Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

'Qaçqınkom'la bağlı 99 illik icarə qalmaqalı


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

İsmayıllı bələdiyyəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini öhdəliyini yerinə yetirməməkdə ittiham edir. Tərəflər öz aralarında razılığa gələ bilmədiklərinə görə onların arasındakı mübahisə məhkəmə müstəvisinə çıxıb. Səbəb isə İsmayıllıda icarəyə götürülmüş torpaqların pulunun ödənilməməsidir.

İsmayıllı bələdiyyəsi öz mülkiyyətində olan 9 hektardan çox torpaq sahəsini 2011-ci ilin yanvarında Qaçqınların və Məcburi Koçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 99 illik icarəyə verib. İllik icarə haqqı isə 8 min 250 manat razılaşdırılıb. İcarə müqaviləsini İsmayıllı bələdiyyəsi adından ovaxtkı bələdiyyə sədri Vüsal Məcidov, qarşı tərəfdən isə Komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyev imzalayıb.

Həmin ərazidə məcburi köçkünlərin müvəqqəti yaşamaları üçün yaşayış məntəqəsi salınıb. Komitə əvvəllər icarə haqqını ödəsə də, son 6 ildə öhdəliyi yerinə yetirməyib. İsmayıllı bələdiyyəsi iddia edir ki, Komitənin 57 min 750 manat icarə borcu var, amma ödəmir. Ona görə də bu məbləğin ödənilməsi tələbi ilə Şəki Kommersiya Məhkəməsində iddia qaldırıb.

"Müqavilə etibarsız hesab edilməlidir"

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə bununla razılaşmır. Komitə nəinki pulu ödəmək istəmir, hətta 99 illik icarə müqaviləsinin etibarsız sayılmasını tələb edir. Məhkəmədə də bu barədə qarşılıqlı iddia qaldırıb.

"İcarə müqaviləsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə bağlanmalı, Komitənin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiqlənməliydi. Lakin onu bağlamağa səlahiyyəti olmayan (Komitənin nəzdində) Mənzil İstismar Departamenti ilə bağlanıb, bu qurumun direktoru tərəfindən təsdiqlənib. Bu səbəbdən də həmin müqavilə etibarsız hesab edilməlidir", - Komitənin nümayəndəsi məhkəmədə belə deyib.

İsmayıllı bələdiyyəsinin təmsilçisi Pərviz Ağayev isə deyilənlərlə razılaşmayıb. Bildirib ki, Komitənin nəzdində Mənzil İstismar Departamenti Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli qərarı əsasında yaradılıb: "Departament öz fəaliyyətində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə tabedir. Nizamnaməsini də 2004-cü ilin yanvarında Komitənin sədri təsdiqləyib".

Bələdiyyənin bu arqumentinə baxmayaraq, Şəki Kommersiya Məhkəməsinin hakimi Rüfət Məcidov mayın 21-də çıxardığı qərarla qarşı tərəfi haqlı sayıb. Komitənin gətirdiyi əsasla bələdiyyənin 57 min 750 manatlıq borc tələbini təmin etməyib.

Amma müqavilənin ümumiyyətlə, etibarsız sayılması haqda Komitənin məhkəmədə qaldırdığı qarşılıqlı iddia ərizəsi də baxılmamış saxlanılıb. Səbəb isə budur ki, həmin məhkəmə iddiasını səlahiyyəti şəxs imzalamayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG