Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodymyr Zelenskiy Parisdə təşkil edilmiş görüşlərindən iki həftə əvvəl telefonda danışıblar.
Kremldən və Kiyevdən alınan məlumatlarda deyilir ki, noyabrın 25-də yer almış söhbət zamanı prezidentlər Ukrayna-Rusiya-Avropa İttifaqının üçtərəfli danışıqlarını müzakirə ediblər.
Bu danışıqlarda söhbət Rusiya qazının Ukraynadan tranzitinin davam etdirilməsindən gedirdi.
Moskva və Kiyev arasındakı qaz tranziti barədə müqavilənin vaxtı yanvarın 1-də başa çatır.
Avropa İttifaqı Rusiya və Ukrayna arasında mövcud olan müqavilənin təzələnməsinə çalışır.
Ukrayna və Rusiya arasında qaz tranzitinə görə 2006 və 2009-cu illərdə qalxmış mübahisələr qışın ortasında Avropa ölkələrinə qazın verilişini dayandırmışdı.
Zelenskiy-nin ofisi bildirib ki, Ukrayna prezidenti Putinlə söhbət zamanı ondan bu yaxınlarda Rusiyanın azad etdiyi Ukrayna gəmilərindən çıxarıldığı iddia edilən silah və avadanlığın qaytarılmasını tələb edib.
Ukrayna tərəfi iddia edir ki, Rusiya gəmilərin içindəki mühüm avadanlıqları söküb çıxarıb.
Ən maraqlısı isə budur ki, telefon danışığı zamanı dekabrın 9-da Parisdə keçirilməsi planlaşdırılan dördtərəfli danışıqlardan söhbət açılmayıb.
Bu danışıqlarda Ukrayna və Rusiyadan başqa Almaniya və Fransa da iştirak etməlidirlər.
Ukrayna və Rusiya arasında Donbasda atəşkəsə dair bir neçə razılaşma əldə olunsa da, ona əməl edilməyib.
Xəbər verilir ki, noyabrın 25-də Donetskdəki cəbhəyanı Maryinka şəhərində 3 yaşlı nəvəsi ilə gəzən bir qadın odlu silahdan yaralanıb.
Ukrayna və Avropa İttifaqı arasında ötən iyulda keçirilmiş danışıqlardan sonra Brüssel Moskvanın Kiyevə qarşı hərəkətlərini “təcavüz” kimi tanıyıb.
Rusiya Donbas münaqişəsində iştirak etmədiyini bildirir.