Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Kreml Putini ömürlük hakimiyyətdə saxlamaq planını götür-qoy edir?


President Vladimir Putin (solda) və Dövlət Dumasının spikeri Vyacheslav Volodin
President Vladimir Putin (solda) və Dövlət Dumasının spikeri Vyacheslav Volodin

Rusiya Dövlət Dumasının sədri Vyacheslav Volodin parlamentə daha geniş səlahiyyətlər verilməsi məqsədilə ölkə Konstitusiyasının dəyişdirilməsini bir daha təklif edib.

Bundan əvvəl Bloomberg saytı xəbər vermişdi ki, Kremldə Putinin prezidentlik müddəti bitdikdən sonra dövlət üzərində nəzarətin saxlanması məqsədilə qanunverici hakimiyyətə daha böyük səlahiyyətlərin verilməsi məsələsi müzakirə olunur.

Volodinin ideyalarını əks etdirən məqalə iyulun 17-də “Parlamentskaya gazeta”da dərc olunub.

Bu məqalədə siyasətçi, bir daha Dövlət Dumasının hökumətin təşkilində iştirakını təklif edib.

O artıq ötən apreldə belə bir ideya ilə çıxış etmişdi. O vaxt Volodin giley-güzar edirdi ki, deputatların nazirlər kabinetinin tərtibinə təsir göstərmək üçün real səlahiyyətləri yoxdur.

Volodin bundan əvvəl də Konstitusiyaya dəyişikliklərin zəruri olduğunu bildirib.

O ötən ilin dekabrında demişdi ki, ana qanunun müddəalarının “öz mahiyyətini itirib-itirmədiyini” aşkara çıxarmaq üçün yoxlama aparmaq lazımdır.

Həmin vaxt o konkret təkliflər verməmişdi.

İyul ayında Bloomberg xəbər verirdi ki, Kremldə Dövlət Dumasının səlahiyyətlərinin genişləndirilməsi məsələsi nəzərdən keçirilir və bu, 2024-cü ildə prezidentlik müddəti qurtarandan sonra da Vladimir Putinin hakimiyyətini saxlamaq məqsədilə edilir.

Bloomberg-ə məlum olmuş plana görə Putin 2024-cü ildə yenidən baş nazir postunu tutacaq, prezidentin səlahiyyətləri kəskin məhdudlaşdırılacaq və Dövlət Dumasında qeyri-partiya siyahıları üzrə deputatların sayı artırılacaq.

AzadlıqRadiosu yazır ki, Bloomberg bu plan üzrə baş nazirin Dövlət Duması tərəfindən təyin edilib-edilməyəcəyi barədə heç nə demir.

Lakin The Bell nəşri yazır ki, sözü gedən plandan belə bir məntiq alınır.

Vyacheslav Volodin Dövlət Dumasına 2016-cı il seçkisindən bəri başçılıq edir.

O vaxt bəzi şərhçilər bildirirdilər ki, onun bu vəzifəyə təyinatı əslində daha aşağı ranqa salınmasıdır. O bundan əvvəl prezident administrasiyası başçısının daxili siyasət üzrə müavini idi.

Hazırkı qanun Vladimir Putinin dalbadal üç və ümumilikdə beş dəfə prezident seçilməsini qadağan edir.

Ekspertlər hesab edirlər ki, məhz buna görə də Kremldə Putini qanunu pozmadan 2024-cü ildən sonra da hakimiyyətdə saxlamaq üçün müxtəlif planlar işlənir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG