Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:22

'Qızıl qlobus'u təqdim edən qurumda nə baş verir


Kinorejissor Pol Verhoven "Qızıl qlobus" mükafatlandırma mərasimində. 2017
Kinorejissor Pol Verhoven "Qızıl qlobus" mükafatlandırma mərasimində. 2017

Hər il "Qızıl qlobus" mükafatlarını təqdim edən Hollivud Xarici Mətbuat Assosiasiyasının (HFPA) etnik və irqi tərkibi, davranışı geniş müzakirə, tənqid mövzusudur. Bu tənqidlər "Qızıl qlobus" mükafatının mövcudluğunu belə təhlükə altına ala bilər. HFPA-in idarə heyəti qurumun üzvlərinə məktubla müraciət edərək onları yeni islahatları dəstəkləməyə çağırıb.

"The Hollywood Reporter" yazır ki, idarə heyəti son 60 günü "qurumda struktur dəyişiklikləri" layihəsini hazırlamaqla keçirdiyini bildirib. O, həmçinin daha ciddi addımlar atacağını vəd edib. Məktubda daha sonra təklif olunan islahatların üzvlər tərəfindən qəbul və vaxtlı-vaxtında icra edilməyəcəyi halda, idarə heyətinin istefa verəcəyi deyilir.

Xüsusi dəvət

Fevralın 21-də "The Los Angeles Times" qəzetində çıxan məqalədə HFPA-in üzvləri arasında bir nəfər də olsun qaradərili jurnalistin olmadığına diqqət çəkilirdi. Bu məqalədən sonra qurum sərt tənqid olunmağa başladı. "Time's Up" hərəkatı və 100-dən artıq PR şirkəti onu mayın 6-dək islahat planı təqdim etməzsə, boykotla hədələdi.

HFPA-in illik "Qızıl qlobus" mükafatlarının təqdimatında birgə çalışdığı yayım partnyorları "NBCUniversal" və "Dick Clark Productions" artıq həftənin əvvəli açıqlama verərək qurumun islahat təklifini bəyəndiklərini bildiriblər.

HFPA hazırda Cənubi Kaliforniyada çalışan 86 jurnalistdən ibarətdir. Onlar xaricdə çıxan qəzet və jurnalları təmsil edirlər. Onların hamısının adı Kino Assosiasiyasının (MPA) jurnalist siyahısındadır. Hər yeni jurnalistin bu quruma üzv ola bilməsi üçün azı bir mövcud üzvdən xüsusi dəvət gəlməlidir.

Təkliflər

İdarə heyətinin islahat təklifində 2021-ci ildə azı 20 yeni üzv qəbul etmək, bu zaman qaradərili üzvlərin cəlbinə xüsusi diqqət yetirmək planı da var. Bundan başqa, yaxın 18 ay ərzində üzv sayının 50%-dək artırılacağı bildirilir. Bu məqsədə çatmaq üçün idarə heyəti bütün üzvləri Cənubi Kaliforniyada yaşama tələbinin ləğvini dəstəkləməyə çağırıb. Təklif olunur ki, bundan sonra ABŞ-da yaşayan və xarici nəşrlərdə çalışan bütün bacarıqlı jurnalistlərin quruma üzv ola bilməsinə imkan yaradılsın.

İdarə heyəti, bundan başqa, üzvlüyün yalnız çap mediası ilə məhdudlaşmasına son qoymaq niyyətindədir. Üzvlərin yalnız dəvətlə cəlbi qaydasının ləğvi də təkliflər arasındadır.

Təkliflər planında il ərzində quruma qəbul edilə biləcək üzvlərin sayına qoyulmuş məhdudiyyətin aradan götürülməsi də var. Ərazilər üzrə üzv saylarına qoyulmuş məhdudiyyət də qaldırıla bilər. HFPA bu məsələ ilə bağlı xüsusilə sərt tənqid olunur. Bu yaxınlarda qrupa üzvlük müraciəti rədd edilmiş bir jurnalistin açdırdığı məhkəmə işinin mövzusu da qurumun bu siyasəti idi. Həmin məhkəmə iddiası təmin edilməmişdi.

Yeni davranış kodeksi

İdarə heyətinin təklifləri qəbul olunarsa, üzvlük tələbləri və akkreditasiya meyarlarına yenidən baxılacaq. Bütün mövcud üzvlərin yenidən akkreditasiyası zamanı onların yeni gələn üzvlərlə eyni standartlara cavab verməsinə xüsusi diqqət yetiriləcək. Bütün üzvlərin yeni davranış kodeksinə əməl etməsi də vacib şərt olacaq.

İdarə heyəti bildirir ki, yeni davranış kodeksi üzvlərin bundan sonra daha reklam üçün nəzərdə tutulmuş əşyaları qəbul etməsinin qarşısını alacaq. Maraqlıdır ki, HFPA uzun zamandır ki, rüşvət almaqda suçlanırdı. Onlar verdikləri səslərin əvəzində bahalı hədiyyələr və səyahət paketləri alırdılar.

İdarə heyəti, bundan başqa, bildirir ki, quruma peşəkar idarəçilər cəlb etməlidir. Bura baş icraçı direktor, müxtəliflik, bərabərlik və inklüzivlik üzrə baş direktor, insan ehtiyatları üzrə baş direktor və baş maliyyə direktoru da daxildir. Müxtəliflik, bərabərlik və inklüzivlik üzrə baş direktorun bu il sentyabrın 1-dək təyin ediləcəyi gözlənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG