Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:35

Kitabxanaların soyuq oxu zalında donmaq, yoxsa?


Mirzə Fətəli Axundov adına Dövlət Milli Kitabxanası
Mirzə Fətəli Axundov adına Dövlət Milli Kitabxanası
Kitabları oxumaq üçün kitabxana axtarmaq lazım deyil - indi bunu hamı bilir. Daha doğrusu, axtarmaq lazımdır, amma evdə oturub, interneti axtarmaq. Təəssüf ki, Azərbaycan tələbəsi hələ də, bir vaxtlar atasının etdiyi kimi, şəhər kitabxanasına getməlidir. Səbəb, təkcə informasiya texnologiyaları qıtlığı deyil. Çox vaxt tələbədən tələb olunan kitabı elektron kitabxanada tapmaq olmur. Azərbaycan tələbəsinin dərdi daha böyükdür. Onun axtardığı kitab indi heç şəhərin kitabxanalarında da yoxdur.

Azərbaycanın paytaxtında və rayonlarda 80-ə qədər ictimai kitabxana var. Amma bu kitabxana bolluğunda tələbələr gileylənirlər ki, lazımi kitabları əldə etməkdə çətinlik çəkirlər.


1-ci tələbə: «İnkişaf gedir, hər şey dəyişilir. Amma gedirsən kitabxanaya, sənə sovet dövründən qalma köhnə ədəbiyyat təklif olunur. Biz məcbur olub dərsdə 80 dəqiqə mühazirə yazırıq. Müəllimlərin mühazirələrindən ibarət bir kitab çıxartsınlar, gedək oxuyaq da».


2-ci tələbə: «Əgər hansısa müəllim kitab çıxarırsa, o da pulla satır. Yaxud hansısa kafedra yeni kitab buraxır və tələbələrə satır».


Dövlət Neft Akademiyasının qarşısında söhbətləşdiyimiz tələbələr onu da deyirlər ki, çox vaxt hətta kitabxanada olan kitabdan da faydalana bilmirlər: «Həm də ki, kitabların çoxu pis vəziyyətdədir, vərəqləri cırıqdır. Bundan başqa, kitabxanadakı kitabların nüsxələri azdır».


Yeni çap olunan kitabları kitabxanada tapmaq niyə çətindir? Bu biznes məsələsidirmi, bəlkə müəllimlər öz yeni kitablarını kitabxanaya vermək istəmirlər ki, tələbələrə sata bilsinlər? Bəs onda kitabxanaların özləri niyə həmin kitabları almırlar?


Nəşriyyatların, qanuna görə, borcudur ki, çap etdikləri hər kitabdan Milli Kitabxanaya və bir sıra başqa kitabxanalara pulsuz nüsxələr göndərsinlər. Bu üst-üstə təxminən 20 nüsxə edir. Amma «Kitabxana işi haqqında» qanunun bu tələbinə əməl edən azdır. «Qanun» nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyir ki, Azərbaycanda oxucu kütləsi məhdud olduğu üçün nəşr olunan kitabların sayı əsasən 200-500 arası olur. Onun da 20-sini kitabxanalara pulsuz verəndə, nəşriyyatın gəliri az olur: «Əgər dövlət bizə güzəşt edərsə, məsələn, nəşriyyatlara vergi güzəşti olarsa, qanunun bu müddəasını tam yerinə yetirmək olar. Amma dövlət bunların heç birini etmir».


Nəşriyyat direktoru deyir ki, onlar yalnız mənəvi prinsipləri əsas tutaraq, hər kitabdan bir neçə nüsxə böyük kitabxanalara göndərirlər. O, deyir ki, qanunun tələb etdiyi bütün təşkilatlara kitab göndərməyin mənası da yoxdur. Nəşriyyat direktorunun sözlərinə görə, məsələn, parlament və bəzi başqa dövlət orqanları onların göndərdiyi kitabları qəbul etməkdən imtina ediblər, səbəb kimi isə əlavə kitabları saxlamaq üçün yerlərinin olmadığını bildiriblər.


Kitabxanalarla bağlı vəziyyət nə qədər acınacaqlı görünsə də, problemin həllinə ümid var. İnternetdə yaradılan Azərbaycan kitabxanalarının sayı getdikcə artır. Hər bir kəs hətta evində kompyuterin qarşısında oturub həmin saytlardan istifadə edə bilər. Belə kitabxanaların ən böyüyü kitab.az-dır. Bu, ictimai layihədir, sponsoru Azərbaycanda fəaliyyət göstərən bir xarici neft şirkətidir. Rəhman Əhmədov kitab.az layihəsinin icraçısı olan «Gələcək naminə» Gənclər Təşkilatının rəhbəridir:


«21-ci əsri səciyyələndirən əsas amil vaxtdır. Elektron kitabxana imkan verir ki, biz istədiyimiz informasiya mənbəyinə qısa vaxtda çıxış əldə edək. Tələbələr bir kitabı tapmaq üçün saatlarla kataloq axtarmasın, lazımi kitabı əldə etmək üçün bir neçə kitabxana gəzmək kimi vaxt itkisinə məruz qalmasın».


Amma kitab.az elektron kitabxanaların ən böyüyü olsa da, buradakı kitabların sayı 2 mindən çox deyil.

Bakı Dövlət Universitetinin tələbəsi Kəmalə Quliyeva deyir ki, kitabxanaların soyuq oxu zalında donmaqdansa, evdə internet kitabxanalardan istifadə daha rahatdır. Amma Azərbaycan dilində olan elektron kitabxanaların fondu onu qane etmir: «Mən elektron kitabxanalardan çox istifadə edirəm, amma azərbaycandilli saytlar çox kasıbdır. Ona görə də məcbur olub rus dilində olan elektron kitabxanalara üz tuturam».


Amma indi ölkənin ən böyük kitabxanası olan Milli Kitabxananın da elektron resurslarının yaradılması işinə başlanıb. Burada 2 milyon adda kitab var. Yaponiya hökumətinin yardımıyla kitabxanaya xüsusi avadanlıqlar gətirilib. Həmin avadanlıqlar imkan verəcək ki, fonddakı kitabları çox sürətlə mikrofilmləşdirib elektron varianta çevrilsin və kitabxananın saytına yerləşdirilsin. Bundan başqa, kitabxanaların yeni kitablar alması üçün dövlət büdcəsindən ayrılan vəsaitin də artırılması nəzərdə tutulur.


YUNESKO-nun hesabatına görə, Gürcüstan kitabxanalarında külli miqdarda kitab var; hər min nəfərə 15 400 kitab düşür. Müqayisə üçün, məsələn, Monakoda min adama 9 210, Lixtenşteyndə 5 100 kitab düşür. İndi Gürcüstanda kitabxanaların sayı azalır.


Son 10 ildə Gürcüstanda 5 min kitabxana olub, amma indi kitabxanaların sayı 2 minə düşüb. Səbəb, kasıb büdcə, kitabxana işçilərinin aşağı əməkhaqqı, yeni kitab almaq imkanının olmamasıdır. Gürcüstan Kitabxanalar Assosiasiyasının rəhbəri İrakli Qaribaşvilinin dediyinə görə, bu il dövlət büdcəsindən bircə Milli Kitabxana üçün vəsait ayrılıb. Başqa kitabxanaların vəziyyəti hələ çətindir.


Rayon kitabxanaları, ya da başqa kitabxanaların vəziyyəti dəyişmir. Hələ üstəlik bəzi kitabxanalara maliyyə azaldılıb. Yeni kitab almaq üçün Gürcüstanın hər rayonuna 340 lari, yəni hardasa 186 dollar ayrılır. Hər kitabxanaya 10 lari, yəni 5 dollardan bir az çox düşür.


Kitab mağazalarına baxanda, 5 dollara təzə kitab almağın mümkün olmadığını anlamaq olar. Elə Gürcüstanda çıxan kitabların qiyməti 5 dollardan başlayır. Xarici kitablar dəfələrlə bahadır. Fikirləşmək olar ki, kitab bahadırsa, kitabxanaya gedənlərin sayı artır.


İrakli Qaribaşvili deyir: «Gürcüstan rayonlarında əhalinin sayı azalıb, məsələn, Kutaisidə əhali iki dəfə azalıb. Mümkündür ki, kitabxanaya gələnin də sayı 2 dəfə düşsün. Düzdür, indi camaatın pulu olmadığından qəzeti, kitabı kitabxanadan alıb oxuyur, 95-ci illə müqayisədə indi kitabxanaya daha çox gələn var. Amma kitabxana təzə qəzet, kitab almasa, camaat mütaliə etdiyini təzədən oxumağa gəlməyəcək ki?»


Dövlətdən vəsaitə ümid olmadığından indi kitabxanalar təzə üsula əl atırlar. Tbilisinin Qamsaxurdiya prospektində yerləşən kitabxana müştəri sarıdan korluq çəkmir. Bir binada kitabxana, kitab mağazası, kafe yerləşir. Direktor Nino Çekurişvili deyir ki, binanı icarəyə verməklə kitabxananı xilas ediblər. Yoxsa, onların kitabxanası da o birilərin vəziyyətində imiş: «Əvvəl biz də o biri kitabxanalar kimi problemlərin içindəydik. Sonra binanı 10 illiyə icarəyə verdik. Nəticədə, kitabxana dirildi. İndi bizdə yeni ədəbiyyat boldur».


Kitabxanada yeni ədəbiyyat probleminin olmadığını gələnlər də deyir. Natoyla Lela kitabxanaya tez-tez gəlir: «Vaxtımız olanda gəlirik. Burda oxuyuruq, aşağıda mağazaya baxırıq. İstədiyimiz kitab var. Evimizdə də kitabxana var, amma belə çox kitab olmaz ki...»


Bu kitabxanadakı nikbinliyə baxmayaraq, fakt faktlığında qalır; Gürcüstan kitabxanalarının sayı 2 dəfə azalıb.


Ermənistanda da kitabxanalar, üstəlik kitabxanalardakı kitabların sayı azalıb. Elə dövlətin yardımı da.


1995-ci ildən bəri Ermənistanda 200 kitabxana bağlanıb, indi 1089 kitabxana var. Kitabxanalardakı kitabların da sayı azalıb; 21 milyona yaxın kitabdan 19 milyonu qalıb. Amma Mədəniyyət Nazirliyində kitabxanalar - muzeylər üzrə idarənin müdiri Anait Qalstyan hesab edir ki, kitabların azalması vəziyyətin pisləşməsi demək deyil. O, deyir ki, parlament kitabxana haqqında yeni qanunu müzakirə edir, qanun qəbul olunsa, kitabxanaların vəziyyəti düzələcək: «Ermənistanın milli kitabxana sistemi formalaşacaq. Qanun qəbul olunanda, kitabxanaların funksiyaları dəqiqləşəcək. Mən əminəm ki, inkişaf üçün yeni təkan olacaq».


Kitabların çoxu - təxminən 6 milyonu Ermənistan Milli Kitabxanasında saxlanır. Həmin kitabxananın binasına baxanda yaxşı günü arzulamaq qalır. Korpuslardan biri 40-cı ildə istifadəyə verilib, hələ heç vaxt təmir olunmayıb. Oxu zallarını qızdırmaq müşkül məsələdir. Yeni kitab məsələsinə gələndə, Milli Kitabxananın müdiri David Sarkisyan bu barədə danışmağın mənasız olduğunu dedi. Onun sözlərinə görə, Ermənistan kitabxanalarının dünyada çox satılan kitabları almaq imkanı yoxdu: «Sovet dövründə təzə kitab almaq məsələsini hökumət özü həll edirdi, amma indi bu, kitabxananın öz çiyninə düşür. Bu, bizim gücümüz çatmayan şeydir».


Elektron kitabxana erməni oxucular üçün yenidir. Kompyuter dizaynı üzrə mütəxəssis Karen Vrdanesyan 5 il əvvəl Ermənistanda ilk elektron kitabxana yaradıb: «Düzü, əvvəl inanmırdıq ki, layihə maralı olar. Amma sonra təklif dolu məktublar gəldi. İndi bizə 30-a qədər adam kömək edir, işin çox hissəsini də onlar görürlər».


Ermənistan elektron kitabxanasında hələ ki, 90-na qədər müəllifin əsəri toplanıb.


XS
SM
MD
LG