Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:58

Uşağa və evə baxmağın dəyəri – ilə 10 trilyon dollar


Foto illüstrasiya
Foto illüstrasiya

Qadınlar illərdir əziyyət çəkib qazandıqları hüquqlarından məhrum olmaq təhlükəsiylə üz-üzədirlər. Bu isə yoxsulluqla mübarizəyə əngəl yaradır. Bu xəbərdarlıqla «Oxfam» beynəlxalq konfederasiyası çıxış edib. Təşkilat Beynəlxalq Qadınlar günü ərəfəsində «Qadınlardan ötrü işləyən iqtisadiyyat» adlı hesabat yayıb.

QADIN HAQLARININ BƏRABƏRLİYİ

Hesabat müəlliflərinin fikrincə, qadınların bərabər hüquqlardan məhrum olması bütün dünyada kasıblığın qarşısını almaq yolunda ən böyük əngələ çevrilə bilər. «Qadının iqtisadi imkanlarının artması isə kasıblığın azalması deməkdir», – hesabatda belə deyilir.

Sənəddə kasıblıqdan qurtarmaq üçün qadınların çalışmasının, həmçinin gördüyü işə görə kişilərlə bərabər ödənişlə təmin edilməsinin çox vacib olduğu bildirilir. Amma gender bərabərsizliyinin davam etdiyi, hətta durumun 2008-ci il həddinə qayıtdığı vurğulanır.

«Həlledici dönəmdə yaşayırıq. Kasıblığın öhdəsindən gəlməkdən ötrü öncə qadınlara və qızlara ayrıseçkiliklə mübarizə aparmalıyıq. Biz indi qadınların bərabər gələcək uğrunda nailiyyətlərini bayram etməliyik, ancaq bugünkü təhlükələr, ümumiyyətlə, belə bir inkişafın olmadığını göstərir». Bunu «Oxfam»ın Gender Bərabərliyi və Qadın Haqları üzrə direktoru Nikki Van Der Gaaq deyib. O bu gün cinsindən asılı olmayaraq, hər kəsin bu işə cəlb edilməli, qadınların haqlarının bərabərliyi uğrunda mübarizəyə qoşulmalı olduğunu söyləyib.

Qadınlar kişilərdən çox işləyir.
Qadınlar kişilərdən çox işləyir.

MAAŞSIZ İŞLƏR

Hesabat müəllifləri hələ də milyonlarla qadının kişilərdən az əməkhaqqı aldığını, üstəlik, dünyanın çox yerində, hətta əmək bölgüsü nisbətən ədalətli olan ölkələrdə daha çox işlədiyini vurğulayırlar.

Qadınların ikiqat zəhmət çəkməsinə səbəb həm də maaşsız işlərlə məşğul olmaları – uşaqlarının və evinin qayğısına qalmaqlarıdır. Təxmini hesablamalara görə, bu işlərin dəyəri bütün dünya üzrə ildə 10 trilyon dollardır. Bu isə, məsələn, Hindistanın, Yaponiya və Braziliyanın ÜDM-dan çoxdur.

Digər bir tədqiqat inkişaf etməkdə olan ölkələrdə iqtisadi bərabərsizliyin qadınlara ildə 9 milyard dollara başa gəldiyini göstərib. «Bu vəsait ayrılsaydı, qadınların mənfəəti, ailələrin gəlirləri artar, iqtisadiyyat çox böyük sürətlə inkişaf edərdi», – deyə mütəxəssislər iqtisadi inkişafı yenə də bərabər gələcəkdə gördüklərini bildirirlər.

QADINLARIN MƏSULİYYƏTİ ARTIR

Sənəd müəllifləri təhsilə, sosial müdafiəyə, səhiyyəyə yetərincə vəsait ayrılmayan ölkələrdə qadınların məsuliyyətinin qat-qat artdığını qeyd edirlər.

Hesabatda, ümumiyyətlə, qadın haqları təşkilatlarına ayrılan vəsaitlərin azaldığı da vurğulanır, donorların son 5 ildə bu vəsaitləri 2 dəfədən çox aşağı saldığı deyilir.

Mütəxəssislər, özəlliklə, ABŞ-ın ailə planlamasına yardımını məhdudlaşdıran qaydaların kasıb ölkələrin qadınlarına çox böyük zərbə vuracağını bildirirlər.

«Oxfam» beynəlxalq konfederasiyası bütün dünyanı qadın haqlarının müdafiəsinə, qadınların da təhlükəsiz, layiqli işlə, ədalətli əməkhaqqıyla təmin olunması, beləliklə də, yoxsulluğun aradan qaldırılması uğrunda mübarizəyə çağırır.

XS
SM
MD
LG