Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:31

Putini əhatə edən ‘təsadüfi’ adamlar


Putin MAKS 2019 şousunda
Putin MAKS 2019 şousunda

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Vladimir Putin avqustun 27-də Moskva ətrafındakı MAKS aviasalonunda olarkən dondurma alıb.

Lakin Rusiya mediasının diqqətini belə bir məqam çəkib ki, o iki il əvvəl keçirilən aviasiya şousu zamanı da dondurmanı elə bu qadından almışdı.

Bu ilk olaraq Mediazona saytının diqqətini cəlb edib.

MAKS aviasiya-kosmik şousu Moskva yaxınlığında hər iki ildən bir keçirilir.

2017-ci ildə burada keçirilən foruma Putin də baş çəkmiş, nazirlərin, köməkçilərinin, mühafizəsinin və jurnalistlərin arasında olarkən dondurma almışdı.

Budəfəki aviasiya şousunda Putinin yol yoldaşı Türkiyə prezidenti Recep Tayyip Erdoğan idi.

2017-ci ildə “Komsomolskaya pravda” qəzetinin saytında dərc olunmuş videodan və avqustun 27-də TVS kanalının göstərdiyi süjetdən görünür ki, dondurma piştaxtasının arxasındakı qadın eynidir.

O dəfə olduğu kimi, bu dəfə də dondurma satan qadın yerli məhsulların böyük çeşidini tərifləyir.

Bundan əvvəl də Rusiya mediası diqqət vermişdi ki, Rusiya prezidentinin baş çəkdiyi müxtəlif tədbirlərdə kadrlarda eyni adamlar görünür. Hərçənd onlar hər dəfə başqa rol oynayırlar.

Beləki 2017-ci ilin yanvarında Putin Novqorod monastrına baş çəkəndə onun yanında dayanmış dindarları bir neçə ay əvvəl çəkilmiş fotolarda da görmüşdülər.

Bu fotolar Putin İlmen gölündə balıq tutanda çəkilmişdi. Onun yanında duran başqa balıqçılar və monastrdakı dindarlar eyni adamlar idi.

Blogerlər yazırdılar ki, hər iki halda prezidenti xüsusi adamlar əhatə edib. Bu da qeyd olunurdu ki, bu “personajlar” böyük bir ehtimalla federal təhlükəsizlik xidmətlərinin agentləridir. Onların məxsusi olaraq seçilmiş “aktyorlar” olduğunu yazanlar da vardı.

Lakin Rusiya hökumətinin nəzarətində olan kütləvi informasiya vasitələri israr edirdilər ki, monastrdakı dindarlar da, Putinin yanındakı balıqçılar da xalisdirlər və burada təəccüblü heç nə yoxdur.

İqtidaryönlü media bildirirdi ki, sadəcə olaraq prezident onunla bir neçə ay əvvəl balıq tutanları monastrdakı Milad tədbirinə dəvət edib. Hərçənd Kreml bu barədə heç bir açıqlama verməmişdi.

MAKS-2019 aviasalonunun rəsmi saytında bildirilirdi ki, aviasiya şousu günlərində Jukovski şəhərinin mərkəzində yalnız xüsusi buraxılışı olan avtomobillər görünə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG