Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:07

Qəzalı evdə xəstə uşaqlar...


Altı baş ailə burada yaşayır
Altı baş ailə burada yaşayır

Üç il bundan əvvəl özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Astara rayon şöbəsinin qarşısında yandırmaq istəyən Kijəbə qəsəbə sakini Natiq Xurşudov hələ də iqtisadi vəziyyətindən şikayətçidir. Dağ ətəyində yerləşən 24 kvadratmetrlik yaşayış evi qəzalı vəziyyətdədir. Evin divarları gildəndir, ovulur. Torpağın üstünə palaz sərərək, orada yaşayırlar...

Biz 3 il bundan əvvəl bu evə baş çəkəndə eyni mənzərə ilə qarşılaşmışdıq. Bu müddət ərzində çox şey dəyişməyib.

N.Xurşudovun deməsinə görə, vəziyyəti bir az da pisləşib: «Mənim dörd azyaşlı qızım var. Böyüyün 12, kiçiyinin isə 8 yaşı var. Hamısı məktəblidir. Dərslərini bu otaqda hazırlayırlar. Külək əsəndə hamımız eşiyə çıxırıq. Divarlar silkələnir. Bu evi 90-cı illərdə özümüz gildən tikmişik. Fikirləşirdik ki, hələlik, burda yaşayarıq. İşləyərəm, yeni ev inşa edərəm. Amma illər keçir, nə iş var, nə də vəziyyət düzəlir. Batırıq, müəllim. Ölkəmiz neft, qaz ölkəsidir...».

Yuxusunda mavi qaz görüb

Otağın küncündə odun sobası yanır. O deyir ki, evində qaz yandığını bir dəfə yuxuda görüb: «Elə sevindim ki... Buraya qaz çəkmək üçün 600-700 manat pul lazımdır. İçməli suyumuz da yoxdur. Bir kilometr uzaqda yerləşən ata evindən su gətiririk. Evimiz dağda yerləşir. Quyu qazmaq üçün çoxlu pul lazımdır».

Yerdə əyləşən qızların bəziləri solğundur. Arabir öskürürlər. N.Xurşudov deyir ki, qızlarının iksi xəstədir: «Pul haradandır? Qızların xəstəliyi ilə bağlı hökumətə müraciət etmişdim. Cavab gəldi ki, Bakıya gəl...».

O deyir ki, iş tapmır. Lazımi yerlərə müraciət edib. Özünüməşğulluq proqramına qoşulmaq istəyib:

Odun sobası
Odun sobası

«Yaxına buraxmadılar. Dedilər, mal tövləsi lazımdır, səndə yoxdur. Arı ailəsi də versəydilər, razı olardım. Astarada şəhər təsərrüfatına baxan idarə var. Orda işləməyimi təklif etdilər. Orda da əmək haqqı 125 manat idi. Hər gün gərək 10 kilometr yolu gəlim və qayıdım. Yol, yemək pulunu hesabladım, gördüm ki, bir manat da qalmır».

«Ailə 120 manatla dolanır»

Həyat yoldaşı Bəsti Xurşudova söhbətə qoşulur: «Evdə təkcə mən işləyirəm. Yaxınlıqda olan məktəbdə xadiməyəm, 120 manat pul alıram. Qazancımız budur. Altı baş ailə 120 manatla dolanır. Çörəyə çatmır. Ərim üçün iş tapılsaydı, birtəhər dolanardıq. 3-4 il bundan əvvəl ünvanlı dövlət sosial yardımı verirdilər. Onu da kəsdilər. Onda ərim buna etiraz olaraq özünü yandırdı. Onun sağalmasına da xeyli xərc çıxdı. Az qalmışdı ölə. Uşaqları yedizdirə bilmirik, günaha batırıq. Arada üç gün ac qaldıq...».

N.Xurşudovun sözlərinə görə, əvvəllər meşədən odun gətirib yandırıb, indi icazə vermirlər: «Həyətdə olan ağacları kəsirik. Sovet dövründə ailələrdə 8-10 uşaq olardı. Hamısı da sağlam böyüyərdi. Uşaq pulu verərdilər. İndi yoxdur. Həyətyanı sahə var, ancaq su yoxdur. Ona görə heç nə becərmək olmur. Su olsaydı, tərəvəz əkərdim, idarələrə ayaq döyməzdim».

Həyətə düşürük. Evi göstərib deyir ki, yarağan tərəfə əyilib. Evin bünövrəsini əlləri ilə ovur: «Altı çürüyüb. Evi heç nə saxlamır. Bir gün bu ev çökə bilər. Aşağıda yarağandır. Allah qorusun hamımız oraya düşməyək».

Ev dağılır
Ev dağılır

«Yardımla bağlı müraciət edib»

Kijəbə qəsəbə icra nümayəndəsi Şahin Əmənullayev isə N.Xurşudovun söylədiklərindən xəbərsiz olduğunu deyir: «Yardımla bağlı müraciət edib. Yola sərmək üçün çınqıl istəyib vermişik. Ancaq evin qəzalı vəziyyətdə olması ilə bağlı müraciəti olmayıb. Atasının yanında yaşayırdı, təzəliklə köçüb. Ola bilməz ki, evi qəzalı vəziyyətdə olsun. Evlərinə baş çəkərik. Şübhəsiz ki, bu bizi narahat edir».

Xatırlatma

N.Xurşudov özünü 2016-ci il martın 16-da yandırmağa cəhd göstərmişdi. Bu barədə xəbər o vaxt AzadlıqRadiosunun saytında yayıldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi də açıqlama göndərmişdi. Nazirliyin açıqlamasında vurğulanırdı ki, N.Xurşudov özünə xəsarəti sosial müavinət ala bilməməsinə görə yetirməyib.

Nazirliyin bildirməsinə görə, N.Xurşudovun ailəsi ünvanlı sosial yardım ilə təmin olunur. Qurumdan 3 il əvvəl verilən açıqlamada o da qeyd edilirdi ki, N.Xurşudov qardaşı Fəxrəddin Xurşudovun ailəsinə də ünvanlı sosial yardım verilməsindən ötrü müraciət edib. Bu müraciətinə isə müsbət cavab ala bilməyib: ​«Ailənin aylıq kredit öhdəliyinin orta aylıq gəlirinin 50 faizindən çox olması ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtinaya səbəb olan hallardan biri kimi təsbit edilir. Fəxrəddin Xurşudovun ailəsinin də belə kredit öhdəliyi olduğundan, həmin ailəyə ünvanlı sosial yardımının təyin olunmasından imtina edilib».

Bununla belə, açıqlamada vurğulanırdı ki, 2016-cı il fevralın 5-də təsdiq edilmiş yeni qaydalarda artıq kredit öhdəliyinin olması ailəyə ünvanlı dövlət sosial yardımının verilməsindən imtinaya səbəb olan hal kimi göstərilməyib. Nazirlikdən vurğulayırdılar ki, təkrar müraciət olarsa, onların məsələsinə yenidən baxıla bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG