Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Putin nə vəd edirdi, nə oldu


V.Putin
V.Putin

Vladimir Putin yenidən prezidentliyə namizədliyini elan edib. Əgər seçilərsə, bu, formal olaraq onun ikinci, aradakı fasiləni nəzərə almasaq, dördüncü, altıillik prezidentlik müddəti olacaq. Onun budəfəki seçkilərdəki proqramının necə olacağı hələlik bəlli deyil.

Ancaq hər seçkidən öncə Putin və komandası ölkənin çatmalı olduğu yeni məqsədlər ifadə edib, cəmiyyətə vədlər verib. Putin ilk vədlərini 18 il öncə verib. CurrentTime.TV bu vədləri bir-bir yada salıb.

Portuqaliyaya çatmaq

1999-cu il, dekabrın lap sonlarında, Boris Yeltsinin «mən yorulmuşam, gedirəm» deməsindən iki gün öncə «Nezavisimaya qazeta» baş nazir Vladimir Putinin proqramını dərc etmişdi. Burada tezliklə prezident səlahiyyətlərini icra edəcək şəxsin ölkənin gələcəyinə dair baxışı əks olunmuşdu.

«Vəziyyət həqiqətən mürəkkəbdir. Ancaq Rusiyanı böyük dövlət kimi dəfn etmək, yumşaq desək, çox tezdir», – deyə Putin həmvətənlərinə ürək-dirək verirdi.

Bu məqalədə Putin Rusiyanın «əgər bacarsa», adambaşına ÜDM-ə görə Portuqaliyaya çatacağını yazmışdı. O yazırdı ki, Rusiyanın ÜDM-sində hər il, ən azı, 8% artım olarsa, təxminən 15 il ərzində o, dünya iqtisadiyyatının lideri sayılmayan müasir Portuqaliya və İspaniya səviyyəsində ÜDM-ə nail ola bilər. Bundan başqa qeyd edilirdi ki, ÜDM artımı eyni müddətdə 10% səviyyəsində saxlanılarsa, Rusiya Böyük Britaniya və Fransa səviyyəsində adambaşına ÜDM artımı nümayiş etdirə bilər.

İspaniya, Portuqaliya və Rusiyada adambaşına ÜDM (2000-2016). Mənbə: Dünya Bankı.
İspaniya, Portuqaliya və Rusiyada adambaşına ÜDM (2000-2016). Mənbə: Dünya Bankı.

15 ilə Fransaya çatmaq üçün yetəcək ÜDM artım tempi yalnız bir dəfə, 2000-ci ildə qeydə alınıb. Dünya Bankının məlumatında belə deyilir. 8%-dən yuxarı artımsa iki dəfə, 2007 və 2008-ci illərdə baş verib.

Dünya Bankı və İqtisadi Əməkdaşlıq Təşkilatının məlumatına görə, 2013-cü ildə Rusiya adambaşına ÜDM-ə görə həqiqətən də Avropanın ən yoxsul ölkəsi olan Portuqaliyaya çox yaxınlaşıb. Ancaq elə növbəti il Krımın ilhaqı və neft qiymətlərinin düşməsindən sonra Rusiya iqtisadiyyatı geriləməyə başlayıb. Ancaq həm də qeyd etməliyik ki, bu müddət ərzində Portuqaliyanın göstəriciləri cəmi 3.8%, Rusiyanınkı isə 71% artıb.

10 ilə ÜDM-i iki dəfə artırmaq

2004-cü il prezident seçkisindən öncə, 2003-cü ilin mayında Putin Federasiya Şurasının qarşısında çıxış edərək, 10 ilə Rusiyanın öz ÜDM-sini iki dəfə artırmalı olduğunu deyib.

2004-cü ildə, seçkilərdə qalib gələndən sonra Putin bu vəzifəni daha da çətinləşdirib: eyni artıma 10 yox, 4 ilə nail olacağını bildirib.

Bu vədin üstündən 11 il keçmiş, 2015-ci ildə Putinin sözçüsü Dmitri Peskov bu vəzifənin «faktiki» yerinə yetirildiyini deyib. Keçmiş maliyyə naziri Aleksey Kudrinsə onun bu qənaətini təsdiqləyib. O, 2000-2014-cü illər ərzində, 10 yox, 15 ilə ÜDM-in 94% artımına nail olunduğunu deyib. Ancaq onların heç biri hesabı niyə 2000-ci ildən başladıqlarını deməyiblər.

2000-2016-cı illərdə Rusiyanın real ÜDM-si (mlrd. rubl). Mənbə: Rosstat
2000-2016-cı illərdə Rusiyanın real ÜDM-si (mlrd. rubl). Mənbə: Rosstat

FBK auditor-konsaltinq şirkətinin təhlilçiləri hələ 2011-ci ildə ÜDM-in iki dəfə artırılması vəzifəsinin 59.2% yerinə yetirildiyini bildirirdilər.

Rusiya Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatına əsaslansaq, bu müddətdə Rusiyanın ÜDM-sinin iki dəfə artdığını iddia etmək mümkün deyil.

Putinin bu vədinin reallığa ən yaxın olduğu 2014-cü ildə Rusiya iqtisadiyyatı 2000-ci illə müqayisədə 78%, 2003-cü illə müqayisədə isə 50% artım göstərib.

Prioritet milli layihələr

2005-ci ilin sentyabrında Putin öz hökumətinin qarşısına dörd prioritet milli inkişaf layihəsi çıxarıb: təhsil, səhiyyə, kənd təsərrüfatının inkişafı və əlçatan evlərin tikintisi.

O, poliklinikaların yeni avadanlıqla təchiz edilməsini, həkimlərin, müəllimlərin və elmi işçilərin maaşlarının artırılmasını, Rusiya məktəblərinin yarısının internetə qoşulmasını, ucuz ipoteka proqramının işlənib hazırlanmasını və aqrar sənaye kompleksinə kreditlərin ayrılmasını tələb edirdi.

Bu milli layihələrə büdcədən iri vəsait xərclənib. 2007-ci ilin əvvəlində baş nazir Dmitri Medvedev «Kommersant»da dərc edilmiş hesabat məqaləsində bu proqramların sayəsində «Rusiyanın başqa ölkə» olduğunu, poliklinikaların yarıdan çoxunun modernləşdirildiyini, ipotekanın iki-dörd dəfə ucuzlaşdığını və s. iddia edirdi.

Putinlə Medvedev yerlərini dəyişdikdən sonra milli layihələr artıq «dövlət layihələri» adlandırılmağa başladı və media daha onlardan yazmadı.

Putinlə Medvedevin yerlərini ikinci dəfə dəyişməsindən sonra, 2012-ci ildə o zaman Rusiya prezidentinin köməkçisi olan Arkadi Dvorkoviç slon.ru-da yazısında bu layihələri «Medvedevin sona çatdırmalı olduğu 12 iş»in siyahısına daxil etmiş, başqa sözlə, onların yarımçıq qaldığını bildirmişdi. Bu bəyanatdan sonra o, nəinki vəzifəsindən kənarlaşdırılmamış, hətta baş nazir Medvedevin müavini təyin edilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG