Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:44

Bir qrup Qala sakini yolu bağlamaq istəyib


Xəzər rayonunun Qala qəsəbəsinin bir qrup sakini uzun illərdir yaşadıqları evlərin sökülməsindən narahatdır. Sakinlər bu gün, noyabrın 5-də qəsəbənin Xaşa-Xuna massivinə toplaşıblar.

Bir qrup sakin qəsəbədəki əsas yolu bağlamaqla narazılıqlarını ictimailəşdirmək istəyib. Ancaq əraziyə gələn polis əməkdaşları aksiyanın baş tutmasına imkan verməyib.

Narazı sakinlər deyir ki, 20 ilə yaxındır, bu ərazidə məskunlaşıblar. Onların əksəriyyəti məcburi köçkünlərdir.

Əslən Kəlbəcər rayonundan olan sakinlərdən birinin deməsinə görə, indiyə kimi evləri ilə bağlı heç bir problem olmayıb. Onun vurğulamasına görə, seçkilər zamanı evlərin sənəd probleminin həll olunacağına dair onlara vəd veriblər.

“Ölkə başçımız da bunu bir neçə dəfə söyləyib. Deputatlar da deyirlər ki, Milli Məclis artıq bu məsələni həll edib. Ancaq keçən həftə rəsmi qurumlardan xəbərdarlıq gəlib ki, evləriniz qanunsuzdur. Daşı-daş üstünə qoymaq olmur, dərhal icrası, polisi başımızın üstünü alır, qanunsuz ev tikməyə imkan verərlər? Massvidəki bütün evlərin rəsmi ünvanı var, işğı var, qazı, suyu var. Hər ay ödənişimizi etmişik. Seçki məntəqəsi də var. Siyahı ilə orda qeydiyyatdayıq. Necə olur ki, yaşadığımız ev qanunsuz tikili olur”, deyən sakin əlavə edir ki, massiv Xəzər rayonu ilə Abşeron rayonunun arasında qalıb:

“Bir gün bu rayondan, sabah başqa rayonun icrasından gəlirlər. Bizim istəyimiz budur ki, məsələ birdəfəlik həll edilsin”.

Digər narazı sakinlər də eyni problemdən şikayət ediblər. Onların deməsinə görə, evlərin sənədləşməsindən ötrü qanunvericilikdən kənar pul istənilir.

“Bizim həmin pulu vermək imkanımız yoxdur. Hökumətdəkilər deyib ki, evlər sənədləşdiriləcək. Ya sənədləşdirsinlər, ya da torpaqlarımızı, ev-eşiyimizə özümüzə qaytarsınlar, gedib yaşayaq”, sakinlər bildiriblər.

Narazı sakinlər sonda qərara gəliblər ki, bir daha Xəzər rayon İcra Hakimiyyətinə, ölkə başçısına, Ombudsmana problemləri ilə bağlı müraciət etsinlər.

Hələlik, sakinlərin narazılığına vəonların səsləndirdiyi iddialara rəsmi qurumlardan, istər Xəzər, istərsə də Abşeron Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Hələ, 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi gündəmə gəlib.Yerli kütləvi informasiya vasitələrində yer alan xəbərlərə görə, prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı fikirlərini dilə gətirib.

Sonradan bununla bağlı qanun layihəsinin də hazırlandığı bildirilib. Ancaq illər keçdikcə bu məsələ gündəlikdən çıxıb.

XS
SM
MD
LG