Putini Kremldən qovmaq istəyən yakutiyalı şaman Aleksandr Gabyshev-ə qarşı ekstremist fəaliyyətə açıq çağırış ittihamı irəli sürülüb.
Cinayət işinin qaldırılmasına dair qətnamənin surətini dərc etmiş “Açıq Rusiya” insan haqları təşkilatı bildirir ki, cinayət işinin açılmasına Gabyshev-in Putin barədə söylədikləri səbəb olub.
Ekspertizanın gəldiyi rəyə görə şamanın prezident barədə dedikləri zorakı hərəkətlərə çağırış kimi qiymətləndirilə bilər.
İstintaqın versiyasına görə şaman bu sözləri bunun üçün müəyyənləşdirilməmiş ictimai yerdə, bir qrup adama xitabən deyib.
AzadlıqRadiosunun Rus xidməti yazır ki, Gabyshev-ə qarşı irəli sürülmüş maddə dörd ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Xəbər verilir ki, şaman hazırda Yakutiyadadır və bölgədən çıxmamaq barədə yazılı iltizam verib.
Hüquq-mühafizə orqanları bu cinayət işi barədə şərh vermir.
Hüquq müdafiəçiləri deyirlər ki, şamanı könüllü müalicəyə razılıq verməsi üçün dilə tutublar.
Həmin vaxt onun yanında rəsmi orqanın verdiyi vəkil olub. Hazırda Gabyshev-i Açıq Rusiya cəmiyyətinin vəkili müdafiə edir.
Vəkil bildirir ki, Gabyshev-i yalan yolu ilə psixiatrik dispanserdə müalicəyə razılıq verməyə məcbur ediblər.
Sosial mediada yayılmış videomüraciətində Gabyshev hakimiyyət orqanlarının ona qarşı hərəkətini qanuni adlandırır və özünə münasibətdən razı olduğunu deyir.
Şaman bu videoda naməlum şəxslə söhbət edir. Həmin şəxs şamanı öz tərəfdarlarını sakitləşdirməyə çağırır.
Açıq Rusiyanın vəkili Boris Andreyev iddia edib ki, bu videomüraciət dispanserdə Federal Təhlükəsizlik Xidmətinin iki zabitinin iştirakilə çəkilib.
Sentyabrın 20-də jurnalistlərin suallarına cavab verən Dmitry Peskov deyib ki, şamanın saxlanmasının Kremllə heç bir əlaqəsi yoxdur.
***
Yakut şaman doğma Yakutiya regionunda psixiatrik klinikaya salınıb.
Regionun Səhiyyə Nazirliyi sentyabrın 20-də bildirib ki, ekspertlər Aleksandr Gabyshev-in zehni durumunu dəyərləndirib və “pasiyentə peşəkar tibbi yardım göstəriləcək”.
Amnesty International insan haqları təşkilatı isə Gabyshev-in saxlanmasını “bugünkü Rusiyada insan haqlarını qəddar şəkildə bir daha boğulması” adlandırıb.
“Rusiya hakimiyyəti Aleksandr Gabyshev-in taleyi, harada olması haqda açıqlama verməli, onu dərhal qeyd-şərtsiz azadlığa buraxmalıdır. O, vicdan məhbusudur, sadəcə ifadə və toplaşma azadlığı hüquqlarından istifadə etdiyinə görə azadlıqdan məhrum edilib”, – Amnesty-nin bəyanatında deyilir.
***
Şamanın tərəfdarları Moskvaya gedir
Rusiyada saxlanmış yakut şamanın tərəfdarları Moskvaya yürüşü davam etdirirlər. Aleksandr Gabyshev-in tərəfdarlarından biri Viktor Yegorov sentyabrın 20-də AzadlıqRadiosu-na (RFE/RL) deyib ki, şamanın bir neçə tərəfdarı ona qoşularaq Moskvaya piyada yola düşüblər. Onlar Gabyshev-in missiyasını həyata keçirmək istəyirlər.
Qrup hazırda Sibirin İrkutsk regionundadır. Bu region Gabyshev-in maskalı polis qüvvələri tərəfindən saxlandığı Buryatiya ilə həmsərhəddir.
Şamanın tərəfdarları onun saxlanmasına verilən rəsmi izahla razılaşmırlar, deyirlər ki, o, bir neçə ay idi Sibirdə piyada gedirdi və əgər həqiqətən də Yakutiyada axtarışda idisə, polis onu əvvəl də saxlaya bilərdi.
Yakutiyanın hökumət rəsmilərinin AzadlıqRadiosu-na deməsinə görə, Gabyshev sentyabrın 20-də Buryatiyadan təyyarə ilə regiona qaytarılıb.
***
Putini Kremldən qovmaq istəyən şamanı saxlayıblar
“Putini Kremldən qovmaq” üçün aylardır Rusiya boyunca piyada hərəkət edən yakut şaman Rusiyanın Buryatiya regionunda saxlanıb.
Buryatiyanın Daxili İşlər Nazirliyi sentyabrın 19-da bildirib ki, Aleksandr Gabyshev gecə saatlarında Baykal gölü yaxınlığından keçən magistral yolda saxlanıb.
Nazirlik şamanın nədə şübhəli bilindiyini izah etmədən "Gabyshev-in Yakutiyada cinayət axtarışına verildiliyini” bildirib.
Bu da qeyd olunur ki, onu tezliklə doğma yurdu olan Yakutiyaya etaplayacaqlar.
"Qara qüvvələrin məxluqu"
Gabyshev-in tərəfdarları AzadlıqRadiosuna bildiriblər ki, bir neçə maşında gələn adamlar şaman və tərəfdarlarının Buryatiyadakı Vıdrino şəhərinin yaxınlığında qurduqları düşərgəyə gələrək onu və furqonunu aparıblar.
Şamanın tərəfdarlarının dediyinə görə onu aparan uniformalı adamların hansı idarədən olduqları bilinmirdi. Onlar özlərini təqdim etməyiblər və şamanın saxlanması üçün heç bir sənəd göstərməyiblər.
Gabyshev Moskvaya doğru yürüşünə dörd ay əvvəl başlayıb. O demişdi ki, Moskvaya ayaqla iki ilə çatmağı planlaşdırır.
Şaman bunu bildirirdi ki, Rusiya prezidentini “qara qüvvələrin məxluqu” sayır və onun öhdəsindən yalnız şaman gələ bilər.
O artıq 2 min kilometr məsafə qət etmişdi və yol boyunca yüzlərlə sürücü və başqaları ilə söhbətləşən şaman populyarlıq qazanmışdı.
Onun söhbətlərini əks etdirən videolar sosial mediada paylaşılır və bunlara indiyədək milyonlarla baxış olub.
Rus nağılı
Amnesty International insan haqları təşkilatının Rusiya direktoru Natalia Zviagina şamanın saxlanması ilə bağlı bəyanat verib:
“Şamanın hərəkətlərini qəribə saymaq olar, amma Rusiya hakimiyyətinin buna reaksiyası daha absurd görünür. Onlar doğrudanmı sehirli qüvvələrdən qorxurlar? Aleksandr Gabyshev-ə hər bir kəsə olduğu kimi öz siyasi baxışlarını ifadə etmək və öz dininə sitayiş etmək imkanı verilməlidir”.
Bəyanatda daha sonra deyilir:
“Rus nağıllarında olanlar bügünün Rusiyasında insan haqlarının sıxışdırlması şəklində ehtiva edir. Aleksandr Gabyshev özünün uzun yürüşünə başlamaqla heç bir cinayət əməli törətməyib və onun saxlanması qanunsuzdur, habelə oğurlanma kimi də qiymətləndirilə bilər”.
Gabyshev sentyabrın əvvəllərində Sibirdəki Buryatiya regionuna çatmışdı. Tengeri təşkilatından olan yerli şamanlar onu dayandırmağa çalışmış və Moskvaya yürüşünü davam etdirərsə, onu şaman hesab etməyəcəklərini bildirmişdilər.
Gabyshev Buryatiyanın paytaxtı Ulan-Udeyə daxil olmasa da, yürüşünü davam etdirmişdi. Amma həmin vaxt polis şamanın Ulan-Udedəki bəzi tərəfardlarını saxlamışdı.
Sentyabrın 9-da Ulan-Udedə saxlananların azad edilməsi tələbi ilə üç gün davam edən mitinqlər keçirilmişdi. Mintinqçilər həm də yerli seçkilərin nəticələrinə etiraz edirdilər.
"Allah mənə deyib ki..."
İyul ayında Çita şəhərinə çatan Gabyshev orada 700-dək etirazçının iştirakilə “Putinsiz Rusiya” şüarlı mitinq keçirmişdi.
Şaman demişdi:
“Allah mənə deyib ki, Putin insan yox, cindir və mən onu qovmalıyam”.
Gabyshev bunu da bildirmişdi ki, hələlik aksiyasını dinc üsullarla keçirəcək, lakin bunun köməyi olmasa, başqa vasitələrə də əl atacaq.
Putinin sözçüsü Dmitry Peskov sentyabrın 19-da deyib ki, Kremlin Gabyshev-in saxlanmasından xəbəri yoxdur:
"Kreml bütün Rusiya Federasiyası vətəndaşları barədə cinayət araşdırmalarını izləyə bilməz. Bu heç Kremlin vəzifəsi də deyil”.
Şamanlar Sibirdə əslərcə ilahi qüvvəyə malik insanlar kimi məşhur olublar. Sovet vaxtlarında bütün başqa dinlər kimi şamanizm də sıxışdırılırdı. Lakin hazırda Sibirin bir çox ucqar yerlərində bu inanc getdikcə populyarlığını bərpa edir.