Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Oktyabr, şənbə, Bakı vaxtı 10:36

Qaçan dustaq: 'Bu camaata görə peşmanam...'


Məhbus. Foto arxiv

«Günahım var, qaçmışam. Bu camaata görə peşmanam. Tək mən tutulsaydım, bəlkə də peşman olmazdım. Amma burada oturan adamlara görə çox peşmanam...», – bunu deyən 2017-ci ilin oktyabrında qatardan qaçan iki dustaqdan biri Əli Ağamidir. O, dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində son sözünü deyib.

Hələ qatardan qaçdığı vaxt Ə.Ağami Şirvanda törədilmiş qətl hadisəsində təqsirləndirilirdi. O zaman qatarla Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aparılıb-gətirilirdi.

Ə.Ağami məhkəmədə deyib ki, onun qaçmasının özündən başqa bu qədər çox adamın azadlığını itirməsinə gətirib çıxaracağını təsəvvür etməyib. Qaçandan sonra evlərinə gedib, ittiham olunduğu qətldə günahının olmaması barədə videomüraciət hazırlayıb, ardınca da təslim olub. Yaxınları polisə zəng edib, gəlib onu aparıblar.

«Bilirəm ki, səs-küylü işdir»

Dustaqlar qaçandan sonra onları Biləcəri dəmiryol stansiyasının yaxınlığından öz maşını ilə götürüb aparan İsrafil Soltanov son sözündə deyib ki, hadisənin mahiyyətini məhkəmədə bilib. Bununla belə, yenə də özünü qismən təqsirli sayır. Özünün ikinci qrup əlil, himayəsində isə iki azyaşlı övladının olduğunu deyən İ.Soltanov haqqında hökm çıxarılanda bunların nəzərə alınmasını xahiş edir: «Bilirəm, bu, çox səs-küylü işdir. Xahiş edirəm, səs-küyü yox, ədaləti əsas götürüb hökm çıxarasınız. Az da olsa, özümü günahkar bilirəm...».

«Qoca»nın uzaq qohumu olan təqsirləndirilən Tərlan Zeynalov deyir ki, onun qaçmasında heç bir rolu olmayıb, Heç gözləmədiyi halda, Etibar Məmmədov gəlib və ondan pul istəyib: «Mən adam qaçırmamışam. Etibar qaçıb mənim yanıma gəlib. Onu sonuncu dəfə 2015-ci ildə qardaşımın toyunda görmüşəm. Ondan sonra heç bir əlaqəm olmayıb. Gəlib pul istəyib, mən də vermişəm».

T.Zeynalov deyir ki, qohumunun həbsdə olduğunu bilsə də, heç niyə tutulduğunu bilmirdi. Özünü də ancaq cinayəti bilib, hüquq-mühafizə orqanlarına xəbər verməməkdə təqsirli sayır.

E.Məmmədov qaçandan təxminən 10 gün sonra onun tutulması üçün keçirilən əməliyyat vaxtı maşında yanında olmuş Anar Əsgərov da güllələnmişdi. Hazırda isə təqsirləndirilən şəxslər sırasında olan A.Əsgərov məhkəmədə son söz deməkdən imtina edib: «Mənim sözüm yoxdur...».

O, ifadəsində özünü təqsirli bilmədiyini söyləmişdi. Bildirmişdi ki, «Qoca» ilə ortaq tanışları ona birlikdə rayona getməyi təklif edib. O da razılaşıb. Yolda məlum olub ki, E.Məmmədov da onlarla birlikdə gedəcək.

Bu işə görə həbs olunan şəxslərdən Penitensiar Xidmətin konvoy taborunun rəisi olmuş polkovnik Bəhruz Abdullayevin son sözü qalıb. O da dekabrın 24-də çıxış edəcək.

Xatırlatma

Bu cinayət işi üzrə 13 nəfər həbs olunub. Onların arasında polkovnik B.Abdullayevdən başqa, qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri və müğənni Fədayə Laçın da var.

B.Abdullayevə CM-in 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə), digər təqsirləndirilənlərə isə 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib.

İş üzrə daha bir nəfər axtarışdadır.

Prokuror təqsirləndirilən 13 nəfərə ümumilikdə 110 il həbs cəzası verilməsini istəyib.

Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Ə.AğamiE.Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar.

29 yaşlı Ə.Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanılıb. E.Məmmədovsa 10 gün sonra əməliyyat nəticəsində öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG