Dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində beş nəfərin – Vüqar Səlimov, Natiq İsayev, Feyruz Novruzov, İsmayıl Yusifov və Eldəniz Vəliyevin mühakiməsi başlayıb.
İttihama görə, onlardan bəzilərinin üzərindən narkotik tapıldığı iddia olunsa da, ümumilikdə hamısı bir neçə oğurluq hadisəsində təqsirləndirilirlər. Onlara verilmiş ittiham epizodlarından biri də “Qanun” nəşrlər evi və “Əli və Nino” kitab mağazaları şəbəkəsinin seyfindən pul oğurluğu ilə bağlıdır.
Bu iş məhkəmədə araşdırılması üçün Cavid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasının icraatına verilmişdi. Amma hakimlər cinayət işini istintaqa qaytarıblar.
Buna da bax: 'Qanun'dan müəmmalı oğurluq
Məhkəmə təqsirləndirilən şəxslərdən Eldəniz Vəliyevin vəkili Elmira İsmayılovanın vəsatəti əsasında belə qərar çıxarıb. Vəkil deyib ki, bu adamlara verilmiş ittiham maddələri düzgün seçilməyib, istintaq Cinayət Məcəlləsinə edilmiş son dəyişiklikləri nəzərə almayıb. Cinayət işində bir neçə oğurluq nəticəsində zərərçəkmişlərə dəymiş ziyanın məbləği 42 min müəyyənləşdirilib. Vəkilin sözlərinə görə, qanuna son dəyişiklikdən sonra ziyanın məbləği 50 mindən aşağı olduqda, o əməl ağır cinayətlər kateqoriyasına aid edilmir və işə rayon məhkəməsi baxır. Müdafiəçi bu səbəbdən cinayət işinin yenidən araşdırılması üçün istintaqa qaytarılmasını istəyib.
Buna da bax: Polis 'Qanun'un oğrularını tapdığını deyir
Hakimlər vəsatəti təmin edib.
“Qanun” nəşrlər evində oğurluq 2016-cı il sentyabrın 26-dan 27-nə keçən gecə baş verib. Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun sözlərinə görə, düz bir il öncə - 2015-ci ilin eyni günündə də nəşriyyatdan oğurluq olub. Həmin vaxt hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin üstü açılmayıb.
Təqsirləndirilən şəxslərdən Vüqar Səlimovun “Qanun Nəşriyyatı” MMC-də çap şöbəsində çalışdığı bildirilir.
Buna da bax: ("Qanun" nəşriyyatın rəhbəri Şahbaz Xudoğlunun oğurluqdan sonra Facebook-da yazdıqları)