Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:28

Generalın 'bir çamadan' qızılının oğurluğuna görə bəraət hökmü


Sədaqət Məmmədova
Sədaqət Məmmədova

Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyinin direktoru, general-mayor cin evindən bir çamadan qızıl-zinət əşyaları və pul oğurluğu ilə bağlı təxminən bir ildir davam edən məhkəmə yekunlaşıb. Oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan olunub – evin qulluqçusu, 160 min manatlıq qızıl-brilyant və pul oğurluğunda suçlanan Sədaqət Məmmədovaya bəraət verilib. Rahib Salmanovun sədrlik etdiyi hakimlər kollegiyası belə nəticəyə gəlib ki, generalın var-dövlətini xidmətçinin oğurlaması sübuta yetirilməyib.

GENERALIN QIZININ 300 MİNLİK EVİNİN SƏNƏDLƏRİ NİYƏ YOXA ÇIXIB?

Kürdəmir sakini olan S.Məmmədovaya oğurluqla yanaşı, həm də CM-nin 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama, zədələmə, gizlətmə və ya məhv etmə) maddəsi ilə də ittiham verilmişdi. O, generalın qızının adına olan evin sənədlərini gizlədib, sonradan onları məhv etməkdə günahlandırılırdı. Bu maddə ilə məsuliyyətə cəlbetmə müddəti keçdiyinə görə həmin ittihama da xitam verilib.

***Buna da bax-Azərbaycanda general evindən oğurlanan bir çamadan qızıl və pulları axtarır

S.Məmmədova özü də günahsız olduğunu söyləyir. Deyir ki, oğurlanan qızıl və puldan xəbəri yoxdur. O, məhkəmədə iddia edib ki, evdən əşyaları və pulu generalın öz yaxınları oğurlayıb, bunu Qambay Əliyev özü də bilir. Evin xidmətçisi konkret olaraq, generalın qızını və kürəkəni Ramin Qədirovu günahlandırır. Onun sözlərinə görə, hadisədən əvvəl R.Qədirov bir işdən ötrü generalın anası Böyükxanım Əkbərovadan 200 min pul istəyib. Amma həyat yoldaşının nənəsi R.Qədirova cəmi 4 min manat verib. Bundan başqa, Qədirov həyat yoldaşının adına ondan xəbərsiz ev alınmasından xəbər tutub. Bütün bunlara görə də intiqam almaq istəyib.

S.Məmmədova deyir ki, gizlətdiyi mənzil sənədlərini də ona Ramin vermişdi:

«Evdə təmir gedirdi. Həmin vaxt Ramin həyat yoldaşı Sevincin adına 300 min manatlıq evin sənədlərini tapdı. Hirsləndi. Bir müddət sonra həmin sənədləri götürüb mənə verdi. Oğurluq hadisəsindən sonra Ramindən soruşdum ki, mənə verdiyin o sənədlərin bu hadisəyə dəxli var? Oğlunun canına and içdi ki, yoxdur. Soruşdum ki, o sənədləri neyləyim? Dedi ki, «nə istəyirsən, elə, yandır, cır at». Mən də kəndə gedəndə yandırdım».

***Buna da bax-Gömrük işçisi: 'Gördüm avamdı... 2 min 200 dollarını aldım'

R.Qədirov isə məhkəmədə dindirilərkən oğurluqda əli olması barədə iddiaları rədd edib. Deyib ki, oğlu ilə gəzintidən qayıdıb, evdən yoldaşını götürmək istərkən, mənzildə polisləri görüb. Oğurluqdan da həmin vaxt xəbər tutub. S.Məmmədovanı evdə işləyən qulluqçulardan biri kimi tanıdığını deyən R.Qədimov onunla heç bir əlaqəsi olmadığını, ona heç bir sənəd vermədiyini söyləyib.

XATIRLATMA

Oğurluq baş verən ev generalın anası Böyükxanım Əkbərovanın adına olub. S.Məmmədova o evdə xidmətçi olmaqla yanaşı, gecələr B.Əkbərovaya da baxır və söylədiyinə görə, buna görə ayrıca pul alırmış.

S.Məmmədova hadisədən bir neçə gün sonra həbs olunub. Amma bir müddət sonra o, ev dustaqlığına buraxılıb. O, məhkəmədə danışıb ki, oğurluğu boynuna götürməsi üçün Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qalıb, ondan generalın qızı ilə kürəkəninin adını hallandırmamaq tələb olunub. Onun sözlərinə görə, həbsxanada olarkən, generalın qızı Sevinc Əliyeva onun yanına gəlib, 150 min təklif edib ki, onun həyat yoldaşının adını çəkməsin. Ardından onun barəsində həbs-qətimkan tədbirini dəyişib ev dustaqlığına buraxıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG