AzadlıqRadiosunun Erməni xidmətinin “Dağlıq Qarabağ rəsmisi” kimi təqdim etdiyi Sarkis Qalstyan ötən həftənin sonunda gözlənilmədən Ermənistana gəlib və casusluq ittihamı ilə həbs olunub.
Azatutyun yazır ki, Qalstyan və onun arvadı ötən sentyabrda Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan sonra orada qalmış az sayda ermənilərdən idi.
Onlar sentyabrda Qarabağı kütləvi köçlə birlikdə tərk etməmişdilər.
Azatutyun yazır ki, Birinci Qarabağ müharibəsinin (1991-1994) iştirakçısı olan Qalstyan separatçı rejimdə bir neçə vəzifələr tutub.
Xəbərdə deyilir ki, onun Qarabağda qalmaq qərarı Qalstyanın Azərbaycan hakimiyyətinə “işləməsinə” dair şayiələrin yayılmasına səbəb olmuşdu.
Azatutyun yazır ki, Qalstyan o vaxt Qarabağda niyə qalmaq istəməsinin və indi oranı niyə tərk etməsinin səbəblərinə aydınlıq gətirmir.
Qırmızı Xaç
Azatutyun mənbələrə istinadla yazır ki, ər-arvad Ermənistana ötən həftənin sonunda Laçın postundan keçərək gəlib.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə Qalstyan ötən cümə günü həbs edilib və ona qarşı casusluq ittihamı irəli sürülüb.
Bu da xəbər verilir ki, Qalstyan və arvadını Ermənistana səfərlərində Beynəlxalq Qırmızı Xaç Komitəsi müşayiət edib.
Komitənin Yerevan ofisinin sözçüsü Zara Amatuni deyib ki, Qırmızı Xaç sözü gedən şəxslərin “arzu və iradəsinə” uyğun hərəkət edib:
“Biz oktyabrdan bəri ümumilikdə Qarabağdan Ermənistana könüllü köçən 50 nəfərə kömək etmişik”.
Bundan əvvəl
Bu da qeyd olunur ki, Qalstyanın hazırda Yerevanda olan qardaşı oğlu Davit Qalstyan separatçı rejimin liderlərindən olub.
O əmisinin Ermənistana gəlmək niyyətindən xəbərsiz olduğunu deyib.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun hələ 2023-cü ilin oktyabrında Sarkis Qalstyan haqqında yazmışdı.
O vaxt onun guya Bakı tərəfindən Xankəndiyə komendant təyin edilməsinə dair məlumatlar yayılmışdı.
Jurnalist Tatul Akopyan özünün Facebook səhifəsində yazmışdı ki, “Sarkis Qalstan Əliyev administrasiyası tərəfindən Stepanakertin (Xankəndi – red) komendantı təyin olunub”.
Akopyan belə bir şübhəsini də bildirmişdi ki, Qarabağda uzun illər müxtəlif vəzifələr tutmuş Qalstyan “90-cı illərdə Azərbaycanın xüsusi xidmətləri tərəfindən ələ alınıb”.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.
Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.
Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.
Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.
Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.