ABŞ dövlət katibi Mike Pompeo deyib ki, Pxenyan özünün nüvə proqramından imtina edərsə, Birləşmiş Ştatlar Şimali Koreya iqtisadiyyatına kömək edə bilər.
Mayın 11-də Vaşinqtonda özünün Cənubi koreyalı həmkarı Kang Kyung-wha ilə birgə keçirdiyi mətbuat konfransında Pompeo deyib ki, Şimali Koreya lideri Kim Jong Un-la “yaxşı” və “səmərəli” söhbət edib.
Pompeo deyib: “Əgər Şimali Koreya nüvəsizləşmək üçün cəld və cəsarətli addım atarsa, Birləşmiş Ştatlar Şimali Koreyanın da Cənubi Koreya kimi firavan olmasına kömək edə bilər”.
Lakin dövlət katibi bunu da əlavə edib ki, Pxenyanın tam nüvəzsizləşdirilməsi “təfərrüatlı təftiş” tələb edərdi.
Kang bildirib ki, Şimali Koreya üzərindəki sanksiyalar iyunun 12-də Trump və Kimin görüşünədək qaldırılmayacaq.
Cənubi Koreya xarici işlər naziri bir daha vurğulayıb ki, sanksiyaların qaldırılması üçün Pxenyan “nüvəsizləşmə yolunda mənalı addımlar atmalıdır”.