının təcrübələrini orada əks etdirmişdik. Məsələn, qeydiyyat üçün imza sayı əhalinin 0.1 faizi götürülür, biz də əhalimizin sayı 10 milyon olduğuna görə onu 10 min götürmüşdük və sonra yenə də onu azaltdıq".

Komitə üzvü qeyd edib ki, Venesiya Komissiyasının tövsiyələrinin vahid standartı yoxdur: "Yəni, fərqli ölkələrə fərqli rəylər verirlər".

Deputatın sözlərinə görə, Venesiya Komissiyasından asılı olmayaraq Azərbaycan Konstitusiyasında insan hüquqları əhatəli təsbit olunub. Onun fikrincə, Konstitusiyanın müddəaları daha böyük azadlıqlar verir və qanunlar da buna uyğunlaşdırılıb.

"…Məcburiyyəti yoxdur"

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov isə AzadlıqRadiosuna bildirib ki, hakimiyyətin formal olaraq Venesiya Komissiyasının rəyini almaq məcburiyyəti yoxdur: "Amma Venesiya Komissiyası ilə əməkdaşlığın məqsədi ondan ibarətdir ki, o, üzv ölkələrində Avropa standartlarının təkmilləşdirilməsində rol oynayır".

A.Qurbanov
A.Qurbanov

Ekspert xatırladır ki, Azərbaycan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinqi altında olan ölkədir: "Hər il məruzəçilər illik hesabatlar təqdim edirlər. Öhdəliklərin yerinə yetirilib-yetirilməməsinə dair hesabatlar qəbul olunur".

"Məqsəd daha çox nəzarət yaratmaqdır"

A.Qurbanovun fikrincə, 2016-cı ildə keçirilən referendumdan sonra Azərbaycanda irəli sürülən layihələr dəyişmiş Konstitusiyanın ruhundan doğan gücləndirilmiş mərkəzi hakimiyyətinin məramına xidmət edir: "Azərbaycan hakimiyyəti gözəl bilir ki, bu qanunlar Avropa Şurasının standartlarına uyğun deyil. Belə qanunların qəbul edilməsi tendensiyası getdikcə güclənir. Bunun məqsədi daha çox nəzarət yaratmaqdır".

Onun sözlərinə görə, Azərbaycan hökuməti başa düşür ki, belə yanaşma ilə Venesiya Komissiyasına müraciət etsə, oradan neqativ rəy alacaq: "Neqativ rəyi ala-ala qanunu qəbul edirsənsə, deməli, açıq surətdə Avropa Şurasına qarşı gəlirsən. Buna görə də hökumət vaxt itirmir və istər daxili, istər beynəlxalq ictimai mövqedə öz əleyhinə rəyin gücləndirilməsinə getmədən, sürətli şəkildə, heç yerə müraciət etmədən belə qanunlar qəbul edir".

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Ölkə bu quruma üzv olarkən insan hüquqları, azad seçkilər və başqa məsələlərlə bağlı üzərinə öhdəlik götürüb. Avropa Şurasının öhdəlikləri ilə bağlı Azərbaycanda monitorinqləri hələ də davam edir.

XS
SM
MD
LG