Rusiya prezidenti Vladimir Putin deyib ki, hazırda ABŞ prezidenti Donald Trump-la görüşməyi planlaşdırmır, amma onun gələn ilin 9 mayında Qələbə günü Moskvaya gələcəyinə ümid edir.
Birləşmiş Ştatların nasizm üzərində qələbəyə “əhəmiyyətli töhfə verdiyini” deyən Putin, noyabrın 14-də müxbirlərə bildirib ki, Trump-ın Müttəfiqlərin 1945-ci ildə nasist Almaniyası üzərində qələbəsinin Moskvada keçirilən ildönümünə gəlməsi “düzgün və yaxşı addım” olardı:
"Bu barədə qərarı biz qəbul etmirik. Əgər ABŞ prezidenti gəlsə, əlbəttə ki, biz Moskvada onunla görüşəcəyik”.
Putin bu sözləri Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın üzv olduğu BRICS təşkilatının sammiti zamanı deyib.
Putinin bu dəvəti ABŞ Konqresində prezident Donald Trump-a qarşı impiçment araşdırmasının keçirildiyi vaxta təsadüf edir.
Ötən həftə Trump Putinin Qələbə paradına dəvətini götür-qoy etdiyini demişdi.
Amma o əlavə etmişdi ki, bu tədbir ABŞ-da “siyasi mövsümün düz ortasına” düşür və buna görə də Moskvaya gedə biləcəyindən əmin deyil.