Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

‘Qafqaz İslam Ordusu da 100 il əvvəl Azərbaycana bu hislərlə gəlmişdi’-media icmalı


1918-ci ildə Bakını işğaldan azad edən Türk əsgərlərinin xatirə lövhəsi, Bakı, 15 sentyabr 2014
1918-ci ildə Bakını işğaldan azad edən Türk əsgərlərinin xatirə lövhəsi, Bakı, 15 sentyabr 2014

Sentyabrın 15-də KİV-lər Bakının işğaldan azad olunmasının 100 illiyinə xüsusi diqqət yetiriblər.

Rəsmi “Azərbaycan” qəzetinin bu haqda olan məqaləsi də belə adlanır: “Millət sizə minnətdardır”.

Qəzet yazır ki, bu münasibətlə Tarixi Muzeyi və Türkiyənin Azərbaycandakı səfirliyi-nin təşkilatçılığı ilə “Millət sizə minnətdardır” adlı sərgi açılıb.

Buna da bax: İstiqlalın 1-ci və 100-cü ili (28-ci yazı)

Muzeyin direktoru akademik Nailə Vəlixanlı 100 il bundan öncə Bakının azad olunmasını “Azərbaycan tarixində ən önəmli hadisə” kimi dəyərləndirib.

“1918-ci il sentyabrın 15-də Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu və Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Azərbaycan hərbi hissələri Bakını düşmən işğalından azad etdi. Bütün bu hadisələr türkün türkə sadiqliyinin, düşmənə isə nifrətinin göstəricisi idi. Ona görə də əcdadlarımızın bizə qoyub getdiyi vətənpərvərlik hissinə sahib çıxmaq və onu qorumağa borcluyuq. Bugünkü sərgi də onların ruhuna hörmətimizin bariz nümunəsidir”, - akademik deyib.

Onun sözlərinə görə, 100 il əvvəlki istiqlal yürüşü zəfərlə başa çatıb və milyonçu, xeyriyəçi Hacı Zeynalabdin Tağıyev bu münasibətlə ziyafət verib.

Azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev (1838-1924)
Azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev (1838-1924)

Akademik Nərgiz Axundova isə Bakının azad olunmasını Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı baxımından “müstəsna əhəmiyyət daşıyan böyük hadisə” kimi dəyərləndirib:

“Yüz il əvvəl baş verən hadisə - Bakının işğaldan azad olunması Azərbaycan-Türkiyə qardaşlığının birliyi nəticəsində mümkün oldu.Bu gün də o birlik, qardaşlıq davam etdirilir”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakının işğaldan azad olunmasının həm Türkiyə, həm də Azərbaycanda bayram kimi qeyd edildiyini söyləyib: “...Türkiyə azərbaycanlılar üçün necə vətəndirsə, Azərbaycan da bizim üçün elə vətəndir. Qafqaz İslam Ordusu da 100 il əvvəl Azərbaycana bu hislərlə gəlmişdi”.

Azadlıq “narkobaron”u

“Azadlıq.info” isə “Narkobaronun cəzası…” ndan yazır.

Bugünlərdə prokuror siyasi fəal Orxan Baxışlı-ya 7 il həbs cəzası istəyib. Sayt bunu əsassız sayır və “dövlətə zərbə” adlandırır:

“Dövlət ittihamçısı Orxan Baxışlıya 7 il həbs cəzası istəyib. Əslində, belələri dövlət ittihamçısı yox, dövləti itiham edənlər, dövlətə ləkə vuranlardır. Bəli, bu vətənin ləyaqətli övladlarını şərləmək, dövlətin özünü şərləməkdir”.

Orxan Baxışlı
Orxan Baxışlı

​Sayt hesab edir ki, ölkəni sevməyin, bu sevgidən irəli gələrək problemlərini dilə gətriməyin qarşılığı çox ağırdır, “narkoman, xuliqan” olacaqsan.

“Azadlıq.info” yazır ki, dövlət və xalq sevgisini daşıyanlara damarlarına iynə yeritdiklərinə görə yox, beyinlərinə azadlıq uğrunda mübarizəni yeritdilklərinə görə “narkoman” adı qoyurlar.

Yazıda qeyd olunur ki, Orxan Baxışlı azadlığın “narkomanı” olduğuna görə, “narkobaronluq” səviyyəsinə yüksəlib və bu gün Orxana 7 il həbs cəzası istənilməsi siyasi fəalın ləyaqətli vətəndaş olmağının “qiyməti”dir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin üzvü Orxan Baxışlı mayın 7-də saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur. Gənc fəal ittihamı rədd edir, narkotiki cibinə polislərin atdığını deyir.

AXCP isə Orxan Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günündə mərhum jurnalist Elmar Hüseynovu hakimiyyətin qətlə yetirdiyini söylədiyinədiyinə görə həbs olunduğunu bildirib.

Ölkədən gedən xarici şirkətlər və...

Rusiya Mərkəzi Bankı
Rusiya Mərkəzi Bankı

“Novoye Vremya” qəzeti bir suala cavab axtarır: “Xarici şirkətlərlə bağlı nə baş verir?”.

Qəzet Rusiya Mərkəzi Bankının 2020-2021-ci illərdə neftin qiymətinin 55 dollara qədər enəcəyi haqda bəyanatını neft hasil edən bütün dövlətlərə, o cümlədən Azərbaycana xəbərdarlıq sayır:

“Bu dövrə indidən hazırlaşmasaq sabah gec ola bilər. Bir çox iqtisadiyyatlar, o cümlədən Azərbaycan iqtisadiyyatı da zərbə altına düşə bilər. Eləcə də Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər də bundan əziyyət çəkə bilər”.

Məqalədə daha sonra deyilir ki, indiki mürəkkəb iqtisadi şəraitdə xarici investisiyadan məhrum olmaq olduqca təhlükəlidir, əksinə iqtisadiyyata daha çox xarici şirkətlər, holdinqlər və firmalar cəlb olunmalıdırlar.

Daha sonra Azərbaycanda bu baxımdan durumun heç də yaxşı omadığı vurğulanır:

Statistika Komitəsi, Bakı, 25 yanvar 2007
Statistika Komitəsi, Bakı, 25 yanvar 2007

“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci il yanvarın 1-nə qeydə alınan xarici kapitallı 9179 şirkətdən ancaq 1424-ü , yəni 15,5 faizi fəliyyət göstərir. 2017-ci ildə xarici kapitala malik şirkətlərdə 85,4 min nəfər çalışıb ki, bu da 2016-ci il ilə müqayisədə 5,5% azalma deməkdir. İndi bu şirkətlərdə 4838 nəfər xarici şəxs çalışır və 2017-ci il ilə müqayisədə bu 24.4% azalma deməkdir”.

Qəzet yazır ki, bu rəqəmlər Azərbaycandan xarici kapital axınının göstəricisidir, amma Statistika Komitəsi həmin şirkətlərdə çalışan nə qədər azərbaycanlının iş yerini itirməsi haqda göstəriciləri açıqlamır.

“Novoye Vremya” xarici kapitallı şirkətlərin ölkədən getməsi meylinin

2017-ci ildə ilboyu və 2018-ci ilin ilk yarısında müşahidə edildiyini qeyd edir.

Yazıda deyilir ki, hökumət öncə Azərbaycandan xarici şirkətlərin qaçmasını dayandırmalı, üstəlik yeni şirkətlərin prosesə cəlb olunmasına şərait yaratmalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG