Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:35

Qalaaltıdakı su boruları yoxa çıxır


Kəmər. Foto illüstrasiya
Kəmər. Foto illüstrasiya

«Məmurlar insanları o vəziyyətə çatdırıb ki, borudan ötrü də prezidentə yazırıq. Bir işbaz peyda olub, yerli məmurlarla əlbir olub su borularını kəsib satırlar».

Bunu AzadlıqRadiosuna Şabranın Qalaaltı kənd sakinləri deyir.

«BORUKƏSƏNLƏRİ KƏNDLİLƏRDƏN QORUYURLAR»

Kənd sakini Bəxtiyar Cəbiyevin sözlərinə görə, bir neçə gündür ki, kənddən keçən 4 kilometrlik su borusu oğurlanıb və əlvan metal qəbulu məntəqələrindən birinə satılıb. Nəticədə kəndlilər susuz qalıb:

«Yayın cəhənnəm istilərində kəndin bir hissəsi susuzluqdan dad döyür. Bu borular Sovet vaxtından qalan borulardır. «Siyəzənneft»in balansındaydı. Bir də baxdıq ki, borukəsən aparatlarla boruları doğrayıb bir tərəfə toplayırlar. Kənd camaatı yaxınlaşıb maraqlananda dedilər, «borular istifadəsiz qalıb, onsuz da heç nəyə yaramır». Halbuki, o borularla kəndə içməli su axırdı».

Kənd sakini Kamran Həsənov deyir, boruların kəsilib satılmasına görə yerli icra hakimiyyətinə, bələdiyyəyə müraciət olunub:

«Ancaq sonra məlum oldu ki, gündüz çağı kəndin ortasındakı borunu hər özünə güvənən oğlan doğrayıb aparmaz. Bu işlərin arxasında elə məmurlar dayanır. Borunu kəsib aparıblar, camaat suyu pulla almaq məcburiyyətində qalıb. Bu işdə polisin də əli var. Çünki borular kəsiləndə ərazidə polislər də görünür. Boruları kəsənləri kəndlilərdən qoruyurlar».

«DÖVLƏTİN PASLI İYNƏSİ DƏ SATILA BİLMƏZ»

Siyəzən Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, qurum əməkdaşlarının Qalaaltıdakı boruların kəsilməsi ilə heç bir əlaqəsi yoxdur:

«Düzdür, o borulara görə məsuliyyəti kənd bələdiyyəsi daşıyır. Ancaq ola bilsin ki, kəsilib çıxarılan borular istismar müddəti bitmiş borulardır. Heç kəs dövlətin bircə paslı iynəsini də sata bilməz. Ola bilsin ki, o borular aktlaşdırılaraq çıxarılıb».

Qalaaltının kənd bələdiyyəsindən isə «Qaynar xətt»ə bildirilib ki, ötən aydan başlayaraq kənddə sıradan çıxmış borular dəyişdirilir:

«Kənddə borulara görə su problemi yaşanırdı. Hazırda köhnə borular yeniləri ilə əvəzlənir, bundan sonra kəndin içməli su ilə təminatında problem olmayacaq».

Bələdiyyədən o da bildirilib ki, sakinlərin iddiaları əsassızdır, çıxarılan borular aktlaşdırılır və aidiyyəti yerlərə təhvil-təslim edilir.

XS
SM
MD
LG